
Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilib. Akademiyanın 3 mart 2025-ci il tarixli qərarına əsasən "Qızıl ulduz" medalı ilə təltif edilib. TDABEA-nın rəsmi tövsiyəsi ilə İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Mükafat Komitəsi tərəfindən professor Vaqif Qələndərə birinci dərəcəli "Hippokrat" ordeni təqdim olunub.
ABŞ-ın Florida Universitetində Rui Fernandesin müəllifi olduğu "Local and Regional Flaps in Head Neck Reconstruction" dərsliyində professor Vaqif Qələndərin "Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" adlı bərpa üsulu "Vaqif Qələndər metodikası" kimi yer alıb və tədris olunur. Bu istiqamətdə bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan Vaqif Qələndərin 6 yeni cərrahiyyə metodu, həmçinin 78 elmi əsəri xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib. Bu günlərdə Vaqif Qələndərlə görüşdük, bu barədə ətraflı məlumat aldıq:
–Professor, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilməyiniz və "Qızıl ulduz" medalı ilə təltif olunmağınız prosesi necə baş verdi?
–Alimlərin nailiyyətlərinə həsr olunmuş toplantı keçirilirdi. Bu tədbirdə Türkiyədən nümayəndələr, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) və Tibb Universitetinin rəhbər heyəti də iştirak edirdi. Müzakirələr zamanı TDABEA-nın prezidenti "Qələndər texnikası"nın həm əməliyyat metodikası kimi tədris olunduğunu, həm də beynəlxalq dərsliyə salındığını bildirdi. Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyası, eləcə də Rəyasət Heyəti və Elmi Şuranın ümumi qərarı əsasında "Qızıl ulduz" medalı ilə təltif olundum. Həmçinin "Atatürk rozeti"ni hədiyyə verdilər.
Dünyanın müxtəlif yerlərində, xüsusilə də İsveçrədə Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq Mükafatlandırma Mərkəzində elmi işlərim dəyərləndirildi. Qurumun təqdim etdiyi tibb sahəsində ən yüksək təltiflərdən biri sayılan "Hippokrat" ordeninə layiq görülmək mənim üçün böyük şərəf oldu. Əgər bu metodikalar artıq dünyada tətbiq olunursa, bu milli elmimizin uğurudur. Bu, rekonstruktiv sinə və üst dodaq cərrahiyyəsində dünyada qəbul edilən və tədris olunan bir metodikadır. Bu sahədə əvvəllər dörd əməliyyat üsulu mövcud idi. Bu texnika beşinci üsul kimi elmi dairələrə təqdim edildi. Artıq 40 ilə yaxındır ki, süd vəzisi rekonstruksiyası üzrə aparılan tədqiqatlar bu metodika ilə həyata keçirilir və milyonlarla insana öz toxuması ilə başqa heç bir əlavə materialdan istifadə etmədən rekonstruksiya olunmaq imkanı yaradır. Üstəlik, əməliyyatdan sonra pasiyent bir-iki günə evə buraxılır. Məhz bu nailiyyətlər TDABEA tərəfindən də yüksək qiymətləndirildi və mən Akademiyanın həqiqi üzvü seçildim. Bu texnika təkcə Azərbaycanda deyil, ABŞ, Braziliya, Yaponiya, MDB və türk dünyası məkanında da tədris olunur.
–Ölkəmizdə tibb sahəsinin daha çox inteqrasiyası üçün daha hansı işlər görülə bilər?
–Hazırda ölkəmizdə çoxsaylı müasir klinikalar, diaqnostik mərkəzlər fəaliyyət göstərir. Bunu təkcə şəhərlərdə yox, ucqar rayonlarda da müşahidə etmək mümkündür. Xarici ölkələrin ucqar bölgələrində bizdə olduğu qədər diaqnostik mərkəzlər yoxdur. Respublikamızda dövlətin bilavasitə qayğısı ilə yaradılmış və müasir avadanlıqlarla təchiz olunmuş çoxlu klinikalar var. Tibb sahəsində uğur üçün iki əsas amil vacibdir: birincisi savadlı kadrlar, ikincisi isə müasir avadanlıqlar. Bu gün Azərbaycan həm kadr hazırlığı, həm də tibbi texnologiyalar baxımından yüksək səviyyədədir. Bəzən elə olur ki, texniki imkanlar, avadanlıqlar insan resurslarını belə ötür. Bu, dövlətin səhiyyəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. İndi tibb işçilərinin əsas vəzifəsi bu imkanlardan maksimum istifadə etmək və insanlara keyfiyyətli xidmət göstərməkdir. Bütün bu inkişaf nəticəsində artıq Azərbaycanda tibb üzrə elə bir sahə yoxdur ki, vətəndaşlar bunun üçün xaricə getmək məcburiyyətində qalsınlar. Mütəxəssislərimiz, alimlərimiz, cərrahlarımız var və onlar dünya səviyyəsində tibbi xidmət göstərirlər. Ən müasir MRT cihazları, ürək, rekonstruktiv cərrahiyyə əməliyyatları aparılır. Bütün bu inkişaf İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə daha da genişlənib. İnsanlar bu sistem vasitəsilə pulsuz müayinə və müalicə imkanından yararlanırlar. Bu isə səhiyyə sahəsində aparılan islahatların faydalı nəticəsidir.
Plastik və rekonstruktiv cərrahiyyə sahəsində ölkəmizdə üç beynəlxalq konfrans keçirilib. 2009 və 2014-cü illərdə Azərbaycanda baş tutan müxtəlif formatlı tədbirlərin təşkilatçıları arasında Azərbaycan Plastik Cərrahlar Cəmiyyəti, Tibb Universiteti və Səhiyyə Nazirliyi olub. Bu günlərdə Özbəkistanda yeni bir beynəlxalq toplantıda iştirak etdim. Qeyd edim ki, bir il əvvəl türkdilli ölkələrin plastik cərrahiyyə üzrə beynəlxalq platformasını yaratdıq. Bu da regionda tibb elminin inteqrasiyası və inkişafı baxımından önəmli addımdır. Azərbaycanda keçirilən ilk beynəlxalq plastik cərrahiyyə konfransı Səhiyyə Nazirliyi, Tibb Universiteti və Azərbaycan Plastik Cərrahlar Cəmiyyəti ilə birgə təşkil edilmişdi. Daha sonra Plastik Cərrahlar Konfederasiyası tərəfindən növbəti beynəlxalq konfranslar keçirildi. Bu tədbirlərin sırasında baş-boyun və üz-dodaq rekonstruktiv cərrahiyyəsi ilə bağlı beynəlxalq konqres də olmuşdur. Bu konfranslarda təqdim etdiyim metodikalar beynəlxalq səviyyədə nəşr olunub.
Araşdırmalarımın böyük hissəsi Azərbaycan Tibb Universitetində aparılıb. Bu metodikalar dünyanın nüfuzlu tibb jurnallarında - "SCOPUS", "Web of Science" bazalarında dərc olunub. Azərbaycan Tibb Universitetində ilk dəfə çap olunan plastik və rekonstruktiv cərrahiyyə dərsliyi məhz bizim kollektiv tərəfindən hazırlanıb. Bu dərslik Səhiyyə Nazirliyi, Tibb Universiteti və Təhsil Nazirliyinin rəsmi qrifti ilə təsdiqlənib və hazırda universitetdə tədris olunur. Eyni zamanda bu metodika əsasında ABŞ-da çap olunan beynəlxalq dərslik Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
–Sizin bu sahədəki texnikanıza tələbələr necə maraq göstərirlər? Müxtəlif ölkələrdən gələn rezidentlərin təcrübəsi ilə Azərbaycandan olan tələbələrin bilikləri arasında hansı fərqləri müşahidə edirsiniz?
–Başqa ölkələrdən gələn tələbələr araşdırma aparır, hansı sahəyə gələcəklərini bilirlər. Onlar bizim elmi işlərimizi, təcrübəmizi dünya səviyyəsində hansı nailiyyətlərimizin olduğunu araşdırıb qərar verirlər. Bu, yalnız Azərbaycandan deyil, qonşu və qardaş ölkələrdən, eləcə də digər ölkələrdən gələn rezidentlərin sayının artması ilə də sübut olunur. Bütün universitetlərin təməl tibbi bilikləri eyni əsaslara söykənir. Ancaq onların tədris metodları fərqlidir. Məsələn, Azərbaycan Tibb Universitetində anatomiya, fiziologiya, biokimya kimi təməl fənlər çox güclü şəkildə tədris olunur. Bizim anatomiya kafedramızın dünya miqyasında analoqu yoxdur. O qədər zəngin bir bazası var ki, illərlə qorunub saxlanılan və müxtəlif tədqiqatlar üçün istifadə edilən nümunələrlə zəngindir. Xarici alimlər də bu kafedranın muzeyini ziyarət edərək heyran qalırlar. Yəni təməl biliklər baxımından bizim tələbələr çox güclüdürlər. Artıq yeni nəsil innovativ cərrahlarımız, dünya səviyyəli həkimlərimiz yetişib. Bu da ölkəmizin tibb sahəsindəki inkişafını göstərir. Ürək-damar cərrahiyyəsi, baş-travmatologiya və digər sahələrdə həm sovet dövründə, həm də müstəqillikdən sonra yetişmiş həkimlərimiz var. Yeni nəsil həkimlərin formalaşması və ölkəyə qayıdıb fəaliyyət göstərmələri üçün münbit şərait yaradılıb. Hazırda bir çox yerli və xarici assistentim var. Qarşıdakı illərdə əsas hədəfim elmi-tədqiqatları davam etdirmək, gənc kadrlar yetişdirmək və plastik-rekonstruktiv cərrahiyyə ixtisasını beynəlxalq səviyyədə daha da tanıtmaqdır. Bu istiqamətdə hər il yeni araşdırmalar aparır və texnikaların təkmilləşdirilməsi üzərində işləyirəm.
Elm sonsuz bir zirvədir. Yağışdan sonra üfüqdə görünən göy qurşağına bənzəyir, daim ona doğru gedirsən, amma əlin çatmır. Lakin insan çalışdıqca yeniliklər yaradır, bu sahəyə öz imzasını qoyur. İnnovativ metodlar tətbiq etmək və Azərbaycanı beynəlxalq elmi mühitdə layiqincə təmsil etmək ən böyük məqsədlərimdəndir.
Müsahibəni apardı:
Nəzrin ELDARQIZI














