AMEA-da Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan tədbir keçirilib
10.02.2023 17:07

AMEA-nın Əsas binasında 11 Fevral - Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” mövzusunda konfrans keçirilib. Tədbir AMEA Rəyasət Heyəti və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Aztibb.az xəbər verir ki, əvvəlcə Türkiyə Respublikasının cənub-şərqində baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin ağır nəticələrindən danışıb. O, bu zəlzələnin son 100 ilin ən dəhşətli hadisələrindən biri, insanlıq üçün böyük faciə olduğunu qeyd edərək Azərbaycanın hər zaman maddi və mənəvi olaraq qardaş ölkənin yanında olduğunu və öz qardaşlıq borcunu yerinə yetirərək hər cür dəstəyi göstərdiyini vurğulayıb.

 

Vitse-prezident Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i tarixinin Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edildiyini bildirib. Alim bu günün qeyd edilməsində əsas məqsədin dayanıqlı inkişaf kontekstində qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu söyləyib.

 

Akademik İradə Hüseynova  bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirildiyini deyərək, AMEA-da və Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan əməkdaşların böyük əksəriyyətini qadınların təşkil etdiyini diqqətə çatdırıb.

 

“Qadınlarımız fəaliyyət göstərdikləri bütün sahələrə əhəmiyyətli töhfələr verirlər”, - deyə qeyd edən İradə Hüseynova görkəmli qadın alimlərimizin elmə bəxş etdiyi yeniliklərdən danışıb. O,   bütün həyatı və fəaliyyəti qadınlarımız üçün böyük örnək olan görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Vitse-prezident akademik Zərifə Əliyanın fundamental elmi tədqiqatçı kimi elmə ciddi töhfələr verməklə yanaşı, bu töhfələrin müxtəlif elmi səviyyələrdə qəbul olunmasına nail olduğunu da söyləyib.  

 

Akademik İradə Hüseynova  bu yaxınlarda ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamın imzalandığını xatırladıb, Zərifə Əliyevanın yubileyinə həsr olunmuş konfransın keçirilməsi istiqamətində işlərə başlanıldığını qeyd edib. O, bugünkü tədbirin də akademik Zərifə Əliyevanın xatirəsinə böyük töhfə olduğunu bildirib.  

 

Sonra Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova çıxış edərək Azərbaycan qadınlarının hər zaman ictimai fəallıqları ilə seçildiklərini, onların problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.

 

Mehriban İmanova Azərbaycan Elm Fondunun fəaliyyəti haqqında məlumat verərək, Fondun elan etdiyi layihələrdə AMEA və Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş qurumlardan çoxlu sayda qadın tədqiqatçıların iştirak etdiyini vurğulayıb. Fond tərəfindən hər il gənc alim və tədqiqatçılar üçün müsabiqələrin keçirildiyini deyən icraçı direktor qeyd edib ki, hazırda davam edən V qrant müsabiqəsində iştirak edən 53 nəfərdən 33-ü, VI qrant müsabiqəsində isə 64 nəfərdən 47 nəfəri qadındır. O, həmçinin bu yaxınlarda Fond tərəfindən elan edilmiş ən aktual müsabiqələrdən hesab olunan “Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin nəticələrinin açıqlandığını bildirib, bu müsabiqə üzrə 52 iştirakçıdan 28-ni qadınların təşkil etdiyini bildirib.

 

Çıxışının sonunda Mehriban İmanova Azərbaycan qadınlarını Fondun elan edəcəyi növbəti 7 müsabiqədə fəal iştirak etməyə çağırıb.

 

Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxış edərək qadınların cəmiyyətdə və elmdə roluna, onların inkişafına və hüquqlarının qorunmasına ölkəmizdə hər zaman böyük diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Akademik Gövhər Baxşəliyeva bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğrula davam etdirildiyini, qadınlarımızın cəmiyyətdə fəal iştirakı üçün böyük imkanların yaradıldığını qeyd edib.

 

Alim vurğulayıb ki, müasir dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir.

 

“Azərbaycanda böyük qadın alimlər nəsli yetişdirilib. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri var”, - deyə bildirən akademik Gövhər Baxşəliyeva qadınların AMEA-nın ictimai həyatındakı rolundan danışıb, elmdə böyük nailiyyətlərə imza atmış qadın alimlərimizi xatırladıb.

 

Konfransda çıxış edən AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə AMEA kollektivinin əsasən qadınlardan ibarət olduğunu deyərək, elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. Azərbaycan qadınlarının cəmiyyətdə rolunun qədim dövrlərdən başlandığını söyləyən Şura sədri qadınların elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.

 

Rəna Mirzəzadə AMEA-nın müxtəlif institutlarında Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

 

Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Herontoloji araşdırmalar davamlı inkişaf məqsədləri kontektində”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dos. Vəfa Mahmudova “Azərbaycanın qadın arxeoloq alimləri”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, b.ü.f.d., dos. Könül Qafarbəyli “Müasir dünyamızda sudan səmərəli istifadə edilməsi, reallıqlar və hədəflər” və Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli “Azərbaycan elmində qadın” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib