Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans öz işinə başlayıb
09.10.2023 13:28

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın açılış mərasimi keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konqresdə tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edirlər.


Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın açılış mərasimində çıxış edən Səhiyyə naziri Teymur Musayev tədbirin Azərbaycan Respublikasında təşkilinə verdiyi dəstəyə görə Ümumdünya Tibb Təhsili Federasiyasına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, 2023-cü il ölkəmizdə müstəqil Azərbaycanın qurucusu və memarı, dahi siyasi xadim Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Onun sözlərinə görə, dahi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızda həkim kadrların və təbabət alimlərinin hazırlığı yüksək vüsət alıb, yeni elmi mərkəzlər açılıb, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə beynəlxalq konfrans və forumlar keçirilib.


“Milli kadrların hazırlanmasına yönəlik strateji yanaşma Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində minlərlə Azərbaycanlı gənc prioritet sahələrdə təhsil almaq imkanı əldə edib. Dövlət proqramının uğurlu nəticələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-2023-cü illər üçün xaricdə doktorantura səviyyəsində təhsil üzrə növbəti proqramın icrasının başlanılmasına əsas verib”, - deyə Teymur Musayev bildirib.

 

Ölkəmizdə tibb təhsili məsələsinə toxunan nazir qeyd edib ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə ali tibb təhsilində əsas yer tutan qocaman ali məktəbdir. Universitet səhiyyə müəssisələri üçün yüksəkixtisaslı həkim kadrları yetişdirir, bununla da əhalinin sağlamlığının qorunmasına, tibb elminin tərəqqisinə mühüm töhfələr verir. O, ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini, hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığının aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, həmçinin ATU son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə ixtisas üzrə qəbul həyata keçirilir.


Nazir vurğulayıb ki, ölkəmizdə tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2015-ci il tarixli Sərəncamı ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən diplomdan sonrakı təhsil müəssisəsidir. Teymur Musayev bildirdibki, son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqları tibb təhsilində yeni yanaşmanı labüd edir: “Rəqəmsal alətlərin tətbiqi ilə onlayn təhsil platformalarının istifadəsi genişləndi. Bundan sonra da onlayn təhsilin genişlənəcəyini nəzərə alaraq, xüsusən də davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac vardır”.


Çıxışının sonunda nazir, tədbirin tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual məsələlərə toxunacağı və məhsuldar olacağına inamını ifadə edib, konfransın işinə uğurlar arzulayıb.


Sonra çıxış edən Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev konfrans iştirakçılarını salamlayaraq tibb təhsilinin ölkənin strateji məsələlərinin həllində və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb: “Müşahidələr göstərir ki, ölkədə bütün zamanlarda yüksək nəticə göstərən məzunlar gələcəkdə ali təhsil almaq üçün məhz tibb sahəsini seçirlər ki, bu da yüksəkixtisaslı həkimlərin formalaşması ilə nəticələnir”.


Respublikada müasir səviyyədə tibb təhsilini tədris edən universitetlərin olduğunu bildirən Emin Əmrullayev, belə təhsil ocaqlarının ölkə üzrə coğrafiyasının daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tibb təhsili sahəsində belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi və məhz "Heydər Əliyev İli"nə təsadüf etməsinin qürurverici hadisə olduğunu vurğulayıb. O, Bakı konfransının innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacağını bildirib.

 

Daha sonra Dünya Tibb Təhsili Federasiyanın (World Federation of Medical Education, WFME) prezidenti, professor Rikardo Leon-Borkes çıxış edərək Bakıda ilk dəfə keçirilən ICME konfransının tibb təhsili sahəsində dünya şöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma məqsədi ilə yaradıldığını qeyd edib. Qonaq bu toplantının bilik və təcrübə mübadiləsi aparmaq, dünyanın fərqli ölkələrindən olan təmsilçilərlə əməkdaşlıq qurmaq üçün imkan yaratdığını bildirib.


Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti, professor İsmayıl İbrahim Matalka tədbirin tibb təhsili sahəsindəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu qeyd edib.

 

Konfransda, həmçinin Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri, professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti, professor Azhar Raşid konfransın əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar yaradır.

 

Sonra tanınmış tədqiqatçı Fuad Axundovun “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimatı olub.

 

Açılış mərasimi Əməkdar artist Səbinə Ərəblinin “Qarabağ” şikəstəsinin ifası ilə başa çatıb.


Qeyd edək ki, konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirir. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək. Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın 30-dan çox tanınmış ekspertinin aktual mövzularda məruzələri, "Ekspertlər nə deyir?" sessiyalarında isə tibb təhsili və təliminə dair qabaqcıl yanaşmaları təqdim olunacaq.


İndiyədək ICME konfransı iki ildən bir olmaqla Abu Dabi, Mavrikiy, İstanbul, Ottava və İslamabadda keçirilib. Konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ile birgə virtual formatda baş tutub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”