Ana və uşaq sağlamlığının qorunmasına dair müşavirə təşkil olunub
12.04.2023 12:15

TƏBİB tərəfindən "Yeni Klinika"da uşaq sağlamlığının qorunmasına dair geniş müşavirə keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tədbiri giriş sözü ilə qurumun İcraçı direktoru Vüqar Qurbanov açıb.

 

Daha sonra çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının qorunması sahəsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini vurğulayıb. O, tabeli tibb müəssisələrində bu istiqamətdə görülən işlərdən və çatışmazlıqlardan danışıb.

 

İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev çıxışında neonatal və pediatrik xidmətin təşkili məsələlərinə toxunaraq ötən illərdə ana və uşaq sağlamlığı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb, 2023-cü il üçün görüləcək işlər haqqında məlumat verib.

 

Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva uşaqların icbari dispanzerizasiyadan keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək onlar arasında rutin immunizasiyanın önəmini qeyd edib. O, valideyn himayəsindən məhrum olan uşaqların da hər il dövlət proqramı çərçivəsində dispanserizasiya müayinələrinə cəlb edildiyini, TƏBİB-in tabeliyindəki poliklinikalarda dispanserizasiyadan keçirildiyini vurğulayıb. Ş.Şahgəldiyeva tibbi reabilitasiyanın təşkili, patronaj xidmətinin yeni modelinin tətbiqi, “Körpə Dostu Klinikası” layihəsi haqqında ətraflı bəhs edib:

 

“Xəstə və xəstələnmə riski olan uşaqların bərpa müalicəsinin təşkili məqsədilə 2021-ci il ərzində Uşaq Bərpa Mərkəzinə 20 990 müraciət daxil olub. 2 528 xəstəyə 23 526 fizioterapevtik prosedur, 1 482 xəstəyə 18 081 müalicəvi bədən tərbiyəsi prosedurları aparılıb”.

 

Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova çıxışında 2022-ci il ərzində regionlarda neonatal köçürülmələrə və kuratorların fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda yenidoğulmuşları qəbul edən əsas perinatal mərkəzlər olaraq Sumqayıt Perinatal Mərkəzi, Respublika Perinatal Mərkəzi, Şəki Regional Perinatal Mərkəzi (RPM), Lənkəran RPM, Gəncə RPM və Elmi-Tədqiqat Pediatriya İnstitutu göstərilib:

 

“Köçürülmə, əsasən, vaxtından əvvəl doğulmuş körpələrə reanimasiyon qulluq və ya cərrahi müdaxilələr tələb olunan hallarda baş verib. Doğuşayardım xidməti üzrə 37 rayonda I səviyyəli, 9 rayonda II səviyyəli, 5 rayonda III səviyyəli tibb müəssisəsi fəaliyyət göstərir”.

 

H.Kazımova bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin həkim-neonatoloqlarının yerində nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması məqsədilə kuratorlar Bərdə, Gəncə, Göyçay, Lənkəran rayonlarına uzunmüddətli ezam olunublar. Eyni zamanda işin düzgün təşkili istiqamətində müəssisə rəhbərlərinə müvafiq təkliflər veriblər.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Afaq Əliyeva çıxışında respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələrindən bəhs edib. O, 2018-2022-ci illər üzrə profilaktik peyvəndlərin yerinə yetirilməsi statistikasını bölüşüb:

 

“COVID-19 pandemiyası dönəmində peyvəndləmə üzrə göstəricilər aşağı düşsə də, 2022-ci ildə yenidən peyvənd statistikasında dinamika müşahidə olunur. Peyvənd təqviminə əsasən doğulduqdan sonrakı ilk 12 saat ərzində, 2, 3, 4, 6, 12, 18 aylıqlarda, 6 yaşında vurulmalı olan peyvəndlər var. Peyvəndlə idarə olunan xəstəliklərə isə qızılca, məxmərək, epidemik parotit, difteriya, göyöskürək, tetanus, poliomielit xəstəliklərini misal göstərə bilərəm”.

 

TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi Romella Osmanova bildirib ki, dünyada vərəm xəstəliyinin rastgəlmə tezliyinə görə 25-44 yaşlar arasında vərəmə yoluxma riski daha yüksəkdir:

 

“15 yaşdan kiçik uşaqlar və gənc yeniyetmələr isə qlobal miqyasda vərəmli insanların təxminən 11%-ni təşkil edir. Bu, hər il dünyada 15 yaşa qədər 1,1 milyon uşaq və yeniyetmənin vərəmə yoluxması, onlardan 225 000-dən çoxunun həyatını itirməsi deməkdir”.

 

R.Osmanova vərəmlə mübarizə sahəsində əsas məsələnin diaqnozun erkən qoyulması olduğunu da bildirib. Bu səbəbdən R.Osmanova risk qrupunda olan şəxslərin daim nəzarətdə olmasını və vaxtaşırı müayinə olunmalarının zəruriyyətini dilə gətirib.

 

Tədbirin sonunda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yekun nitqlə çıxış edərək bundan sonra da ana və uşaq sağlamlığının, immunizasiya və vaksinasiya proseslərinin daim nəzarətdə saxlanılmasına və təkmilləşdirilməsinə dair tabeli tibb müəssisələri rəhbərlərinə tapşırıqlarını verib. O, müəssisə rəhbərləri qarşısında mövcud nöqsanların qısa zamanda aradan qaldırılmasını tələb kimi qoyub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib