Akademik Əhliman Əmiraslanov: "Bu gün bizi ən çox narahat edən məsələ onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmasıdır"
01.08.2023 09:06

Peşə fəaliyyətimin çevikliyimdən şikayətçi deyiləm. Amma bəzən olur ki, söhbət etmək istədiyin müsahiblə görüşmək vaxt tələb edir. Əgər hədəfə çatmaq istəyirsənsə, inadından dönməməlisən. Bir şərtlə ki, işıq ucu olsun. Bunu bildiyimdən neçə vaxt idi ki, bugünkü müsahibi gözləyirdim, çünki sonunda mükəmməl  bir ziyalı, sənətinin peşəkarı olan bir insanla  maraqlı söhbətin olacağına inanırdım. Adının qarşısında xeyli titulları var - Azərbaycan alimi, akademik,  ictimai-siyasi xadim, Əməkdar elm xadimi, millət vəkili. Mən bunlardan bir neçəsini sadaladım. Layiq görüldüyü "Şöhrət" ordeni, "Şərəf" ordeni", 1-ci dərəcəli "Vətənə xidmətə görə ordeni" kimi mükafatlar gərgin və böyük əməyinin nəticəsidir. Beynəlxalq aləmdə qazandığı təltiflər isə Azərbaycan adına qazandığı uğur və nailiyyətlərdən soraq verir. Sıralanan xidmətləri çoxdur və bunu bilməyən yoxdur. Mən isə  bugünkü müsahibimizi qazandığı bütün uğurların, fəxri adların fövqündə duran peşəsi ilə oxucuya təqdim etmək istəyirəm. Beləliklə, həmsöhbətimiz cərrah-onkoloq Əhliman Əmiraslanovdur.

 

 - Dünyanın narahat yollarında iz qoya-qoya yürüyürük...

 

- Narahatlıq həmişə olub, var və olacaq da, çünki dünyanın gərdişi budur. Butün hadisələrin, baş verənlərin həm şahidi kimi, həm daşıdığım yükün sahibi kimi, bu cəmiyyətin bir üzvü kimi, ən əsas bir azərbaycanlı kimi təbii ki, narahatam. Heç bir halda bundan uzaqda qalmaq mümkün deyil.

 

- Yolunu gözlədiyiniz bir kənd var...

 

- Var və o kənd Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndidir. Ziyalı ailədə doğulmuşam, ailədə altı övlad olmuşuq. Müəllim kimi fəaliyyətə başlayan atam Tapdıq Əmiraslanov sonra məktəb direktoru olub. Daha sonra partiya işinə yönəlib. Uzun illər Basarkeçər  rayonunun partiya  rəhbəri olub. Burdan ayrılandan sonra ömrünün sonuna qədər  rayon təhsil şöbəsinin müdiri kimi fəaliyyət göstərib.  Atamın əsas qayəsi el-obasının savadlanması olub və bu yolda bütün qüvvəsini, bacarığını əsirgəməyib. Qüsursuz pedaqoji fəaliyyətinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Dünyasını çox erkən dəyişib və kəndimizdə qalan məzarını ziyarət edəcəyim günə inanıram. Anam Xanım Əliyeva evdar xanım olub və altı övladın tərbiyəsi, yetişməsi üçün var qüvvəsini sərf edib.

 

- Zod kəndində məktəbi qızıl medalla bitirən bir yeniyetmə ağ xalat geyinmək istədi...

 

- Kəndimizdə 25 çarpayılıq kiçik bir xəstəxana vardı və həkimlər də ancaq "mehriban" qonşularımızın nünayəndələri idi. Əhaliyə xüsusi qayğılarını görmürdük. Tez-tez yerlərini dəyişərdilər və xəstəxanada boşluq olurdu. Atam partiya rəhbəri  işlədiyi dövrdə Basarkeçərdə yaşayırdıq, orada isə Azərbaycan məktəbi yox idi. Kəndlərin böyük əksəriyyətinin əhalisi azərbaycanlılar olduğundan orada öz məktəblərimiz vardı. Bu səbəbdən təhsil almaq üçün mən kənddə nənəmin yanında qalırdım. 5-6 sinifdə oxuyarkən nənəm ağır xəstələndi və çəkdiyi əzab-iztirablarının şahidi oldum. Həkim dalınca qaçırdım, onun sağalması uğruna gücüm çatan işləri görürdüm. Və o zaman özlüyümdə qərar verdim ki, mən həkim olacam. Ən böyük arzum isə bir həkim kimi öz kəndimizdə işləyərək əhaliyə xidmət etmək idi. Lakin tale həyatımı başqa səmtə yönəltdi.

 

- Həkimlik böyük cəsarət tələb edir...

 

- Həkimlik böyük fədakarlıq tələb edən peşədir. Sahələri çoxdur, lakin cərrahlıq daha fərqlidir. Bunu cərrah olduğum üçün demirəm. Cərrahlıq cəsarət tələb etsə də, bu, ağılla, düşünülmüş olmalıdır. Mən həmişə deyirəm ki, cərrahın əli ağlından irəlidə getməməlidir. Cərrahın cəsarəti, riskə getməyi, cəbhədə döyüşən əsgərin igidliyi, cəsarəti ilə ölçülə bilməz. Əsgər bu cəsarətilə Vətəni uğruna canını fəda edir. Cərrah isə özünün cəsarəti ilə əlini ağlından irəli buraxarsa, insan həyatına son qoya bilər. Ona görə də əməliyyat zamanı yüz ölçüb bir biçmək vacibdir.

 

- Və seçiminiz cərrahlıq oldu, özü də cərrah-onkoloq...

 

- Tibb İnstitutuna daxil olandan cərrah olmaq istəmişəm. Əvvəl ümumi cərrah olmaq fikrində idim. Lakin üçüncü kursda Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı kimi işləməyə başlayanda gördüm ki, ən böyük cərrahiyyə burdadı. Gecə növbəsindən sonra qalırdım, əməliyyatlara kömək edirdim. Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra bu istəyimi, çalışqanlığımı görüb məni klinikada saxladılar. Həkim-ordinatorluqdan şöbə müdiri vəzifəsinədək ucaldım.

 

- Amma sizin bir Moskva həyatınız da var...

 

- Mən artıq işləyə-işləyə elmi fəaliyyətə də başladım. Tanınmış professor və klinikanın direktoru olan mərhum Arif Abbasovun rəhbərliyi altında namizədlik dissertasiyası üzərində işləyirdim. Qəflətən o, dünyasını dəyişdi, işlərim qaldı yarımçıq. Artıq mənim işimə rəhbərlik edə biləcək bir mütəxəssis olmadığına görə mən Moskvada SSRİ Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil oldum. Namizədlik işimi müdafiə edəndən sonra mənə orada qalıb çalışmaq təklifi edildi. Təklifi qəbul etdim və beləcə, 1974-cü ildən 1992-ci ilə qədər dediyiniz həmin Moskva həyatını yaşadım. Yəni Vətənə qayıtmaq 20 ilə yaxın vaxt apardı. Bu vaxt ərzində Ümumittifaq Onkoloji Elmi Mərkəzin Ümumi onkologiya şöbəsində əvvəl kiçik sonra baş, daha sonra isə böyük elmi işçi vəzifələrində çalışdım. Bir müddət sonra həmin şöbənin aparıcı elmi işçisi vəzifəsinə təsdiq edildim, artıq doktorluq dissertasiyamı da müdafiə etmişdim. Sonunda onkologiya şöbəsinin professoru seçildim. 1992-ci ildə isə Vətənə qayıtmağa qərar verdim, çünki bu, mənim həm bir Vətən övladı kimi, həm də mənəvi borcum idi. Çox israrlar edildi, fikrimdən daşınmaq üçün xeyli cəhdlər oldu, lakin mən qərarımı vermişdim - Vətənimdə olmalı idim.

 

- Vətən də sizi yaxşı qarşıladı...

 

 - Vətən övladlarını həmişə yaxşı qarşılayır. Qayıdışımdan bir neçə ay sonra Azərbaycan Tibb Universitetinə rektor təyin edildim və 23 il bu vəzifədə çalışdım. Bu vəzifə məni sevdiyim sahədən ayıra bilməzdi. Bir il sonra müsabiqə yolu ilə Onkologiya kafedrasının müdiri seçildim, eyni zamanda universitetin Onkoloji klinikasının direktoruyam. Hansı vəzifədə olsam da, mən cərraham və o, skalpel hələ də əlimdədir.

 

- Həkimlərin Hippokrat andı...

 

- Düzü, bu gün həmin Hippokrat andından az bir şey qalıb, o mənada ki, hər bir ölkənin indi öz həkim andı var. Həkim olmaq adı ilə yola çıxanların daxilində olmalıdır həmin and və ən öndə vicdan dayanmalıdır. O yerdə ki, həkim xəstədən təmənna güdür, bunun adının nə olduğunu hələ də bilmirəm. Həkim xəstənin ümid yeridir. Həkim yanına gələn xəstə sağalacağına və çarəsinin həmin həkimdə olduğuna inanır. Bu, inamı qırmağa həkimin ixtiyarı yoxdur, ən çarəsiz xəstəlik olsa belə. Həkim xalatı geyinməyə qərar verməyin çəkisi heç bir andla ölçüyə gələ bilməz.

 

- Ən çarəsiz xəstəlik dediz. Məncə bu, elə sizin sahəyə aiddir...

 

- İllər öncə insanlarda formalaşan fikir təəssüf ki, bu gün hələ də qalıb. Əhali arasında  xərçəng adı ilə tanınan bu xəstəliyə tutulanlara artıq taleyi həll olunmuş biri kimi baxır insanlar. Bu, doğru deyil. Bir fakt deyim sizə, bəlkə də inanmazsız. 31 ildi  Moskvadan qayıtmışam, amma hələ də  orada əməliyyat etdiyim xəstələr mənimlə əlaqə saxlayır. Dünya statistikası göstərir ki, bu gün onkoloji xəstəliyə düçar olanların 60-65 faizi müalicəyə tabe olur. Texnologiyanın, müasir avadanlıqlarla təchiz olunmuş, yeni dərman preparatlarının əlçatan olduğu  ölkələrdə bu faiz daha yüksəkdir.  Xərçəng xəstəliyi zamanında aşkarlanıb müalicəyə başlanarsa, ondan qorxmaq lazım deyil. Ona görə də insanlara ildə ən azı bir dəfə ÇK müayinədən keçmək vacibdir. Vaxtı keçmiş, ağır vəziyyətdə olan xəstələri belə, müalicə üsulları ilə xeyli yaşada bilirik. Belə vəziyyətdə olan xəstələrə  heç vaxt ümidsiz baxmıram və çalışırıq ki, qalan ömürlərini ümidsiz yox, rahat yaşasınlar. Əminliklə onu deyə bilərəm ki, biz bu gün xərçəngi müalicə etməyi öyrənmişik.

 

- Bununla belə  xəstəliyin tam müalicəsi üçün ayrılan Nobel mükafatını hələ də heç kəs almayıb...

 

- Bu haqda çox danışılıb, çox müzakirələr aparılıb. Ən birinci  onu qeyd edim ki, onkoloji adı altında böyük bir qrup xəstəliklər birləşir və bir-birindən tam fərqlidir. Kimsə düşünürsə ki, bircə kəşflə bütün onkoloji xəstəliklərin problemi həll olunacaq, bu, düzgün fikir deyil. Bununla belə onkoloji xəstəliklərin səbəbini öyrənən mütəxəssislər, alimlər mükafatlar alıblar. Bu sahədə çox uğurlu tədqiqatlar aparılır, nəticələr əldə olunur, sağalan xəstələrin sayı ötən əsrlə müqayisədə 3 dəfə artıb, tamamilə bu bəladan xilas olanlar belə var. Bu gün Azərbaycanda yüksək statuslu onkoloqlarımız az deyil. Əvvəllər onlar keçmiş SSRİ-də yetişirdilərsə, müstəqillikdən sonra Türkiyədə, respublikanın özündə fəaliyyət göstərən Onkoloji Elmi Mərkəzdə, Tibb Universitetində rəhbərlik etdiyim Onkoloji Klinikada bu sahənin mükəmməl kadrları inkişaf edir. Xəstələrə adekvat, yüksək səviyyəli yardım göstərmək üçün Azərbaycanda hər şey var - avadanlıq da, mütəxəssislər də. Yəni bu sahədə böyük çətinliklərimiz yoxdur. Lakin bu gün bizi ən çox narahat edən məsələ onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunmamasıdır. Təəssüf ki, bu zərfə onkoloji xəstəliklər daxil deyil. Dəfələrlə Milli Məclisdəki çıxışlarımda bu məsələyə toxunmuşam, büdcə müzakirəsində, Baş nazirin hesabat çıxışında da demişəm ki, onkoloji xəstələr mütləq icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Hazırda bu istiqamətdə işlər gedir, ləngiməyin səbəbi isə odur ki,bu xəstəliklərin müalicəsi böyük vəsait tələb edir. Əminəm ki, bu məsələ də yaxın vaxtda öz həlini tapacaq.

 

- Həkim və əlacsız xəstə...

 

- Bu vəziyyətlə qarşılaşmayan həkim yoxdur. Müəllimlərimiz deyərdi ki, ən ağır xəstəni müalicə edən həkim onun yanından çıxandan sonra   bir yüngülləşmə görmürsə, deməli, o, yaxşı həkim deyil. Xəstəyə əlacsızsan demək olmaz, bunu heç vaxt deməmişəm. Amma dünyanın bir çox ölkələrində bunu deyirlər. Nə qədər yaşayacağını təqribi bilmək istəyən xəstəyə həkim bunu o məqsədlə deyir ki, insan planlaşdırdığı, görüləsi vacib işlərini tənzimləyə bilsin. Biz xəstəyə xərçəng olduğunu deməməyə çalışırıq. Lakin xəstənin ailəsinə, yaxınlarına hər şeyi olduğu kimi demək vacibdir. Heç vaxt xəstəyə yalançı vədlər vermək olmaz. Həkimlik təcrübəmdə buna əsla yol verməmişəm. Həkimlərdən narazılığın səbəbi çox vaxt bu üzdən baş verir. Mən həmişə öz sahəm daxilində danışıram. Əgər bir cərrah əməliyyat öncəsi xəstəyə 100 faiz söz verirsə, o həkimin yanına getmək yanlışlıqdır. Hər bir cərrahi əməliyyatda ağırlaşma təhlükəsi, ölüm riski var və xəstəyə əminliklə heç bir vəd vermək olmaz.

 

- Millət vəkili və Milli Məclisin Səhiyyə Komitəsinin sədri...

 

- Millət vəkili özü də bu millətin içindən seçilən bir insandır. Seçici ona etimad göstərir, səs verir və qanunvericilik orqanında öz təmsilçisi edir. Bir millət vəkilini 45-50 min insan seçir və əgər sən bu etimadı qazanmısansa, onu doğrultmağa  borclusan. Millət vəkilinin məsuliyyəti çox böyükdür. Bu etimadı, məsuliyyəti həmişə dərk etmişəm, həmişə seçicilərimin yanında olmuşam.

 

- Narazı seçici isə həmişə var...

 

- Təbii ki, var. Amma o da var ki, çox vaxt seçici səs verdiyi millət vəkilindən onun səlahiyyəti daxilində olmayan problemin həllini tələb edir. Bu tələblə bütün millət vəkilləri qarşılaşır. Öz tərəfimdən deyə bilərəm ki, seçicilərimlə sıx ünsiyyətdə oluram, rayona tez-tez gedib onlarla görüşürəm. Özləri bura da gəlir. Onların səhiyyə və tiblə bağlı problemlərini yüz faiz həll edirəm. Başqa problemlərlə bağlı mümkün olan bütün imkanlardan istifadə edirəm. Problem həllini tapa da bilir, tapmaya da. Əsas narazılıq da tapılmayanda baş verir. Əlbəttə ki, hər bir millət vəkili ona səs verən vətəndaşa bütün köməkliyi göstərmək istəyər, təki onlar razı qalsın. Amma qaçılmaz bir həqiqət var ki, biz hər şeyi həll edə bilmirik. Millət vəkili həm  qanunları yaradır, mövcud qanunvericilikdə xalqın xeyrinə dəyişikliklər edir, onun qəbul edilməsinə nail olur və hər bir seçici də bunu anlamağa çalışmalıdır. Beynəlxalq aləmdə parlamentlərarası müzakirələr aparır, millətinin rifahına xidmət edə biləcək qanunlarla tanış olur. Yəni millət vəkilinin işi təkcə seçici ilə qarşılıqdan ibarət deyil.        

    

- Zamanın əlimizdən aldığı da var, bizə qazandırdığı da...

 

- Bu suala bir qədər mücərrəd baxıram. Amma etiraf edirəm ki, həyatımdan hər zaman razı qalmışam. Arzu etdiklərimə nail olmuşam. İnsan həyatında qazanmaq və itirmək yanaşıdır. İtirdiyim doğmalarım və ən əsas torpağımdır. Mən Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədriyəm və əminəm ki, prezidentimizin sürdüyü düzgün siyasət nəticəsində biz öz dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Düşünürəm ki, həyatda nə etmişəmsə, düzgün etmişəm. O zaman Moskvaya aspiranturaya qəbula gedəndə, çoxu mənə dedi ki, gənc yaşında 80 çarpayılıq bir şöbənin müdirisən. Nə qədər elmlər namizədləri var ki, işlə təmin oluna bilmir. Niyə gedirsən? Amma mən elmin dalınca getdim və düz də etdim. Bu gün 500-dən artıq elmi əsərin, 18 monoqrafiyanın, 31 dərsliyin müəllifiyəm. 16 ixtira və səmərələşdirici təklifim var. 52 nəfər elmlər və fəlsəfə doktoru yetişdirmişəm. Elm arxasınca getməyimin böyük səmərəsi bax, budur. 20 ilə Moskvada biliyim sayəsində yüksək vəzifəyə qədər ucaldım, SSRİ dövlət mükafatına layiq görüldüm. 90-cı illərin əvvəlində Vətənə dönmək qərarını verəndə orda məni heç kəs başa düşmədi ki, bu qədər nüfuzun  olan bir yerdən müharibə şəraiti yaşayan Azərbaycana niyə gedirəm. Amma mən qərarımı vermişdim və müstəqilliyi yeni qazanan ölkəmdə olub ona xidmət etməliydim. Və bu gün heç də peşman deyiləm.

 

- Yaşadığımız 44 gün...

 

- Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu tarixi bir missiyanı yerinə yetirdi, mümkün olmayan bir iş gördü və düşünürəm ki, bu vacib idi. Nəticəsi olmayan uzun-uzadı danışıqların son nöqtəsi olmalı idi. Bunu qarşı tərəf özü istədi və sonda biz də onların istədiyini etdik, çünki torpaqlarımızı azad etməyin yeganə yolu bu idi. Əks halda biz ömürlük o torpaqları itirmiş olacaqdıq. Çoxlu şəhid verdik, sağlamlığını itirənlərimiz oldu, amma onlar Azərbaycanın adını tarixə qızıl hərflərlə həkk etdilər və bununla yalnız fəxr etmək olar.

 

Bu gün Azərbaycan ən doğru yolda uğurla inkişaf edir. Ölkə başçısının yürütdüyü siyasət düşünülmüş və təqdirəlayiq xətt üzrə irəliləyir. Tezliklə Qarabağ adlı bir söhbət kökündən həllini tapacaq və Azərbaycanın yetişməkdə olan gələcək nəsli bu problemlə üz-üzə qalmayacaq. Buna əminəm.

 

SÖZARDI: Bəzən olur ki, söhbət etmək istədiyin müsahiblə görüşmək vaxt tələb edir. Əgər hədəfə çatmaq istəyirsənsə, inadından dönməməlisən. Bir şərtlə ki, işıq ucu olsun. Və sonunda bu gün hədəfə çataraq, daha bir  səmimi, bəzək-düzəksiz, isti bir söhbətin nöqtəsini qoyduq...  Hər bir başlanğıcın sonu olduğu kimi...

 

525-ci qəzet

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub