Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür  
17.04.2025 09:50

Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatlılığını artırmaqdır.

 

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.

 

Hemofiliyanın müalicəsi yoxdur, lakin xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların kifayət qədər olmaması, ilk növbədə, hemofiliyadan əziyyət çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.

 

Aparılan bəzi hesablamalara görə, hazırda dünyada hemofiliyalı xəstələrin sayı 400 mindən çoxdur. Son vaxtlara qədər çox nadir hallarda bu xəstəlikdən əziyyət çəkən uşaqlara yetkin yaşına qədər yaşamaq nəsib olurdu. Hazırda müalicə edilmədən yaşayan hemofiliya xəstələrinin orta ömrü təxminən 30 il təşkil edir, 12 yaşında isə əlil olaraq əsa və ya təkərli arabalarla hərəkət edirlər. Hazırda mütəxəssislərin ixtiyarında xəstələrin yaşayış keyfiyyətini yaxşılaşdırmağa və ömrü uzatmaq üçün innovativ müalicə üsulları var. Dərman müalicəsinin tətbiqi sayəsində həmin xəstələrin ömrü sağlam insanlarınkından fərqlənmir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Yardımlı rayonunda “Dərsimiz Sağlamlıq” adlı maarifləndirici görüş keçirilib   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
Təzyiq xəstələri üçün yeni ümid - 
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb