Bu gün akademik Mirməmməd Cavadzadənin anım günüdür
07.08.2023 13:35

Bu gün görkəmli uroloq-alim və pedaqoq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sabiq rektoru, SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı, Əməkdar elm xadimi, akademik Mirməmməd Cavadzadənin anım günüdür.

 

Aztibb.az xəbər verir ki, Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1948-ci ildə ADTI-nin Müalicə-profilaktika fakultəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyasını müdafiə etmişdir. 

 

Mirməmməd Cavadzadə 1948-ci ildə Astara rayonunda cərrah kimi başlamışdır. 1949–1950-ci illərdə Astara birləşmiş rayon poliklinikası və xəstəxanasında baş həkimin müavini işləmiş, 1950–1951-ci illərdə Lənkəran şəhər xəstəxanasında cərrah olmuşdur.

 

O, 1954-1957-ci illərdə Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır.

 

1963-cü ildə Bakıya dəvət olunana alim müsabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. 1974-cü ildə həmin institutun rektoru təyin olunmuş və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, qırx beş il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini vermişdir.

 

Mirməmməd Cavadzadə Azərbaycana qayıtdıqdan sonra yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur. Onun rəhbərliyi ilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirilmiş və respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verilmişdir.

 

O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Uroloq alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Mirməmməd Cavadzadənin rəhbərliyi altında 17 elmlər doktoru, 73 elmlər namizədi, yüzlərlə yüksəkixtisaslı uroloq-həkim yetişmişdir. 1966-cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılmışdır. Qısa müddət ərzində urologiya sahəsində elmi və praktik fəaliyyətin mötəbər mərkəzinə çevrilən bu xəstəxana Azərbaycan səhiyyə sistemində xüsusi yer tutur.

 

1964-cu ildə professor elmi adını alan Mirməmməd Cavadzadə 1967-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 

 

Alim həm də respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9–12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir.

 

Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmiş, Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

 

Mirməmməd Cavadzadə 2008-ci il avqustun 7-də vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadənin adı verilmişdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib