Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
30.05.2024 10:09

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası davam edir.


Sessiya çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

 

Bu xəbər Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüş baş tutub. Həmçinin, Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Özbəkistanın səhiyyə naziri vəzifəsini icra edən Asilbek Xudayarov, Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Niderlandın səhiyyə xidmətləri üzrə naziri Pia Deykstranın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib. Eləcə də, Stop TB Tərəfdaşlığının (“Stop TB Partnership") icraçı direktoru Luçika Ditiu, Qlobal Fondun Qrant İdarəetmə Bölməsinin rəhbəri Mark Edinqton, “Royal Philips” şirkətinin Qlobal Hökumət və İctimai məsələlər üzrə vitse-prezidenti Jan-Villem Şeiqrondla ikitərəfli görüşlər olub.


Görüşlərdə ilk olaraq Azərbaycan nümayəndə heyətinə xalqımızın Müstəqillik Günü və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb. COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi bildirilib.


Ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin gələcəkdə də uğurla reallaşdırılacağına əminlik ifadə olunub.


Təşkilata üzv türkdilli ölkələrin nazirləri ilə keçirilən görüşlərdə xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilib. Səhiyyə sektorunun rəqəmsallaşdırılmasında Türkiyə təcrübəsinin dünyada qabaqcıl olduğu və bu təcrübədən faydalanmağın əhəmiyyəti bildirilib.

 

Daşkənddə türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası"nın və Dekada çərçivəsində ölkəmizi təmsil edən həkim mütəxəssislərin özbəkistanlı həmkarları ilə birgə 100-dən artıq cərrahiyyə əməliyyatlarının aparılmasının mahiyyəti qeyd edilib. Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq ifadə olunub. Azərbaycanın son illər ərzində səhiyyə sahəsində tətbiq etdiyi rəqəmsal həllər və elektronlaşdırma təcrübəsinin Qazaxıstan üçün böyük maraq kəsb etdiyi bildirilib. Bioloji təhlükəsizlik istiqamətində Azərbaycan-Qazaxıstan əməkdaşlıq perspektivləri də müzakirə olunub. Transplantologiya sahəsində əməkdaşlıq və ölkəmizin uğurlu təcrübəsinin Qırğızıstanda tətbiqi imkanları ətrafında faydalı müzakirələr aparılıb.


Kuba ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Yüksəkixtisaslı həkimləri və müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə sisteminin Avropada nümunəvi model olduğu bildirilib.

 

Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. Ölkəmiz tərəfindən yoluxucu xəstəliklər, o cümlədən vərəmlə mübarizə proqramlarının uğurla həyata keçirildiyi vurğulanıb.

 

Görüşlərdə yüksək texnoloji tibbi avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev