Alimlər diabet riskini azaldan yeni pəhriz hazırlayıblar  
24.05.2026 12:20

İspaniyalı alimlər müəyyən ediblər ki, Aralıq dənizi pəhrizi kalorinin orta dərəcədə azaldılması, fiziki aktivlik və çəki azalmasına yönəlmiş mütəxəssis dəstəyi ilə birlikdə tətbiq olunduqda ikinci tip diabetdən daha effektiv qoruyur. Bu yanaşma xəstəliyin inkişaf riskini 31 faiz azaldıb.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub.

 

Araşdırma Avropanın qidalanma sahəsində ən iri layihəsi olan “PREDIMED-Plus” proqramı çərçivəsində aparılıb. Layihədə İspaniyanın 23 universiteti, xəstəxanası və elmi mərkəzindən 200-dən çox alim iştirak edib. Tədqiqata artıq çəkidən və ya piylənmədən əziyyət çəkən, metabolik sindromu olan, lakin diabet və ürək-damar xəstəlikləri olmayan 55-75 yaş aralığında olan 4746 nəfər cəlb edilib. Müşahidələr altı il davam edib.

 

İştirakçılar iki qrupa bölünüb. Birinci qrup gündəlik kalori qəbulunu təxminən 600 kilokalori azaltmaqla Aralıq dənizi pəhrizinə əməl edib, orta intensivlikli fiziki fəaliyyətlə, yəni gəzinti, güc və tarazlıq məşqləri ilə məşğul olub, həmçinin mütəxəssislərdən məsləhətlər alıb. İkinci qrup isə kaloriyə məhdudiyyət qoyulmadan və fiziki aktivliklə bağlı tövsiyələr verilmədən adi Aralıq dənizi pəhrizinə riayət edib.

 

Müşahidə dövründə birinci qrupda ikinci tip diabetin yaranma riski 31 faiz daha aşağı olub. Bundan əlavə, həmin iştirakçılar çəki və bel çevrəsini daha effektiv şəkildə azaldıblar. Onlar orta hesabla 3,3 kiloqram çəki itirib, bel çevrəsini isə 3,6 santimetr azaldıblar. Nəzarət qrupunda bu göstəricilər müvafiq olaraq 0,6 kiloqram və 0,3 santimetr təşkil edib.

 

Tədqiqatçıların hesablamalarına görə, proqram hər 100 iştirakçıdan təxminən üçündə diabetin qarşısını almağa imkan verib. Hazırda dünyada 530 milyondan çox insanın diabetdən əziyyət çəkdiyini nəzərə alsaq, bu nəticə ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

 

“Biz ilk dəfə olaraq Aralıq dənizi pəhrizinin kalorinin azaldılması, fiziki aktivlik və çəki itkisi ilə birlikdə tətbiqinin diabetin profilaktikasında effektiv vasitə olduğunu təsdiqləyən inandırıcı klinik nəticələr əldə etmişik”, - deyə layihə rəhbərlərindən biri, professor Migel Anxel Martinez-Qonsales bildirib.

 

Müəlliflər vurğulayırlar ki, bu yanaşma sərt məhdudiyyətlər tələb etmir. Belə ki, gündəlik qidalanmada istifadə olunan məhsullara, çəkinin tədricən azaldılmasına və orta səviyyəli fiziki aktivliyə əsaslandığından ilkin tibbi yardım sistemində də tətbiq oluna bilər.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub