Məktəbəqədər yaşlı uşaqların qidalanması - MƏQALƏ
16.02.2023 15:56

Erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda həmin vərdişləri dəyişdirmək çətinləşir. Belə ki, uşaqların daha çox vaxt keçirdiyi ev və bağça kimi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasında mühüm yer tutur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Cəmilə Hacızadənin hazırladığı məqalədə bəhs olunur.

 

Uşaqlar çox vaxt böyüklərin davranışlarını təqlid etdiyi üçün evdəki qidalanma mühiti və vərdişlər onların qida rasionuna və nəticə etibarı ilə sağlamlığına təsir göstərir. Xüsusilə, valideynlər uşaqların qidalanma vərdişlərinə əsaslı təsir göstərsələr də, bağçaya gedən azyaşlılar bağçanın qidalanma mühitindən də təsirlənirlər. Ona görə də məktəbəqədər yaşlı uşaqların qidalanmasına həm evdə, həm də bağçada ciddi fikir verilməlidir. Onların qidalanması zamanı nəzərə alınması vacib olan bir sıra faydalı məsləhətlər var:

 

- Uşaqların qidalanması üçün sağlam qəlyanaltılar təşkil etmək;

- Qidalanma zamanı uşaqların diqqətini yeməyə yönləndirmək, onları düzgün olmayan davranışlardan (yeməklə oynamaq, yemək zamanı telefon və digər cihazlarda oyun oynamaq və s.) çəkindirmək;

- Yemək yeyərkən qaçmağın və ya oynamağın qidanın nəfəs borusuna getməsinə səbəbolma riskini nəzərə alaraq yeməyi oturaraq yeməsinə diqqət yetirmək;

- Uşaqlara yaş qruplarından asılı olaraq əlavə qidaları vaxtında tətbiq etmək;

- Qida qəbulu vaxtını mümkün qədər xoş keçirmək və uşaqları məcburi yedizdirməmək. Bu hal normadan artıq yemək yeyilməsinə və uşaqların çəkisinin kortəbii şəkildə artmasına səbəb ola bilər.

- Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq. Belə ki, məktəbəqədər yaşlı uşaqlar adətən valideynlərindən gördüklərini təkrar edirlər. Əgər valideyndə qeyri-sağlam qidalanma vərdişləri varsa, bu uşaqda da özünü büruzə verə bilər.

 

Bunlarla yanaşı, məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı istifadə olunan qida məhsullarına fikir verilməsi də zəruri amillərdəndir.

 

Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamenti ilə Səhiyyə və İnsan Xidmətləri Departamenti valideynlərə 2 və daha yuxarı yaşda olan uşaqların sağlam və rasional qidalanmasının təmin edilməsi üçün əsasən 5 qida qrupuna aid məhsullarla qidalanmağı tövsiyə edir. Taxıl, tərəvəz, meyvə, zülal və süd məhsullarının rasiona daxil edilməsinin əhəmiyyəti vurğulanır.

 

Karbohidrat və B qrup vitaminlərinin mənbəyi hesab edilən taxıllar mütləq uşaqların rasionunda yer almalıdır. Xüsusilə qida dəyəri yüksək olan tam taxıl məhsullarından istifadə edilməsi faydalıdır.

 

İstənilən meyvə və ya meyvə şirəsi də həmin qrupa daxildir. Meyvələr təzə, dondurulmuş və ya qurudulmuş, eləcə də bütöv və ya püre halında ola bilər. Amerika Birləşmiş Ştatları Pediatriya Akademiyası 1 yaşdan 3 yaşa qədər olan uşaqlar üçün gündə yarım fincandan çox olmayaraq, 4-6 yaş arasında olan uşaqlar üçün isə gündə maksimum 1 fincan miqdarında şirə verilməsini tövsiyə edir.

 

Zülala olan tələbatı ödəmək üçün az yağlı və ya yağsız heyvan və quş əti məhsulları seçmək məsləhətdir. Bununla yanaşı, daha çox balıq, qoz, fındıq, noxud və lobyadan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.

 

Həmin yaşlarda uşaqlar üçün süd məhsulları və turş süd məhsulları qida rasionunun mühüm hissəsi hesab olunur. Tövsiyə edilir ki, daha çox yağsız və ya az yağlı süd məhsullarından istifadə edilsin.

 

Qeyd edək ki, yağlar həmin qida qrupuna aid olunmur. Lakin onlardan bəziləri qərzəkli meyvələrin yağları kimi əsas qida maddələrinə malikdir və qida rasionuna daxil edilə bilər. Heyvan mənşəli yağlar kimi bərk yağların istifadəsindən isə çəkinmək lazımdır.

 

Uşaqların sağlam qidalanması ilə yanaşı, onların gündəlik fiziki aktivliyə təşviq edilməsi də vacibdir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub