Tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru İsmayıl Mirzəliyevin 60 illik yubileyi qeyd edilib
24.05.2023 14:00

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) direktor müavini, tanınmış cərrah t.ü.f.d. İsmayıl Mirzəliyevin 60 yaşı tamam olur.

Aztibb.az xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev yubilyarın elmi, elmi-təşkilati fəaliyyətindən, laparoskopik cərrahiyyə sahəsində qazandığı mühüm nailiyyətlərindən danışıb. Bildirib ki, İsmayıl Mirzəliyev Rusiya və Avropanın Endoskopik Cərrahlar cəmiyyətlərinin, həmçinin Rusiya Hernioloqlar və Qastrocərrahlar cəmiyyətlərinin üzvüdür. Direktorun sözlərinə görə, İ.Mirzəliyev laparoskopik cərrahiyyənin bütün sahələri, o cümlədən robotcərrahiyyəsi üzrə müxtəlif diplom və sertifikatlara layiq görülüb.

Tədbirdə İsmayıl Mirzəliyevə 60 illik yubileyi münasibəti ilə ECM-in Fəxri fərmanı təqdim edilib.

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru İsmayıl Mirzəliyev 1963-cü ildə Quba rayonunun Qəçrəş kəndində anadan olub. 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1987-88-ci illərdə Tatarıstan Respublikasında ümumi cərrahiyyə üzrə internatura keçib. 1988-89-cu illərdə Kazan şəhərində həkim cərrah kimi fəaliyyət göstərib, həmçinin fibroqastroskopiya üzrə təkmilləşdirmə kursu keçərək FQDS-müayinə metoduna yiyələnib.

O, 1994-cü ildə Almaniyanın Frankfurt şəhər “Hörchst” Cərrahiyyə Klinikasında müvafiq kurslardan keçərək laparoskopik cərrah diplomu alıb. Elə həmin ilin payızında Azərbaycanda ilk laparoskopik xolesistektomiya əməliyyatını həyata keçirib.

İ.Mirzəliyev 2005-2006-cı illərdə Moskvada akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində “Qida borusunun xoşxassəli xəstəliklərində qida borusunun ekstirpasiyası, mədə ilə birmomentli plastikasının bilavasitə nəticələri” mövzusunda elmi tədqiqat aparıb. 2006-cı ildə adıçəkilən mərkəzdə tibb elmləri namizədi dissertasiyasını müdafiə edib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə ona tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilib.

Azərbaycanda laparoskopik cərrahiyyənin əsasını qoyan İ.Mirzəliyev bir ixtiranın, 20-dən çox elmi əsərin müəllifidir. Alimin elmi əsərləri Azərbaycanla yanaşı, İtaliyada, Fransada, Türkiyədə, Sinqapurda çap olunub.

Tanınmış cərrah müxtəlif illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin klinikasında cərrah, Nigeriyada adıçəkilən cəmiyyətə məxsus “Həzi Aslanov” adına tankerin gəmi həkimi, Quba rayon Mərkəzi və Mərkəzi Neftçilər xəstəxanalarının baş həkimi, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru vəzifələrində çalışıb.

İsmayıl Mirzəliyev 2010-cu ildə Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2011-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-in Fəxri fərmanları ilə təltif edilib.

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi tanınmış cərrahı yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, yubilyara uzun ömür, can sağlığı, Azərbaycan səhiyyəsinin, tibb elminin inkişaf etdirilməsi naminə elmi-təşkilati fəaliyyətində yeni nailiyyətlər arzu edir.

Ad gününüz mübarək, hörmətli İsmayıl müəllim!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev