Mərkəzi Gömrük Hospitalı fəaliyyət göstərdiyi 15 il ərzində vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərib - Bəxtiyar Musayevlə MÜSAHİBƏ
28.12.2021 20:49

Bu gün səhiyyə sistemində bir çox yeniliklərə imza atmış, qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilmiş, vətəndaşlara yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən Mərkəzi Gömrük Hospitalının yaranmasının 15 ili tamam olur.

 

Bu münasibətlə Gömrük Hospitalının rəisi, baş həkim, tibb xidməti polkovnik-leytenantı, ümumi cərrah, t.e.d. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında son 15 il ərzində görülmüş işlər, səhiyyə xidmətləri sahəsində tətbiq olunan yeniliklərə dair Aztibb.az-ın suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Bəxtiyar doktor, Mərkəzi Gömrük Hospitalı Gömrük Komitəsinin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işləri aparır. İstərdik əvvəlcə 15 il ərzində bu istiqamətdə görülmüş işlər barədə məlumat verəsiniz.

 

Mərkəzi Gömrük Hospitalı 15 illik inkişaf yolu keçərək bu gün Azərbaycan səhiyyə sistemində öz layiqli yerini tapmışdır. Hospital bu müddət ərzində daim öz fəaliyyətini təkmilləşdirmək istiqamətində çalışmış və bugünkü inkişaf səviyyəsinə gəlib çatmışdır. Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işləri aparır. Bu məqsədlə müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişlənir, yeni peşəkar kadrlar yetişdirilir.

 

Ən müasir standartlar səviyyəsində tikilmiş Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. 

 

Müasir maddi-texniki baza ilə təchiz olunmuş Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda Azərbaycanda ilk dəfə olaraq müasir xüsusi havalandırma sistemi tətbiq olunmuş, pnevmatik ötürücü sistem quraşdırılmışdır.

 

Gömrük Hospitalında quraşdırılmış labarator avadanlıqlar, o cümlədən ən son kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası cihazları, əməliyyatxanada istifadə olunan cihazlar və narkoz avadanlıqları dünya standartlarına tam cavab verir. Eyni zamanda, xəstəxanada tətbiq olunan müayinə və müalicə protokolları da beynəlxalq protokollara uyğundur, xəstələrin müalicəsi  bu protokollara əsasən həyata keçirilir.

 

Mərkəzi Gömrük Hospitalı fəaliyyətə başladığı gündən bugünədək 4,5 milyondan çox vətəndaşa tibbi xidmət göstərmişdir. Həmçinin 45 mindən çox vətəndaş burada stasionar müalicə almış və onların üzərində 53 minə yaxın əməliyyat icra olunmuşdur. 

 

Hospital gömrük xəstəxanası kimi fəaliyyət göstərdiyi üçün, ilk növbədə, gömrük əməkdaşlarına tibbi xidmət göstərir. Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması gömrük əməkdaşlarına, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyır. Bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq nümunəsidir.

 

Bundan başqa, təqaüddə olan gömrükçülərə tibbi yardım göstərmək Hospitalın əsas vəzifələrindən biridir. Bu istiqamətdə hərtərəfli tədbirlər icra olunur, Hospitalımız hər zaman gömrükçülərin sağlamlığının keşiyində dayanır. 15 illik dövr ərzində Mərkəzi Gömrük Hospitalında 1500-ə yaxın gömrükçü üzərində müxtəlif əməliyyatlar icra olunmuşdur.

 

- 2023-cü il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” kimi qeyd olunur. Mərkəzi Gömrük Hospitalının bu istiqamətdə fəaliyyətindən, “Heydər Əliyev İli”nə töhfələrindən də bəhs edərdiniz.

 

Dahi şəxsiyyət, böyük insan, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyi və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, ölkəmizin ictimai həyatının bütün sahələrində, eləcə də səhiyyə sahəsində genişmiqyaslı  islahatlar aparmış, bu sahənin inkişafına töhfələr vermişdir.

 

Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Bu işdə, ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılmışdır. 

 

Əminliklə deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda Ümummilli Liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

 

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 

Mərkəzi Gömrük Hospitalı da 2023-cü il ərzində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərə həsr olunmuş sissilə tədbirlər keçirmişdir. Bu tədbirlər sırasında Hospitalın təşkilatçılığı ilə keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir, eləcə də bu münasibətlə təşkil olunmuş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya yer almışdır. Bundan əlavə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov və rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev  Ümummili Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın  anadan olmasının 100 illiklərinə həsr edilmiş  “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

 

- Mərkəzi Gömrük Hospitalında pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə nə kimi tədbirlər həyata keçirilir?

 

Pasiyentlərin məmnunluğunun təmin olunması Mərkəzi Gömrük Hospitalının diqqət yetirdiyi ən vacib məsələlər sırasındadır.

 

Hospitalımız 15 ildir ki, ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. 

 

Hospitalda pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və onlayn xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma tətbiq edilir və xüsusi diqqət göstərilir.

 

Baş həkim olaraq, hər gün xəstəxanada stasionar müalicə alan xəstələrin vəziyyəti ilə maraqlanırıq. Pasiyentlərin göstərilən tibbi xidmət, müalicənin keyfiyyəti, məişət şəraiti, təqdim olunan qidanın keyfiyyəti ilə bağlı fikirləri hər zaman diqqətə alınır. Eyni zamanda, Hospitalda təqdim olunan tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün xəstəxanamıza istər ambulator, istərsə də stasionar müalicə üçün müraciət edən şəxslərdən anonim anketlərin doldurulması xahiş olunur. Bu anonim sorğular ciddi şəkildə yoxlanılır, anketlərdə təklif olunan şikayət və təkliflər nəzərdən keçirilir.

 

- Bildiyimiz kimi, Hospitalda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Bu məqsədlə dünyanın tanınmış səhiyyə mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulubmu?

 

Mərkəzi Gömrük Hospitalı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin nüfuzlu tibb mərkəzləri, təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir.

 

Bu qurumlardan biri də Türkiyə Cümhuriyyətinin tibbin əksər sahələrində öndə gedən qurumu olan Florence Nightingale Xəstəxənalar Qrupu ilə olan əməkdaşlığımızdır. 2019-cu ildən Florence Nightingale Xəstəxanalar Qrupu ilə davam edən əlaqələr çərçivəsində çoxsahəli əməkdaşlıq proqramı hazırlanıb. Həmin proqram üzrə partnyorlarımızın görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumların təşkil olunub.

 

Eyni zamanda, Hospitalda pasiyentlər üzərində aparılmış müalicə və əməliyyatlar nəticəsində qazanılmış uğurların nəticələri nüfuzlu beynəlxalq bazalara daxil olan elmi jurnallarda məqalələr şəklində dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzələr şəklində təqdim olunur. Həkimlərimizin müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslara ezam olunması istiqamətdə Dövlət Gömrük Komitəsinin dəstəyi xüsusi vurğulanmalıdır.

 

- Məlum olduğu kimi, Gömrük Hospitalı COVID-19 pandemiyası dövründə pandemiya xəstəxanası kimi fəaliyyət göstərərək, bu virusa yoluxmuş ən ağır xəstələrin müalicəsində əhəmiyyətli uğurlar qazanmışdır. Bu uğurların arxasında hansı çətinliklər dayanırdı?

 

Qeyd etdiyiniz kimi, Gömrük Hospitalı COVID-19 pandemiyası dövründə pandemiya xəstəxanası kimi fəaliyyət göstərmiş, Hospitalın 2 mindən çox COVID xəstəsinin sağalmasında böyük rolu olmuşdur. Bu xəstələrin böyük əksəriyyəti ölkənin digər tibb müəssisələrində müalicə alan, lakin səhhətlərində ciddi ağırlaşma müşahidə olunan pasiyentlər olmuşdur. Pandemiya dövründə ən ağır COVID-19 xəstələrinin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından uğurla istifadə olunmuşdur.

 

Hospitalın pandemiya dövründə əldə etdiyi nailiyyətlərə misal olaraq COVID-19-dan sağalan xəstələrin faizlə nisbətinin 94 faizdən çox olmasını göstərmək olar. Bu isə, Şimali Amerika və Avropanın aparıcı tibb müəssisələrində koronavirusla mübarizədə əldə edilən uğurlarlardan daha yüksək göstəricidir.

 

Bununla yanaşı, Mərkəzi Gömrük Hospitalı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı böyük Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsində yaralanmış əsgər və hərbçilərimizin müalicəsində də yaxından iştirak etmişdir. Belə ki, müharibə dövründə ən ağır yaralar almış əsgər və hərbçilər Mərkəzi Gömrük Hospitalında müalicə olunmuşdur.

 

Böyük bir qürur hissi ilə deyə bilərəm ki, bizim müalicə etdiyimiz yaralı əsgərlərimizin heç biri həyatını itirməmiş, müalicələri uğurla tamamlanmışdır.

 

- Məlumdur ki, Mərkəzi Gömrük Hospitalında Сərrahiyyə və orqan transplantasiyası şöbəsi fəaliyyət göstərir və ən mürəkkəb cərrahi əməliyyatlarından sayılan böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir. Şöbədə orqan transplantasiyası istiqamətində hansı yeniliklər tətbiq olunur?

 

Son 5 il ərzində canlı donordan orqan transplantasiyası əməliyyatları fəaliyyətimizin bir hissəsinə çevrilmişdir. Bu əməliyyatlar həftə ərzində bir neçə dəfə həyata keçirilir. Bu isə, tibb müəssisənin ən yüksək hazırlıq səviyyəsinin göstəricisidir.

 

İnnovativ tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxana, beynəlxalq keyfiyyət standartlarına uyğun tibbi xidmət, yüksək ixtisaslı, peşəkar cərrah-transplantoloqlar komandasının gərgin əməyi sayəsində Hospitalımızda orqan transplantalogiyası yüksək inkişaf mərhələsinə çatdırılmışdır.

 

Bu müddət ərzində 147 xəstə üzərində qaraciyər, 211 xəstə üzərində böyrək transplantasiyası əməliyyatları icra edilmişdir.

 

Xüsusi vurğulamaq istərdim ki, bu xəstələrdən 6-sına eyni zamanda müştərək əməliyyat icra olunmuşdur. Məsələn, azyaşlı pasiyentə eyni anda həm qaraciyər köçürülmüş, həm də ürək üzərində aorta koronar şuntlama əməliyyatı aparılmışdır. Bu hadisə dünyada ilk olduğu üçün dünya tibb tarixində də öz unikal yerini tapmış və protokollarda qeyd olunmuşdur. Bundan başqa, xəstələrə eyni anda həm qaraciyər, həm böyrək köçürülməsi əməliyyatları icra olunmuşdur.

 

Son 1 il ərzində isə böyük cərrahi kəsik aparılmadan ürək qapaqlarının dəyişdirilməsi – TAVİ əməliyyatını icra edirik. Hospitalımızda yeni doğulmuş və yarımçıq doğulmuş uşaqlar üzərində anadangəlmə ürək qüsurları ilə bağlı apardığımız əməliyyatların sayı da kifayət qədərdir. Bu əməliyyatlarda olduqca yüksək nəticələr əldə olunur.

 

- Son olaraq, Hospitalda təhsil alan rezidentləri gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər olaraq yetişdirmək üçün görülən işlərdən də danışmağınızı istərdik.

 

Qeyd etmək yerinə düşər ki, Mərkəzi Gömrük Hospitalında yüksək ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, Hospitalda Əməkdar həkimlər, tibb üzrə fəlsəfə və elmlər doktorları, Türkiyədə uzmanlıq təhsili almış həkimlər öz şərəfli peşə borcunu layiqincə yerinə yetirərək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. 

 

Son 5 il ərzində akademik kadr potensialımız tərəfindən Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, eləcə də 1 və 2 nömrəli Bakı Tibb kolleclərinin tələbələrinə təcrübi dərslər keçilir.  

 

Hospitalımız son illər, eyni zamanda həkim-rezidentlərin də təhsil aldığı əsas mərkəzlərdən birinə çevrilmişdir. Hazırda Mərkəzi Gömrük Hositalında 30-dan çox həkim-rezident fəaliyyət göstərir və yüksəkixtisaslı mütəxəssis kimi yetişirlər.

 

Bu səhiyyə ocağı tərəfindən rezidentlərin öz ixtisasları üzrə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən elmi cəmiyyətlərə üzv olması, konfrans, konqres və seminarlarda fəal iştirak etməsi, elmi-tədqiqat və ictimai işlərə cəlb edilməsinə dəstək verilir.

 

Bununla yanaşı, 2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Həmin vaxtdan etibarən Hospital bu Mərkəzlə sıx əlaqələr yaradaraq xəstəxana tarixində ilk dəfə olaraq həkim-rezidentlər üçün təlim proqramının təşkilinə başlayıb.

 

Həmçinin Hospital və Elmi Təcrübi və Tədris Mərkəzinin birgə təşkilatçılığı elmi potensialı artırmaq məqsədilə ilə hər il müxtəlif səpkili tədbirlər, seminar və simpoziumlar keçirilir. Bu tədbirlərdə Azərbaycan həkimləri ilə yanaşı, xarici ölkələrdən (İngiltərə, Almaniya, Türkiyə və s.) dəvət olunmuş həkimlər, tədqiqatçılar iştirak edirlər. Pandemiya dövründə belə bu tədbirlər dayandırılmamış, vebinar şəklində, onlayn platforma üzərindən həyata keçirilmişdir.

 

Qeyd etmək yerinə düşər ki, iki qurumun birgə əməkdaşlığının nəticəsi olaraq “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsait hazırlanmış və Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən Elmi Simpoziumda təqdim olunmuşdur.

 

Müsahibə üçün təşəkkür edirik!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib