ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında yaşlı insanlarla bağlı araşdırmalar aparılır
12.09.2023 09:16

Uzunömürlülük ictimai sağlamlığın göstəricisidir. Bununla yanaşı, dünyada uzunömürlü insanların sayı artdıqca, səhiyyə xərcləri və iqtisadi itki də artır. Hər ölkə isə bunun öhdəsindən gələ bilmir. Bu və digər məsələlərə dair suallarımızı ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru, tibb elmləri doktoru Rafiq Çobanov cavablandırıb.

 

- Müasir dövrdə dünyada yaşlı əhali ilə bağlı vəziyyət necədir?

 

- Ümumi desək, vəziyyət o qədər də qənaətbəxş deyil. Belə ki, yaşlı əhalinin sayı yüksəlir və proqressiv artaraq hətta bəzi ölkələrdə 20%-ə çatır. Bizdə isə bu rəqəm 14-17% təşkil edir. Aydın məsələdir ki, yaşlı əhalini hərtərəfli təmin etmək üçün böyük vəsait tələb olunur. Ona görə də bir çox ölkələr çətinliklərlə üzləşir. Hətta ABŞ kimi inkişaf etmiş ölkədə bəzi ştatların rəhbərləri təklif edir ki, təqaüd alanlara pulsuz dərman, tibbi xidmət və məişət problemləri üçün vəsait verilməsin.

 

- Məlumdur ki, ölkələr insanların uzunömürlülüyünə görə bir-birindən fərqlənir. Burada daha çox hansı amillərin təsiri var?

 

- İlk növbədə sosial-iqtisadi vəziyyət, yaşlı əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, onların sosial-məişət təminatı. Eləcə də yaşlı əhaliyə psixoloji dəstək vacibdir ki, onlar özlərini cəmiyyətə lazımsız hiss etməsinlər və psixoloji cəhətdən gərginlik yaşamasınlar.

 

- Bəs bizim ölkəmizdə vəziyyəti necə qiymətləndirmək olar? Bu sahədə hansısa fərqli xüsusiyyətlər mövcuddur?

 

-Yuxarıda dediklərimi bizə də aid etmək olar. Doğrudur, herontoloji xidmətə aid proqramlar var, bəzi yerlərdə herontoloji mərkəzlər də fəaliyyət göstərir. Amma bunlar problemi tam həll etmir və qarşıya qoyulan məqsədi reallaşdırmır. Bəzi ölkələrdə herontoloji mərkəzlər yox, ərazi bölgüsü üzrə herontoloji xidmətlər var. Yaşlı insanlara qulluq etmək üçün xüsusi işçilər hazırlanır. Ona görə də məncə, ilk növbədə keyfiyyətli monitorinq aparılmalı, yaşlı əhalinin sayı dəqiqləşdirilməli və onlara daim nəzarət olunmalıdır. Əgər ərazi üzrə qurumlar təşkil etmək mümkün deyilsə, heç olmasa poliklinikalarda onlar üçün spesifik şərait yaradılmalıdır.

 

Nəzərə almaq lazımdır ki, yaş artdıqca xəstəliklər də artır. Ona görə də yaşlı insanın bir-iki həkimlə işi bitmir. Yəqin siz də müşahidə etmişiniz, yaşlılar çətinliklə, bəzən kiminsə köməkliyi ilə poliklinikaya gəlirlər. Və hər həkimin növbəsinə ayrıca dayanırlar. Eləcə də sığorta masası qarşısındakı sıxlığı yaşamalı olurlar. Yaşlı insan bunların hamısını edə bilmir, haldan düşür, əsəbləşir, bəzən sona qədər dözmür və çıxıb gedir. Ona görə də poliklinikalarda yaşlı insanlar üçün növbədənkənar qəbulun təşkili və ya xüsusi saat, ya da günün ayrılması yaxşı olardı.

 

Ölkəmizdə səhiyyə sahəsi ilə bağlı böyük addımlar atılır. Məsələn, diabet xəstələri üçün mərkəzlər var, bahalı dərmanlar pulsuz verilir və s. Yaşlı insanlara da onlarda ən çox rast gəlinən xəstəliklərə qarşı bəzi dərmanların pulsuz verilməsi təqdirəlayiq olardı. Nəzərə almaq lazımdır ki, yaşlılar xəstəlikləri başqa cür keçirir. Cavanlara məsləhət görülən tədbirlər onlara yaramır. Və eyni vaxtda bir neçə xəstəliyin müalicəsi gedir. Ona görə də dəqiq differensasiya aparılmalıdır. Bir həkim digər həkimin təyin etdiyi dərmanları nəzərə almalıdır. Hesab edirəm ki, poliklinikalarda klinik farmakoloqun fəaliyyət göstərməsi yaxşı olardı. Onlar bir neçə həkimin təyin etdiyi dərmanları araşdırıb eyni təsirli və ya bir-birinin təsirini azaldan, antaqonist dərmanları müəyyən edərdi.

 

Poliklinikada herontoloqun olması, onun klinik farmakoloqla birgə işləməsi vəziyyətə müsbət təsir göstərərdi.

 

- Necə düşünürsünüz, bu sahədə bütün problemləri səhiyyə xidmətlərinin təşkili kontekstində aradan qaldırmaq mümkündürmü?

 

- Hər problemi səhiyyənin üstünə atmaq olmaz. Bu məsələyə yanaşmanı ailədən başlamaq lazımdır. Bəzi ailələrdə qocalara münasibət heç də yaxşı deyil. Xüsusilə tək yaşayan qocaların vəziyyəti acınacaqlıdır. Bəzən ailələr onların qidalanmasını nəzərə almır. Diş, protez problemi həzm pozğunluqlarına, stomatitlərə səbəb olur. Gündəlik gigiyenik qulluq çox vacibdir. Dərmanların səhv qəbul edilməməsi üçün yaddaş kartı olmalıdır.

 

- Yaşlı insanlar və onların qarşılaşdığı problemlərlə bağlı kafedranızda hansı işlər planlaşdırılır?

 

- Bizim kafedra bu məsələ ilə ciddi məşğul olmağa başlayıb. Hazırda statistik mərkəzlə birgə araşdırmalara başlamışıq və bəzi poliklinikaları seçmişik. TƏBİB-lə birgə belə məsələləri araşdırır və yaşlılarda ən çox rast gəlinən xəstəlikləri üzə çıxarırıq. Eyni zamanda, uzunömürlü insanların çox yaşamasına hansı amillərin təsir göstərdiyini müəyyənləşdiririk. Herontoloji mərkəzlə sıx əməkdaşlıq edirik. Onu da bildirim ki, kafedranın dosenti Yaqut Hacıyevanın elmi rəhbərliyi altında herontoloji problem üzrə iki magistr dissertasiyası yerinə yetirilir. Bu yaxınlarda uzunömürlü insanlarla görüşmək və onlara göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olmaq üçün əməkdaşlarımızın cənub bölgəsinə səfəri gözlənilir. Bundan başqa, kafedramız növbəti beş illikdə herontologiya üzrə elmi proqram nəzərdə tutub. Eləcə də ötən tədris ilindən İctimai səhiyyə fakültəsində Herontologiya fənni keçilir. Arzu edərdik ki, bu fənn bütün fakültələrdə tədris olunsun. Çünki həkim qocaların təkcə xəstəliyini yox, həm də sosial problemlərini bilməlidir.

 

Sonda qeyd etmək istərdim ki, cəmiyyətin hər bir üzvü yaşlılara qarşı diqqətli olmalıdır. Çünki qocalıq qarşısıalınmaz bioloji prosesdir və o, hər kəsin qapısını döyəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir