ÜST-ün ekspertləri qripə qarşı peyvəndi təkidlə tövsiyə edirlər
05.11.2020 20:41

Şimal yarımkürəsinə qış mövsümünün yaxınlaşması və COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar ÜST-ün ekspertləri Silvi Briyan və En Moen sosial şəbəkə iştirakçılarının qripə qarşı peyvənd barədə suallarını cavablandırıb. Ekspertlərin gəldiyi əsas qənaət ondan ibarət olub ki, uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar mütləq qripə qarşı peyvənd olunmalıdırlar.

 

Aztibb.az BMT-nin xəbərlər xidmətinə istinadla bildirir ki, yaşadıqları yerlərdə peyvəndetmə imkanları olanlara da təkidlə eyni tövsiyələr verilib.

 

Qrip mövsümünün yenicə başa çatdığı Cənub yarımkürəsində bu təhlükəli xəstəliyə yoluxmanın göstəriciləri “tarixi aşağı səviyyə”yə enib. Bu, təbii ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərlə bağlıdır. Qeyd edək ki, maskalardan istifadə, fiziki məsafənin saxlanması və əllərin tez-tez yuyulması hər iki sözügedən patogendən qorunmağa kömək edir.

 

Şimal yarımkürəsində bundan sonra vəziyyətin necə inkişaf edəcəyini söyləmək çətindir. Ekspertlər bir çox ölkələrdə COVID-19-a yoluxanların xəstəxanalara axınının öhdəsindən gələ bilmədiklərini nəzərə alaraq xəstəxanaların daha da yüklənməməsinin qarşısını almağa çağırır. Onlar bu istiqamətdə ən yaxşı vasitə kimi koronavirusa qarşı tətbiq olunan məlum qoruyucu vasitələrdən istifadə etməyi və qrip əleyhinə peyvəndlərin vurulmasını vacib sayır.

 

Vaksinin məhz bu il tətbiq olunması nə ilə bağlıdır? Görünür, bu həm də onunla bağlıdır ki, qrip immun sistemini zəiflədir və insanın koronavirusa qarşı müqavimətini azaldır. Yeri gəlmişkən, bu iki infeksiyanın bir çox simptomları – ümumi halsızlıq, bədən ağrıları, qızdırma və s. üst-üstə düşə bilər. Dad və qoxu itkisi COVID-19-a xas olan əlamətlər sayılsa da, dəqiq diferensial diaqnozun qoyulması yalnız laboratoriya şəraitində mümkündür.

 

Ümumiyyətlə, bu və digər xəstəlik yüngül keçdiyi halda evdə də müalicə olunmaq olar. Ancaq vəziyyətin pisləşməsi, nəfəs darlığı və digər təhlükəli simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət olunmalıdır. Müalicə məsələsinə toxunan ekspertlər xatırladıblar ki, hazırda COVID-19-un ağır formalarının müalicəsində öz effektivliyini sübut edən yeganə preparat deksametazon sayılır. ÜST xalq təbabətinin əleyhinə deyil, ona görə ki, zəncəfil və toyuq bulyonundan hazırlanan supun effektivliyi elmi cəhətdən təsdiqlənməyib. “Amma xoşunuza gəlirsə və bunun sizə kömək etdiyini hiss edirsinizsə, siz onları yalnız həkimin təyin etdiyi dərmanlara əlavə olaraq qəbul edə bilərsiniz”, – deyə E.Moen vurğulayıb.

 

Sualları cavablandıran ekspertlər onu da qeyd ediblər ki, hətta insan COVID-19-a yoluxandan sonra da qripdən peyvənd olunmalıdır. Xeyr, bu, təhlükəli deyil və immun sisteminiz üçün əlavə yük olmayacaq. Bir məsələni də qeyd edək: ötən il edilən peyvənd builki ştammdan qorumur. Birincisi, o ötən ilkindən fərqli ola bilər. İkinci səbəb isə peyvəndin get-gedə öz təsirini itirməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır