Akademik Rəfiqə Əliyevanın anadan olmasından 91 il ötür
20.09.2023 09:43

Ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr vermiş görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı, akademik Rəfiqə Əliyevanın anadan olmasından 91 il ötür.

 

Aztibb.az xəbər verir ki, Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub. Ali təhsilini 1951-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olunub.

 

O, 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında işləyib və assistentdən başlayaraq baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

 

Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Bunun nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib.

 

Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib. O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyənləşdirib, liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında ümumi komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Təcrübi nəticələrə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. 

 

Rəfiqə Əliyeva ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olub. O, 500-ə yaxın elmi məqalə, 2 monoqrafiya, 25 dərs vəsaiti, 3 tərcümə kitabı, 20 patentin müəllifidir. Onun təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (2 cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə olunub. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafına güclü təsir göstərib. Akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq Analitik kimyadan Azərbaycan-rus-ingilis terminlər lüğəti çap edilib. 

 

Ömrünü analitik kimya elminin inkişafına və bu sahədə gənc alim nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında 20 fəlsəfə elmləri doktoru və 2 doktorluq dissertasiyası müdafiə edilib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək, böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

 

Alim Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin və kimya fakültəsinin elmi şuralarının üzvü olub. 2018-ci il sentyabrın 6-da “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası akademik Rəfiqə Əliyevanın adının əbədiləşdirilməsi məqsədilə “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

 

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

 

Görkəmli alim Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub