İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıqlar alınıb
14.04.2023 12:30

Ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb.

 

Bu barədə Aztibb.az-a Agentlikdən məlumat verilib.

 

Yeni alınan tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.

 

Transabdomenal və transvaginal ginekoloji müayinələrin aparılması üçün 27 ədəd müasir ultrasəs cihazı alınıb. Bu müayinə metodlarından uşaqlıqdaxili polipləri, mioma və törəmələrin aşkarlanmasında istifadə olunur. İcbari tibbi sığortanın təminatına daxil olan ginekoloji ultrasəs müayinəsi ilə bir çox xəstəlikləri müəyyən etmək mümkündür. Ginekoloji USM zamanı uşaqlıq, yumurtalıqlar, uşaqlıq boynu, borular və kiçik çanaq nahiyəsi müayinə edilir.

 

Hamiləliyin gedişatının izlənilməsi üçün alınmış 9 ədəd üçölçülü (3D) USM cihazı isə dölün inkişaf etaplarının daha dəqiq görüntülənməsinə imkan verir. Bu müayinə metodu ilə hamiləliyin daha erkən mərhələlərində dölün fizioloji və patoloji inkişafı haqqında məlumat əldə edilir. İkiölçülü (2D) USM aparatlarından fərqli olaraq, innovativ müayinə metodu olan 3D USM texnologiyasının köməyi ilə müayinə edilən nahiyə daha dəqiq təsvir olunur, bu da müalicə həkiminin operativ qərarlar verməsini mümkün edir.

 

Bununla yanaşı, ana bətnində dölün ürək döyüntülərinə əsasən vəziyyətinin qiymətləndirilməsinə imkan verən 10 ədəd kardiotokoqrafiya (KTQ) cihazı alınıb. KTQ müayinəsi vasitəsilə həmçinin bətndaxili oksigen çatışmazlığını (hipoksiya) və uşaqlığın tonusunu qiymətləndirmək mümkündür. Qeyd edək ki, dölün kardiotokoqrafiyası hamiləliyin 28-ci həftəsindən sonra tibbi göstəriş əsasında aparılır.

 

Vaxtından əvvəl doğulmuş körpələrin saxlanılması üçün 50 ədəd inkubator (küvez) və 20 ədəd fototerapiya cihazı alınıb. Sensorlu panel vasitəsi ilə inkubatorlarda havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvezlər rentgen kasetlərlə təchiz edilib.

Fototerapiya cihazları yenidoğulmuşlarda hiperbilirubinemiyanın (neonatal sarılıq) səviyyəsini aşağı salmaq üçün istifadə edilir. Fototerapiya cihazları 430-490 nanometr dalğa uzunluğuna uyğun işıq yayan diod (LED) lampalarla təchiz edilib. Bu da müalicənin effektiv olması üçün əsas amillərdən biridir.

 

Vəziyyəti ağır olan vaxtından əvvəl doğulmuşların respirator terapiyası üçün isə 20 ədəd süni tənəffüs cihazı alınıb. Cihazlar yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etməklə onların həyatda qalması üçün nəzərdə tutulub.

 

Ginekoloji müayinələrin aparılması üçün 10 ədəd sadə və motorlu masa, 10 ədəd kolposkop, 20 ədəd müayinə lampası və 20 ədəd portativ lampa alınıb. Həmçinin uşaqların həzm sisteminin endoskopik müayinəsi üçün 1 dəst pediatrik qastroskopiya cihazı alınıb.

 

Bunlardan əlavə, yeni alınmış 20 ədəd uşaq bələmə masası, 20 ədəd uşaq tərəzisi, yeni doğulmuşlar üçün 20 ədəd süni tənəffüs aparatı, 20 ədəd tərəzi, 10 ədəd elektrik mühərrikli pediatrik çarpayı, 50 ədəd beşik tipli çarpayısının perinatal mərkəzlərə və doğum evlərinə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

 

Avadanlıqların 2023-cü il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.

 
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub