ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün seminar təşkil edilib
23.09.2023 09:04

ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün seminar təşkil edilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, tədbirdə Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov ənənəvi seminarların yeni tədris ilində də davam etdiriləcəyini bildirib.

 

Seminarların rezidentlər üçün faydalı olduğunu vurğulayan N.Xəlilov qeyd edib ki, onların elmi fəaliyyəti universitet rəhbərliyinin diqqət mərkəzindədir. Müdir müavini əlavə edib ki, indiyədək keçirilən bütün seminarlar tibbin ən müasir sahələrini əhatə edib və onların tibb elmini daha dərindən mənimsəməsi üçün bu çox əhəmiyyətlidir. N.Xəlilov müzakirəyə təqdim edilən bu dəfəki məruzənin də rezidentlər üçün maraqlı olacağını söyləyib. 

 

Sonra Revmatologiya şöbəsinin IV kurs rezidenti Nuranə Sadıqlı “Uşaqlarda sümük-əzələ ağrılarının qeyri-iltihabi səbəbləri” barədə məlumat verib. Məruzəçi çıxışında bildirib ki, sümük-əzələ ağrıları uşaq revmatoloji poliklinikalarına müraciətlərin əsas səbəblərindən biridir. Uşaqların təxminən yarısı inkişaf dövründə ən azı bir dəfə xroniki əzələ-skelet ağrısını yaşayır. Uşaq poliklinikalarına müraciətlərin 10%-ni dayaq-hərəkət ağrıları şikayətləri təşkil edir: “Misal üçün, reaktiv artrit əsasən 3-8 yaş arası qrip və yuxarı tənəffüs yollarında infeksiyalar zamanı baş verir. Septiki artrit təcili diaqnostika edilməli və müalicə olunmalıdır. Adətən tək oynağı əhatə edir, yüksək qızdırma, ağrı, hərəkət məhdudluğu zamanla daha da artır”.

 

Onun sözlərinə görə, gecə ağrıları, əsasən böyümə ağrıları adlanır və saatlarla davam edərək çox vaxt öz-özünə keçib gedir. Bəzən masaj və ağrıkəsicilər də fayda verə bilər: “İdmanla məşğul olan kiçik yaşlı uşaqlarda əl və ayaq sümüklərində stress (yorulma) ağrılarına rast gəlmək mümkündür. Bud sümüklərində epifiz sürüşməsi, əsasən çəkisi artıq olan 10-12 yaşlı uşaqlarda baş verir. Ani başlayan axsama, dizə yayılan ağrı, yeriyərkən ayağı bayıra basma şəklində özünü büruzə verir. Kiçik yaşlı uşaqlarda revmatizm ağrıları, adətən bir deyil, bir neçə oynaqda şikayətlərlə özünü göstərir. Buna 2 yaş ətrafı uşaqlarda daha çox rast gəlinir. Topuqda və dizlərdə azacıq şişkinlik və istiliyin artması ilə müşahidə olunur və axsamaya səbəb olur. Xoş və bədxassəli sümük şişləri səbəbindən ortaya çıxan ağrılar da var. Əgər şikayətlər istirahət və ağrıkəsicilərlə keçməzsə, mütləq həkimə müraciət etmək lazımdır”.

 

Daha sonra müzakirəyə çıxarılan mövzu ətrafında verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.

 

Tədbirin sonunda Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva rezidentləri klinikanın daxili nizam-intizam qaydaları ilə tanış edib, həmçinin buradakı iş rejimi və mövcud şərait barədə məlumatlandırıb, onları klinikanın imkanlarından maksimum dərəcədə faydalanmağa çağırıb.

 

Seminarın işində Rezidentura və magistratura şöbəsinin Tədris Terapevtik Klinika üzrə koordinatoru Arzu Bağırova, eləcə də həkim- terapevtlər və bu sahə üzrə təhsil alan rezidentlər iştirak ediblər. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub