Mircəlal Kazımi: "Azərbaycanda gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası aparılır"
25.04.2023 12:13

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi orqan transplantasiyası ilə bağlı sualları cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Mircəlal müəllim, nazirliyin sosial media hesablarına orqan transplantasiyası ilə bağlı çoxsaylı suallar daxil olur. İlk öncə transplantologiya haqqında ümumi məlumatı bilmək istərdik...

 

- Funksiya və keyfiyyətini itirmiş orqanın yenisi ilə əvəz onlunmasına orqan transplantasiyası (orqan nəqli, orqan köçürülməsi) deyilir.

 

Transplantologiya təbabətin, cərrahiyyənin nisbətən gənc sahələrindəndir. Molekulyar biologiya sahəsində əldə edilən nailiyyətlər, eyni zamanda anesteziologiya və reanimasiya, immunologiya və mikrocərrahiyyənin uğurlu inkişafı transplantologiya sahəsinin daha da inkişaf etdirilməsinə imkan yaratdı. İnsan orqan və toxumalarının transplantasiyası həqiqətən bəşər tarixində ən böyük nailiyyətlərdən biridir, çünki xəstələr ikinci həyat şansı əldə edirlər.

 

- Hansı orqanların transplantasiyası mümkündür?

 

- Çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər. Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır. Azərbaycanda isə gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir.

 

- Müasir dövrdə hansı orqanların köçürülməsi daha aktualdır?

 

- Ən çox köçürülən orqan böyrəkdir. Onlara olan ehtiyac qaraciyər və ürəkdən qat-qat yüksəkdir. Çünki böyrək xəstəliklərinin daha çox olması böyrək çatışmazlığının inkişafına gətirib çıxarır və bu, dializ və ya orqan transplantasiyasına gətirib çıxarır.

 

- Hansı xəstələrə əməliyyat vacibdir?

 

- Xroniki böyrək çatışmazlığı olan və böyrək köçürülməsi əks göstəriş olmayan xəstələrin əksəriyyəti transplantasiya üçün uyğun namizədlərdir. Bu xəstələr istər dializ proqramında olan, istərsə də dializdən əvvəl (preemtive) dövrdə olan şəxslərdir.

 

- Orqan transplantasiyasının tibbi və hüquqi aspektləri haqqında fikirlərinizi bilmək istərdik...

 

- Resipiyent orqan və ya toxuma transplantasiyasına ehtiyacı olan şəxsdir. Orqan və ya toxumalarının köçürülməsinə razılıq verən şəxsə isə donor deyilir. Bu münasibətlər bu sahədə bir çox normativ hüquqi aktlarla tənzimlənir. Qanuna görə, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı canlı donor resipiyentin yaxın qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır. Xəstə qohum donoru ilə müraciət etdiyi zaman müayinələr nəticəsində qərar verilir. Yəni, həm xəstənin, həm də donorun bütün müayinələri və toxuma uyğunluğu testi nəticəsinə görə onların əməliyyatının baş tutub-tutmamasına qərar verilir. Əgər müayinələrin hər hansı bir mərhələsində (istər tibbi, istərsə də qeyri-tibbi) donorun həyatına təhlükə yaranacağı hiss olunarsa, müayinə dayandırılır və həmin şəxs donor kimi qəbul olunmur.

 

- Dializ, yoxsa transplantasiya xəstə üçün daha faydalıdır?

 

- Böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır. Hər böyrək yetməzliyi xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır. Düzdür, dializ seansları həyatı təhlükələrdən xilas edə bilər, lakin o, sağlam orqanın bütün funksiyalarını tamamilə əvəz edə bilməz.


Uğurlu böyrək transplantasiyası sonrası xəstə sağlamlığına qovuşur, ailəsinə, işinə və nəhayət, cəmiyyətə faydalı şəxs kimi qayıdır. Bu baxımdan böyrək transplantasiyası daha rasional müalicə üsuludur. Böyrək transplantasiyası əməliyyatı təqribən 3-4 saat çəkir. Donor və xəstənin əməliyyatı eyni zamanda icra olunur.

 

- Əməliyyatdan sonra xəstələr nə etməlidir?

 

- Donorların xüsusi müalicəyə ehtiyacı yoxdur. Orqan köçürülənlər isə köçürülən orqanın rəddinin qarşısını almaq üçün xüsusi dərmanlar (immunsupressiv) qəbul edirlər. Bu dərmanların qəbulu mütləqdir, sayı və dozası həkim tərəfinfən təyin olunur və buna ciddi riayət olunmalıdır. Əks təqdirdə, geri dönməz nəticələrə səbəb ola bilər.

 

- Böyrəklərin sağlamlığını qorumaq üçün oxucularımıza nə tövsiyə edərdiniz?

 

- Qeyd etmək istəyirəm ki, xroniki böyrək xəstəliklərinin qarşısının alınmasının əsas şərtlərindən biri balanslaşdırılmış qidalanma və normal bədən çəkisinin saxlanılmasıdır. Həzm sistemini həddindən artıq yükləmədən, gün ərzində kiçik porsiyalarla yemək tövsiyə olunur. Həmçinin, duz miqdarına da diqqət yetirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, böyüklərə istifadə edilən duzun miqdarı gündə 5 qramdan çox olmamalıdır. Unutmayaq ki, aktiv həyat tərzi əhval-ruhiyyənizi yüksəltməklə bərabər, sağlamlığınıza da müsbət təsir göstərir. Müntəzəm fiziki fəaliyyət qan təzyiqini normallaşdırmağa, böyrəklərdə qan mikrosirkulyasiyasını yaxşılaşdırmağa və bununla da xroniki böyrək xəstəliyinin riskini azaltmağa kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər