“TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib
20.12.2022 15:56
20 dekabr 2022-ci il tarixində “TƏBİB – Tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib. Konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 1 illik hesabatı və veb saytı təqdim edilib.
 
Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ilk olaraq qurumun yaradılması, fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verib.
 
İcraçı direktor bildirib ki, növbəti ildən TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını, həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq:
 
“2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin artırılması və s. istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcəkdir”.
 
V.Qurbanov 2023-cü ildə TƏBİB-in qarşıya qoyduğu məqsədlərdən də söz açıb:
 
“Ana və uşaq sağlamlığı ilə bağlı neqativ halları azaltmaq, tibbi xidmətlərin əlçatanlığını genişləndirmək, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq və vətandaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini yüksəltmək əsas məqsədlərimizdən biridir”.
Daha sonra çıxış edən TƏBİB-in Tibbi statistika və analitik şöbəsinin müdiri Kamran Qasımov TƏBİB-in fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionar, ambulator, laborator xidmətlərin, cərrahi əməliyyatların, eləcə də həkimə gəlişlərin sayı açıqlanıb. Qeyd edilib ki, cari ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40.277.004 xidmət göstərilib ki, onun 33.888.773-ü ambulator, 6.388.231-i isə stasionar tibbi xidmətin payına düşüb. Həkimə gəlişlərin sayı 7.214.551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292.320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8.522.701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12.440 işçi işə qəbul olunub.
 
Millət vəkili İlham Məmmədov çıxışında bildirib ki, səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib.
 
İ.Məmmədov TƏBİB-in icbari tibbi sığortanın fəaliyyət mexanizminin genişləndirilməsinə olduqca böyük töhfə verdiyini bildirib.
 
Tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova TƏBİB-in yeni yaradılan veb-saytını ( www.tabib.gov.az ) təqdim edib:
“Vətəndaşlar kompüter və mobil cihazlardan saytımızı rahatlıqla ziyarət edə bilərlər. Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.
 
Z.Ədilova qeyd edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək. Şöbə müdiri bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzinin istifadəyə verildiyini bildirib. “Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”, - deyə o qeyd edib.
 
Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə dünyada böhran vəziyyətinin idarəedilməsi prosesində sosial şəbəkələrin, eləcə də internet resurslarının əhəmiyyətini qeyd edərək, önəmli səhiyyə qurumunun internet platformasının istifadəyə verilməsini yüksək qiymətləndirib.
 
O, TƏBİB-in yarandığı gündən etibarən vətəndaşların sağlamlığının qorunması, bütün dünyanı cənginə alan virusla mübarizə tədbirləri, cəbhə xəttində müqəddəs həkimlik peşəsindən irəli gələn vəzifələrin icrası fonunda rəsmi kommunikasiya resursunun bir qədər gec ərsəyə gəlməsinin anlaşılan olduğunu qeyd edib.
 
Tədbir bədii hissə ilə başa çatıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır