Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: "Region ölkələrlə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi aşağıdır"
01.12.2023 11:00
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV-ə yoluxma ilə bağlı suallarımızı cavablandırıb.
 
Aztibb.az müsahibəni təqdim edir.
 

- Günəş xanım, ilk öncə İİV infeksiyasına yoluxma yolları barədə məlumat verərdiniz?

 

- İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sisteminin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə artıq immun sisteminin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar, o cümlədən vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.


İnfeksiyaya yoluxmanın 3 əsas yolu var. Birinci, cinsi yolla, yəni İİV-ə yoluxan insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində baş verir. Eyni zamanda, İİV-lə çirklənmiş tibbi ləvazimat, inyeksion narkotik istifadəçiləri arasında qeyri-steril şprislərin, gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində parenteral yoluxma baş verə bilər. Həmçinin, İİV-ə yoluxan anadan hamiləlik dövründə uşağa, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində isə perinatal yolu ilə yoluxma mümkündür.

 

- Hazırda ölkədə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət barədə məlumat verərdiniz?

 

- Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət nəticəsində iilər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.


Ümumilikdə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır.

 

- İİV-ə kimlər yoluxa bilər? İİV-ə müayinələr harada aparılır?

 

- Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər. İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucsuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb. Bu səbəbdən insanların İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət etmələri olduqca vacibdir.


İİV-ə müayinələr Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.

 

- İİV-ə yoluxanları müalicə etmək mümkündürmü və müalicə üsulları hansılardır?

 

- İİV-ə yoluxan şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatları ilə təmin edilməsi tamamilə ödənişsiz, dövlət hesabına həyata keçirilir. İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Mərkəzin həkim-infeksionistləri və psixoloqları onlara məsləhətlər verirlər. Həmçinin, mütəxəssislər tərəfindən hər bir xəstəyə individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar.

 

- İİV-ə yoluxan qadın sağlam uşaq dünyaya gətirə bilərmi?

 

- Azərbaycanda İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir. Belə ki, son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.


Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir.

 

- İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır?

 

- Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli cinsi davranışdan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması - İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir.


Qeyd edim ki, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.

ÇOX OXUNANLAR
Vitamin, mineral, antioksidan anbarı - Qaraciyəri təmizləyir, sümükləri gücləndirir, beyni qoruyur
 Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yerlər elan edilir   
Tanınmış onkoloq Əlövsət İsayevin 50 yaşı tamam olur
Suraxanı Tibb Mərkəzinin kollektivi Xocalı abidəsini ziyarət edib
Respublika Klinik Xəstəxanası vakansiya elan edir  
Xaçmazda Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib
 Qobustanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bu gün qədim Xocalı torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanır
Qonartrozlu xəstələrdə hərəkət zamanı ağrı artır, istirahət vaxtı isə azalır - Revmatoloq
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Agentliyin Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib
 Xarici həkimlər Yeni Klinika ilə tanış olublar   
Ürək sağlamlığı üçün vacib olan vitamin və minerallar hansılardır? Ürək-damar cərrahiyyə uzmanı AÇIQLADI