“Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir  
22.06.2023 17:29

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illliyinə həsr edilmiş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

 

Aztibb.az xəbər verir ki, əvvəlcə institutun foyesində müəssisə alimlərinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib.

 

Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Ulu Öndər Heydər Əliyevin respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsi və yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışıb.

 

Professor Səyyarə İbadullayeva qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın biokimya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi elmin müasir sahələri inkişaf etmişdir. Onun sözlərinə görə, bu gün bioloq alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir.

 

Alim bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın sabit inkişafının ekoloji problemlərin həllindən asılı olduğunu deyərək respublikada yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmış, nəticədə bioloji müxtəlifliyə yeni baxış və düzgün münasibət meydana çıxmışdır.

 

İnstitutun baş direktoru bu siyasətin hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın mənfur düşməndən azad edilməsi ilə bioloqlarımızın respublika ilə yanaşı, həm də Qarabağın bioloji müxtəlifliyinin tədqiqi istiqamətində geniş həcmli tədqiqatlar aparması üçün imkanların yarandığını deyib.

 

“Bu gün alimlərimizin qarşısında duran əsas vəzifə onlara göstərilmiş etimadı doğruldaraq ölkə Prezidentinin ətrafında sıx birləşmək, Azərbaycan dövlətçiliyinin qorunması, onun müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dirçəlişi naminə fundamental və tətbiqi tədqiqatların intensivliyinin yüksəldilməsinə çalışmaqdan ibarətdir”, - deyə Səyyarə İbadullayeva çıxışının sonunda bildirib.  

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Botanika İnstitutunun ölkəmizdə bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz olduğunu diqqətə çatdırıb. Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin, eləcə də bu sahədə elmi məktəbin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin elmi fəaliyyətinin böyük bir qisminin məhz bu institutla bağlı olduğunu deyən akademik İradə Hüseynova Botanika İnstitutunda bitki fiziologiyası, biokimyası, biofizikası, molekulyar biologiya və bioinformatika üzrə əldə edilmiş müasir nailiyyətlərin akademik Cəlal Əliyevin fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. O, həmçinin Botanika İnstitutunun inkişafında respublikamızda floristik və geobotaniki tədqiqatların əsasını qoymuş akademik A.Qrossheymin böyük xidmətləri olduğunu qeyd edib.

 

Vitse-prezident Azərbaycan xalqının Ümummili Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş miqyasda qeyd edildiyini vurğulayıb. Akademik İradə Hüseynova Ulu Öndərin elmə, elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini, xalqımızın inkişafının elmdə, intellektual potensialının zənginləşməsində gördüyünü söyləyib. O, Ulu Öndərin təməlini qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, elmin hüquqi bazasının möhkəmləndirildiyini, “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul olunduğunu deyib.

 

Akademik İradə Hüseynova Azərbaycanın “Qırmızı kitab”ının üçüncü nəşrinin alimlərimizin “Heydər Əliyev İli”nə dəyərli töhfəsi olduğunu söyləyərək, nəşrin ərsəyə gəlməsində Botanika İnstitutunun alimlərinin yaxından iştirak etdiyini bildirib, “Qırmızı kitab”ın hər 5 nüsxəsini institut alimlərinə təqdim edib.

 

Tədbirdə YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, ali dərəcəli həkim Zərifə Quliyeva, millət vəkili, biologiya elmləri doktoru, professor Kamilə Əliyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruz, Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d., dosent Dilzarə Ağayeva və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərindən, biologiya elminin inkişaf etdirilməsi, bitki aləminin qorunması, eləcə də respublikamızın ziyalıları və elm adamları qarşısında geniş imkanların açılması istiqamətində gördüyü əhəmiyyətli işlərdən bəhs ediblər.

 

Konfransda Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi, b.e.d., professor Nina Bisko, Özbəkistanın Karantin və Bitkilərin Mühafizəsi Agentliyinin mərkəzi fitosanitar laboratoriyasının müdiri Sevarxon Xodcayeva, Fitosanitariya standartları üzrə GIZ layihəsinin əsas eksperti Tatyana Masten Milek də çıxış edərək beynəlxalq tədbirin işinə uğurlar arzulayıb, təşkilatçılara və institutun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Daha sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib.

 

Qeyd edək ki, beynəlxalq tədbir öz işinə iyunun 24-də yekun vuracaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev