
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və TƏBİB-in birgə təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kamaləddin Qafarov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak edib.
Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının binası önündə yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilən tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü hər il ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradıldığını, köhnə tibb ocaqlarının təmir olunduğunu və onların müasir avadanlıqlarla təmin edildiyini xüsusi vurğulayıb. V. İsmayılov çıxışında qeyd edib ki, tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür və yeni imkanlar yaradılır. O, eyni zamanda TƏBİB-in fəaliyyətinə toxunub, həkimlərə işlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən səhiyyə siyasətinin əhəmiyyətli nəticələrindən danışıb. Ölkə səhiyyəsinin inkişafı istiqamətində TƏBİB tərəfindən davamlı və sistemli işlər görüldüyünü bildirən P.Əkbərov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara bu məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıb.
Son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verdiyini bildirən millət vəkili Kamaləddin Qafarov hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini qeyd edib. K.Qafarov səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçısı, cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusi vurğulayıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Bənövşə Hacıyeva dövlətimiz tərəfindən səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin verdiyi göstərişlər və qarşıda qoyduğu vəzifələrdən danışaraq əmin edib ki, rayonun çoxsaylı tibb işçiləri üzərilərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.
Tədbirin yekununda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə təşəkkürnamə və fəxri fərmanlar təqdim edilib.














