"Ötən ilin sonlarından etibarən meydana çıxan və sürətlə dünyaya yayılan COVID-19 pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb".
Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, indiyədək bu pandemiya ilə mübarizədə beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabət və özünütəcridə kökləniblər:
"Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər edib və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanılıb. İnamla demək olar ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürub və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verib. Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyevin təşəbbüsü ilə Hərəkata üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilib. 2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlayıb. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının “COVID-19”a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınıb".
E.Şahinoğlu hesab edir ki, dünyada BMT-ni çoxları effektiv təşkilat kimi qiymətləndirir:
"Düzdür, bütün dövlətlər burada təmsil olunurlar, amma bir çox məsələlərdə daimi üzvlər bəzən öz aralarında razılaşa bilmirlər. Məsələn, bir ölkə qətnamə irəli sürəndə o biri “veto” hüququndan istifadə edir: “Bəzən isə qərar qəbul olunanda belə icra edilmir. Məsələn, Azərbaycanın timsalında Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul olunub və 27 ildir yerinə yetirilməyib. Bu cür yanaşma ortaya qoyulan benəlxalq təşkilat digər məsələlərdə də effektiv qərarlar verə bilmir. COVID-19 ilə bağlı da vəziyyət eynidir. Əslində bu virus dünyaya böyük təhlükə yaradır, bu məsələ beynəlxalq səviyyədə çox ciddi müzakirə olunmalıdır və böyük dövlətlər birgə mübarizə haqqında plan hazırlamalı idilər. Lakin görürük ki, hər ölkə öz laboratoriyasında dərman istehsalı ilə məşğuldur. Halbuki beynəlxalq mərkəz yaradılsa, dünyanın aparıcı mütəxəssisləri toplansa, daha effektiv fəaliyyət göstərilə bilərdi. Azərbaycan bir neçə dəfə bu təşəbbüsləri irəli sürüb. Təsadüfi deyil ki, dövlət başçımız İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində də bu istiqamətdə müzakirələr aparıb. Bu əslində BMT-yə bir qığılcım verməli idi ki, BMT də bu məsələləri ciddi müzakirəsinə başlasın. Çünki bütün dövlətlər təhlükə altındadır. “COVID” virusu kasıb və varlı ölkə tanımır. Hazırda virusdan ən çox əziyyət çəkənlər dünyanın ən aparıcı ölkələridir. Azərbaycanın Qoşulmama Hərəkatına sərdlik etdiyi dönəmdə bu qurumu effektiv quruma çevirməyə çalışıb".

