Elmi seminar: “Tibbdə rəqəmsal əkiz texnologiyaları” 
05.04.2023 08:53

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti onlayn elmi seminarı “Tibbdə rəqəmsal əkiz texnologiyaları” mövzusuna həsr olunub.

 

Aztibb.az-a İnstitutdan verilən xəbərə görə, tədbirdə şöbənin əməkdaşı Aytən Əhmədovamuş məruzə ilə çıxış edərək rəqəmsal əkiz texnologiyaları, onun imkanları, səhiyyə sahəsində tətbiqi və effektiv təsirləri haqqında ətraflı məlumat verib. Bildirib ki, rəqəmsal əkiz canlı və ya cansız fiziki obyektlərin rəqəmsal surəti olaraq, müəyyən seçimlərin, həllərin tətbiqinin təsirlərini test etməyə və proqnozlaşdırmağa, həmçinin əldə olunmuş nəticələri asanlıqla vizuallaşdırmağa imkan verir. Rəqəmsal əkiz və onun real həyatdakı qarşılığı arasında fasiləsiz və etibarlı məlumat axınını təmin edən əlaqə tələb olunur.

 

Məruzəçi rəqəmsal əkiz ekosistemini təşkil edən rəqəmsal əkiz prototipi, nümunəsi və aqreqatı kimi komponentlər barədə məlumatı diqqətə çatdırıb. Səhiyyənin rəqəmsal əkizin inqilabi təsir göstərə biləcəyi sahələrdən biri olduğunu bildirib. Qeyd edib ki, rəqəmsal əkiz təmsil etdiyi fiziki obyektin və ya prosesin rəqəmsal surəti kimi çıxış edərək, məkandan asılı olmadan real vaxt rejimində prosesi monitorinq etməyə və qiymətləndirməyə imkan verir.

 

Səhiyyə seqmentində rəqəmsal əkiz texnologiyalarının tətbiqi prosesində maraqlı tərəflər haqqında danışan tədqiqatçının sözlərinə görə, xəstə haqqında – genetik məlumatlar, laboratoriya nəticələri, tibbi təsvirlər, biotibbi siqnallar, fərdi məlumatlar, sosial determinantları, xəstəxananın fəaliyyəti barədə – tibbi resurslar, insan resursları, xəstəxanadaxili əməliyyat məlumatlarını, tibbi qurğulardan və digər fiziki obyektlərdən müəyyən məlumatları toplamaqla onların virtual rəqəmsal əkizini yaratmaq olar. Bundan əlavə, insan bədəninin müəyyən üzvlərinin, orqanlarının rəqəmsal əkizlərini də yaratmaq mümkündür.

 

A.Əhmədova tədqiqat işində təklif edilmiş tibbi rəqəmsal əkizin ümumi arxitekturundan bəhs edib. Bildirib ki, rəqəmsal əkizin arxitekturu fiziki obyekt, virtual obyekt və onlar arasındakı əlaqəni təmin edən texnologiyalardan ibarətdir. Tibbi rəqəmsal əkizin müvafiq fiziki obyektlərindən 4G/5G, Əşyaların İnterneti, süni intellekt texnologiyaları vasitəsilə mütəmadi toplanan sensor məlumatların həcmi artdıqca rəqəmsal əkiz də inkişaf edir və daha “ağıllı” qərarların qəbulunu təmin edir. O, fərdiləşdirilmiş tibbin formalaşmasında rəqəmsal əkiz texnologiyalarının tətbiqinin müsbət rola malik olduğunu da əlavə edib.

 

Tədqiqatçı qeyd edib ki, səhiyyədə rəqəmsal əkiz texnologiyalarından istifadənin bir sıra mənfi tərəfləri də vardır. Buraya həssas, fərdi məlumatların paylaşılması, verilənlərin keyfiyyətsizliyi, müvafiq texnologiyalardan istifadənin çətinlikləri, ətraf mühit riskləri, texnoloji risklər və s. daxildir.

 

“Rəqəmsal əkiz texnologiyaları vasitəsilə müxtəlif mənbələrdən toplanmış verilənlərdən tam istifadə etməklə, tibbi xidmətlərin vəziyyətinin fasiləsiz monitorinqi və qiymətləndirilməsini, qərarların qəbul edilməsini və onların həyata keçirilməsini tam avtomatlaşdırmağa əlverişli zəmin yaranır”, – deyə məruzəçi fikrini tamamlayıb.

 

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

 

Sonda şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova çıxış edərək tibbdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi ilə bağlı aparılan araşdırmaların dərinləşdirilməsinin, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır