İlham Əliyev ÜST-nin Avropa üzrə regional direktorunu qəbul edib  
06.10.2023 16:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlət başçısına çatdırıb.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş edib.

 

Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox yüksək qiymətləndirildiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirib. Hans Henri Klugen Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək göstərdiyini qeyd edib, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini deyib.

 

Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-ün Bakı ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-ün ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin həmrəyliyi ilə bağlı səylərimizdən danışdı.

 

Dövlətimizin başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə yardım proqramlarını həyata keçirdiyini vurğuladı.

 

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.

 

Dövlət başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.

 

Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.

 

Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirib, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib.

 

Dövlət başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

 

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb