Molekulyar biologiya üzrə tanınmış alim Kərim Qasımovun 65 yaşı tamam olur
01.12.2023 10:31

Bu gün biokimyaçı və molekulyar bioloq, AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımovun 65 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, o, 1958-ci il noyabr ayının 30-da Saatlı rayonun Qaracalar kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub. 1981-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Zoologiya İnstitutunda işləyib. 1982-1984-cü illərdə Moskva şəhərində SSRİ EA İEMEJ-də elmi təcrübə keçib. 1984-cü ildə Moskva şəhərində SSRİ EA-nın A.N.Bax adına Biokimya İnstitutunun aspiranturasına qəbul olunub.

 

Kərim Qasımov 1989-cu ildə “Qarğıdalı cücərtilərində 3´,5´-cAMP fosfodiesterazanın fəallığının qırmızı işıq və kalmodulinlə tənzimlənməsi” mövzusunda namizədlik, 2009-cu ildə isə “Eukariotlarda siqnalların ötürülməsinin bəzi molekulyar-genetik xüsusiyyətləri: G-zülallar və Jointless-1 transkripsiya faktoru” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

 

1992-ci ilin fevral ayına qədər Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışıb. 1992-ci ilin fevral ayından etibarən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsində baş elmi işçi işləyib. 1996-1997-ci illərdə Yaponiya Elmin İnkişaf Cəmiyyətinin (JSPS) uzunmüddətli qrantını qazanaraq, Yaponiyanın Kobe Universitetində elmi-tədqiqat işləri aparıb.

 

O, 1997-1999, 2006-2010-cu illərdə AMEA Botanika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-2006-cı illərdə ABŞ-ın Ayova Universitetində müqavilə ilə NIH və NSE qrantları üzrə tədqiqat işləri aparıb. 2010-cu ildə AMEA-nın Botanika İnstitutunda yaradılmış Hüceyrənin tənzimləyici sistemləri laboratoriyasının müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirib. 2017-ci ilin yanvar ayından etibarən yeni yaradılmış AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda direktorun elmi işlər üzrə müavini (hal-hazırda icraçı direktor) vəzifəsində çalışır.

 

Alimin əsas elmi fəaliy­yəti ali bitkilərdə hüceyrə siqnal sistemlərinin təşkili və genetik nəzarəti, rekombinant zülallardan istifadə edərək quanin nükleotidlərin mübadiləsində GPR motif zülalların rolunun tədqiqi, Rhodopsin reseptoru və transducin G-zülaldan istifadə edən hüceyrə siqnallarının ötürülməsinin molekulyar mexanizmlərinin tədqiqi, inkişaf zamanı bitki diferensiyasiyasının transkripsiya səviyyəsində tənzimlənməsi nümunəsi kimi, tomat bitkilərində çiçək və yarpaq saplağında düşmə zonasının formalaşmasında MADS domenli transkripsiyası faktoru, ətraf mühitin abiotik stresslərinə bitki reaksiyalarının transkripsiya səviyyəsində tənzimlənməsi kimi WRKY superailəsi üzvlərinin yuxarı duz qatılığı və su çatışmazlığı kimi abiotik stresslərə qarşı bitkilərin cavab reaksiyalarında rolu ilə bağlıdır.

 

Kərim Qasımov hazırda Molekulyar və hüceyrə biokimyası laboratoriyası üzrə xərçəng xəstəliklərinin (xüsusilə də ağciyər, süd vəzi və yoğun bağırsaq karsinomalarının) yaranmasında iştirak edən hüceyrə səth reseptorlarının və siqnal yolunda iştirak edən digər zülalların öyrənilməsi və bunlarda baş verən potensial mutasiyaların araşdırılmasını aparır.

 

57 elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərinin sayı 29, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 16) müəllifidir.

 

Biologiya elmləri doktoru Kərim Qasımovu 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır