Bəxtiyar Musayev: “Mərkəzi Gömrük Hospitalı fəaliyyət göstərdiyi 15 il ərzində vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərib”
24.01.2024 18:34

25 dekabr 2023-cü il tarixində tibb sahəsində bir çox yeniliklərə imza atmış, Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilmiş, vətəndaşlara yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən Mərkəzi Gömrük Hospitalının yaranmasının 15 ili tamam olub.

 

Bu münasibətlə Gömrük Hospitalının rəisi, baş həkim, tibb xidməti polkovnik-leytenantı, ümumi cərrah, t.e.d. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında son 15 il ərzində həyata keçirilmiş unikal əməliyyatlar, tibb sahəsində tətbiq olunan yeniliklər və fəaliyyəti barədə suallarımızı cavablandırıb.

 

-Bəxtiyar müəllim,  ilk növbədə, Mərkəzi Gömrük Hospitalının 15 il müddətində qazandığı uğurlar və fəaliyyəti barədə məlumat verərdiniz.

 

- Mərkəzi Gömrük Hospitalı 15 illik inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində öz layiqli yerini tapmışdır. Bu gün Hospitalın ölkənin aparıcı tibb müassisələrin arasında layiqlı yer tutması bizim məqsədimizə nail olmağımızın sübutudur. Keçən 15 il ərzində bizə vətəndaşlardan 1 067 048 müraciət olub. 4 554 101 sayda müxtəlif çeşidli tibbi xidmət göstərilib, 305 289 nəfər Hospitalımızda ambulator, 45 001 nəfər isə stasionar müalicə alıb və ümumilikdə 53 737 cərrahi əməliyyat icra olunub. Amma bu rəqəmlər yalnız statistik rəqəmlər deyil.

 

Bu rəqəmlər Mərkəzi Gömrük Hospitalında özünün, əzizinin, yaxınının şəfa tapması üçün inanan ürəklərin sayıdır. Bu rəqəmlər bizim hər bir pasiyentin gecə-gündüz yorulmadan şəfa tapması üçün çalışdığımız, bu gün bir çoxu ilə doğmalaşdığımız həyatların sayıdır. Hospitalın personalı hər zaman hər bir pasiyenti öz doğması bilir və onun yaşaması, sağlamlığına qovuşması üçün yorulmadan çalışır. Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının, onların ailə üzvlərinin,  təqaüddə olan gömrükçülərin və əhalinin sağlamlığının keşiyində gecə-gündüz yorulmadan dayanır.

 

- Son 5 ildə Mərkəzi Gömrük Hospitalında  hansı mürəkkəb əməliyyatlar icra olunub?

 

-Mərkəzi Gömrük Hospitalında son 5 ildə bir çox unikal və mürəkkəb əməliyyatlar uğurla icra olunaraq, ümidini itirmiş insanlara sevinc bəxş edilmişdir.  Son 5 ildə 208 qaraciyər nəqli əməliyyatı, 316 böyrək köçürülməsi və 6 xəstədə isə müştərək əməliyyat həyata keçirilmişdir. Bu əməliyyatlar içərisində eyni seansda aparılmış iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı artıq dünya tibbində da öz unikal yerini tutub. Həmçinin, tamamilə yeni müalicə növü olan endovaskulyar yəni bildiyimiz böyük cərrahi müdaxilə aparılmadan ürək klapanlarının dəyişdirilməsi, tibbi dildə desək, TAVİ əməliyyatları dünya standartlarına uyğun şəkildə icra edilir. Bizim invaziv kardioloqlar tərəfindən artıq 30-dan çox xəstə üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Həyata keçirilən əməliyyatlar sırasında həmçinin azyaşlı uşaqlar, yenidoğulmuşlar və yarımçıqdoğulmuşlarda anadangəlmə ürək qüsurları səbəbindən aparılan cərrahi əməliyyatları da qeyd etməsəm olmaz. Çünkü məhz Mərkəzi Gömrük Hospitalının peşəkar kardiocərrahları həyata yeni qədəm qoyan bu körpələrə ikinci bir nəfəs bəxş edir.

 

-Bildiyimiz kimi, Hospitalda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Bu məqsədlə dünyanın tanınmış səhiyyə mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulubmu?

 

-Mərkəzi Gömrük Hospitalı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin nüfuzlu tibb mərkəzləri, təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir. Bu qurumlardan biri də Türkiyənin Florence Nightingale Xəstəxənalar Qrupu ilə olan əməkdaşlığımızdır. 2019-cu ildə imzalanmış memoranduma əsasən Florence Nightingale Xəstəxənalar Qrupunun  görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumlar təşkil edirik, tibb heyətimiz Florence Nightingale Xəstəxənalar Qrupunda təcrübə mübadiləsində iştirak edir.

 

Eyni zamanda, Hospitalda pasiyentlər üzərində aparılmış müalicə və əməliyyatlar nəticəsində qazanılmış uğurların nəticələri nüfuzlu beynəlxalq bazalara daxil olan elmi jurnallarda məqalələr şəklində dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzələr şəklində təqdim olunur.

 

- Bəxtiyar həkim,  Mərkəzi Gömrük Hospitalı COVİD-19 pandemiyası zamanı və 44 günlük Vətən müharibəsi zamanı yaralanmış ən ağır xəstələrin müalicəsində fəal iştirak etmişdir. Mərkəzi Gömrük Hospitalının fəaliyyətini necə xatırlayırsınız?

 

-Tamamilə düz qeyd edirsiniz ki, Mərkəzi Gömrük Hospitalı olaraq son 5 ildə biz həm də ölkəmiz üçün taleyüklü məsələləri xalqımızla birlikdə yaşadıq. İlk növbədə mən Vətən mübaribəsini - 44 günlük zəfərimizi qeyd etmək istərdim. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bu zəfərdə bugün fəxrlə deyə bilərəm ki, Mərkəzi Gömrük Hospitalının da rolu var. Bizim əməkdaşlar arasında ön cəbhədə öz xidməti borcunu yerinə yetirən, Vətənin dar günündə düşmənlə üz-üzə döyüşən şəxslər də var. Həmçinin, bu dövrdə Hospitalımız Vətən müharibəsi döyüşlərində yaralanmış ən ağır xəstələri qəbul etməkdə idi.

 

Bildiyiniz kimi, 21 ay müddətində Mərkəzi Gömrük Hospitalı həm də COVİD -19 pandemiyası ilə də mübarizəyə qoşularaq pandemiya xəstəxanası kimi fəaliyyət göstərdi və bu dövrdə 2053 xəstə Hospitalımızda stasionar müalicə aldı, onlardan 316 nəfər reanimasiya və intensiv terapiya şöbəsində müalicə olundu. Məhz COVİD-19 xəstəsi üzərində ilk uğurlu EKMO istifadəsi bizim hospitalda həyata keçirilmişdir. Ümumiyyətlə isə bu dövrdə hospitalımızda 18 xəstə EKMO cihazına qoşulmuşdur. Mən xüsusilə vurğulamaq istəyirəm ki, Hospitalımızda müalicə olunan xəstələrin əksəriyyəti xüsusilə ağır, digər xəstəxanalardan son ümid yeri kimi bizə yerləşdirilən xəstələr idi. Əlbəttə, nə qədər acı olsa da bu ağır xəstəliyin ağırlaşmaları səbəbindən itkilərimiz oldu. Amma mən böyük fəxrlə deyə bilərəm ki, bizim əldə etdiyimiz nəticələr dünyanın bir çox aparıcı klinikalarının göstəricilərindən daha yaxşı oldu. Hospitalımızda müalicə olunan xəstələrin 90%-dən çoxu, dəqiq desəm 94,6 faizini sağaldaraq ailələrinə qaytara bildik.

 

-Bəxtiyar həkim, oxucularımıza Mərkəzi Gömrük Hospitalının gələcək perspektivləri barədə nə demək istərdiniz?

 

-Mərkəzi Gömrük Hospitalı personalı tərəfindən bir daha əmin etmək istəyirəm ki, həm göstərdiyimiz tibbi xidmətlərimizlə, həm sosial aksiyalarımızla, həm də davamlı təhsil tədbirlərimizlə daim xalqımızın sağlamlığının keşiyində layiqincə durması üçün əlimizdən gələni etməkdə davam edəcəyik.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb