31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Balakən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi, əməkdaşları və digər müəssisə nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Bu barədə Aztibb.az-a Balakən Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Toplantıda 200 yüz ilə yaxın bir müddətdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri faciələr bir daha xatırlanıb, Ermənistanın bu gün də davam edən təcavüzkarlıq siyasəti qətiyyətlə pislənilib. Erməni millətçilərinin bu məkrli siyasəti nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi qeyd olunub.
Bildirilib ki, bu dəhşətli soyqırımı aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb.

