ATU-da görkəmli alim Tağı Tağızadənin 100 illik yubileyi qeyd olunub  
17.11.2023 14:16

Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor  Tağı Tağızadənin  anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq ölkəmizdə elm və mədəniyyət xadimlərinə Ulu Öndər Heydər Əliyev tərəfindən daima böyük diqqət və qayğı göstərildiyini bildirib: "Ulu Öndər alimlərimizin – təhsil, səhiyyə və mədəniyyət xadimlərinin əməyinə hər zaman böyük qiymət verib. Bu gün də bu böyük ənənəni möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Həmçinin Ulu Öndərin zamanından bizə çox əhəmiyyətli bir ənənə miras qalıb. Bu ənənə ondan ibarətdir ki, vaxtilə ölkəmizin həyatında, elmimizdə, səhiyyəmizdə, təhsilimizdə, mədəniyyətimizdə dərin iz qoymuş ziyalılarımızın yubileyləri qeyd olunur və bu ənənə bu gün də uğurla davam etdirilir".

 

Rektor Azərbaycan tibb elminin inkişafında böyük xidmətlər göstərmiş, uzun müddət Epidemiologiya kafedrasına rəhbərlik etmiş, Əməkdar elm xadimi, professor Tağı Tağızadənin fəaliyyəti haqda məlumat verib. Bildirib ki, Tağı müəllim Azərbaycanda profilaktik təbabətin inkişafı və tərəqqi tapmasında böyük işlər görüb. Həmçinin Azərbaycanda milli kadrların hazırlanmasında da onun xüsusi rolu olub: "Məhz onun zəhməti sayəsində rəhbərlik etdiyi kafedra nəinki ölkəmizdə, eyni zamanda ittifaq səviyyəsində sayılıb-seçilən kafedralardan hesab olunurdu. Bu kafedrada dəfələrlə ittifaq miqyaslı konfranslar, qurultaylar, seminarlar keçirilib. Bir sözlə, bu böyük şəxsiyyətin Azərbaycan tibb elmi, xalqımız qarşısında danılmaz xidmətləri olub".

 

Tədbirdə Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev görkəmli alim T.Tağıyevin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, uzun müddət Tağı müəllim onun həm müəllimi olub, həm də alimin  rəhbərliyi altında işləyib.

 

Professor İ.Ağayev alimin əmək fəaliyyətinə 1941-ci ildə Xalq Səhiyyə Komissarlığının Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda həkim-epidemioloq kimi başladığını, 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epidemioloq və parazitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1943-44-cü illərdə Yevlax rayonunda sanitar-epidemioloji stansiyanın və eyni zamanda tropik stansiyanın rəisi, 1944-45-ci illərdə Quba rayon dövlət sanitar müfəttişi vəzifələrində işlədiyini qeyd edib.

 

Məruzəçi, həmçinin 1945-ci ildə professor T.Tağızadənin  yenidən Bakıya qayıtmasından, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Epidemiologiya kafedrasında çalışmasından da bəhs edib. Görkəmli alimin 1966-cı ildən 1992-ci ilədək adıçəkilən kafedraya rəhbərlik etdiyini bildirib.

 

Diqqətə çatdırılıb ki, Tağı müəllim 1952-1956-cı illərdə Bakı 2 saylı tibb məktəbinin direktor müavini  və N.Nəri­manov adına ATİ-nin müalicə-profilaktika fakültəsinin dekan müavini, 1962-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda direktor işləyib, 1966-cı ilə qədər bu vəzifədə çalışıb.

 

Professor İ.Ağayev çıxışı zamanı görkəmli alimin fəaliyyəti dövründə bütövlükdə tədris prosesinin geniş surətdə yenidən qurulmasından, elmi-tədqiqat işlərinin sürətli inkişafından, respublikada ilk dəfə olaraq Azərbaycan dilində epidemiologiyaya dair dərslik kitabını çap etdirməsindən, elmi kadrların keyfiyyətli hazırlığı sahəsində qazandığı uğurlardan da geniş söhbət açıb.

 

Tədbir zamanı alimin tələbələri - Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Vaqif Şadlinski, Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev, adıçəkilən institutun şöbə müdiri, professor Akif Salehov, Əczaçılıq texnologiyası və təşkili kafedrasının  müdiri, professor Məhbubə Vəliyeva onun haqqında maraqlı xatirələrini bölüşüblər.

 

 

Sonda alimin ailəsi adından oğlu BMT-nin eksperti, professor Azad Tağızadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Tədbir öz işini elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.

 

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Qusarda qanvermə aksiyası:
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib