“Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq konqres işə başlayıb
03.05.2023 12:40

Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqres işə başlayıb.

 

Aztibb.az-a Nazirlikdən verilən məlumata görə, konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafı və yüksəkixtisaslı tibbi mütəxəssislərin hazırlanmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Nazir vurğulayıb ki, XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə dahi lider Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib. Onun sözlərinə görə, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərişi ilə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirilib. Kadr çatışmazlığı problemini həll etmək, ölkə səhiyyəsini yüksəkixtisaslı kadrlarla təmin etmək məqsədilə həkimlərin və təbabət alimlərinin hazırlığı yüksək vüsət alıb, yeni elmi mərkəzlər açılıb.

 

“Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib", - deyə vurğulayan Teymur Musayev bildirib ki, əhalinin sağlamlıq göstəricilərində müsbət dinamika görülən işlərin uğurlu nəticəsidir. Nazir qeyd edib ki, səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.

 

Sonra çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu bildirib. Rektor Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün şərait yaradılmasına xüsusi diqqət yetirdiyini söyləyib: “Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb, milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb”.

 

Konqresdə, həmçinin Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunun direktoru, professor Sezai Yılmaz, Beynəlxalq Tibb Təhsili Konfransının (İnternational Conference on Medical Education – İCME) prezidenti, professor Ajar Raşid, Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli Martınov, Stenford Universitetinin Lusile Pakkard Uşaq xəstəxanasının təmsilçisi, dosent Teymur Nəsirov və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.

 

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

“Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktiki konqres öz işini plenar sessiyalarla davam etdirib.

 

Tədbir mayın 6-da başa çatacaq.

 

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib