Dahi təbiblər - Görkəmli onkoloq alim, akademik Rəhim Rəhimov
01.05.2023 12:06

"Dahi təbiblər" rubrikasında Azərbaycanda tibb elminin onkologiya, radiologiya və rentgenologiya sahəsinin nəzəriyyə və təcrübədə tətbiq üzrə ilk alimlərindən biri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Rəhim Rəhimov haqqında məlumatları təqdim edirik.

 

Görkəmli Azərbaycan alimi R.Rəhimov 1923-cü il martın 18-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1937-ci ildə natamam orta təhsili başa vuraraq, Ordubad şəhər Pedaqoji Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonradan şəhər orta məktəblərində müəllim işləyib.

 

O, 1945-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1950-ci ildən Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Xəstəxanasında cərrah kimi işə başlayıb. Bir ildən sonra R.Rəhimov Ordubad Şəhər Xəstəxanasına həkim-rentgenoloq kimi fəaliyyətini davam etdirib.

 

1953-cü ildə R.Rəhimov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya (hazırkı Milli Onkologiya Mərkəzi) İnstitutunda şüa diaqnostikası ixtisası üzrə aspiranturaya qəbul olunub.

 

Təxminən 50 il ərzində akademik R.Rəhimov həzm sistemi orqanlarının və ağciyərlərin patologiyalarının rentgenoloji, kliniki, morfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair aparılan əsaslı tədqiqatlara rəhbərlik edib. 1958-ci ildə ona tibb elmləri namizədi adı verilib. 1968-ci ildə mədə-bağırsaq sisteminin bədxassəli şişlərinin rentgenoloji diferensial diaqnostika üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsinə görə R.Rəhimova tibb elmləri doktoru adı verilib.

 

1969-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə R.Rəhimov professor elmi adına layiq görülüb, 1974-cü ildə Milli Onkologiya Mərkəzində direktor vəzifəsinə təyin edilib. 1989-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

 

R.Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sistemi orqanlarının selikli qişasının arxitekturasının öyrənilməsinin əsasını qoyub. Onun tərəfindən yoğun bağırsağın bir sıra xəstəliklərinin rentgen-morfoloji əlamətləri işlənilərək praktikada tətbiq edilib.

 

Akademik R.Rəhimov Cənubi Qafqaz respublikaları onkoloqlarının ənənəvi konfranslarının və xərçəng əleyhinə mübarizənin təşkili probleminə həsr olunmuş səyyar sessiyaların təşkilatçılarından biri olub. O, 15 il ərzində respublika rentgenoloqlar, radioloqlar elmi-tibbi cəmiyyətinin, onkologiya və şüa diaqnostikası və terapiyası ixtisasları üzrə namizədlik dissertasiyası müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri olub.

 

Alim xidmətlərinə görə dövlət tərəfindən bir çox mükafatlarla - "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə", "SSRİ Səhiyyə əlaçısı" döş nişanları, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin nişanları ilə təltif olunub.

 

Akademik R.Rəhimov 2013-cü il iyulun 6-da vəfat edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub