Seminarda revmatoid artritin diaqnostikasından danışılıb  
11.06.2024 09:07

ATU-nun III Daxili xəstəliklər kafedrası Rezidentura və Magistratura şöbəsi ilə birgə Tədris Terapevtik Klinikada rezidentlər, tələbələr və gənc həkimlər üçün növbəti seminar keçirib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Tədbirin moderatoru, Rezidentura və Magistratura şöbəsinin müdır müavini, assistent Namiq Xəlilov giriş nitqində vurğulayıb ki, revmatoid artrit (RA) ən çox rast gəlinən sistem autoimmun xəstəlik olub və oynaqlarda simmetrik artrit yaradan xroniki iltihabi xəstəlikdir. Əgər vaxtında müalicə edilməzsə, oynaqların zədələnərək formasını dəyişməsinə və əlilliyə belə gətirib çıxara bilər. Xəstəliyin yaranma səbəbi olaraq genetik meyillilik, siqaretçəkmə, keçirilmiş infeksion xəstəliklər göstərilir. Bu xəstəliyə ən çox qadınlarda rast gəlinir.

 

Sonra Revmatologiya ixtisası üzrə II kurs həkim-rezident Ədhəm Ağamaliyev "Revmatoid artritə bənzər halların differnsial diaqnostikası" mövzusunda çıxış edib. O bildirib ki, xəstəliyin erkən mərhələlərində bəzi klinik hallar istisna olunmalıdır. Onların arasında virus mənşəli artrit differensial diaqnostikada mühüm rol oynayır: “Etioloji faktoru nəzərə alsaq, virus artritlərin ən sıx səbəbi Parvovirus B19-dur. Virus artritin klinikasında RA bənzərlik çox olsa da, bəzi təzahürlər və anamnestik faktlar onları bir-birindən ayırmağa kömək edə bilər.

 

Müşahidə etdiyimiz 57 yaşlı ibtidai sinif müəlliməsi bizə əlinin xırda simmetrik oynaqlarında ağrı və şişkinlik ilə müraciət etmişdi. Anamnezindən məlum oldu ki, o özünü 5 gündür xəstə hesab edir və ilk simptomlar yüksək hərarət və bədənində səpkidir. Fiziki müayinədə metakarpofalangeal, proksimal interfalangeal və hər iki mil-bilək oynaqlarının ağrılı və şişkin olması müəyyən edildi. Temperatur norma daxilində idi və bədənində səpki izlənilmirdi. İlk baxışda klinika RA xatırlatsa da (simmetrik poliartrit), pasiyentin yaşı, peşəsi, xəstəliyin müddəti diaqnozu şübhə altına qoyur. Pasiyentdə 2 həftəlik QSİƏP müalicə fonunda müsbət effekt alındı. Klinik durumu yaxşılaşdı (oynaqlarda ağrı və şişkinlik qeyd olunmadı) və iltihabın kəskin faza göstəriciləri normallaşdı”.

 

Məruzə ətrafında fikir bildirən III Daxili xəstəliklər kafedrasının professoru Fərhad Talıbov bildirib ki, simmetrik poliartritdə RA üçün kifayət qədər bal toplanmasına baxmayaraq, başqa xəstəliklərlə differensial diaqnostika aparılmalıdır. Bununla da revmatoid artritə hiperdiaqnostika və əsassız təməl dərmanların verilməsinin qarşısı alınacaq. 

 

Seminarda ATU-nun Tədris Terapevtik Klinikasının direktor müavini Fəridə Hacıyeva, həmçinin adıçəkilən kafedranın əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır