Səhiyyə Nazirliyinin eksperti uşaqlarda şəkər xəstəliyinin yaranma səbəbini açıqlayıb
14.11.2022 11:20

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova uşaqlarda şəkər xəstəliyinin yaranma səbəbləri, şəkərli diabet xəstəliyinin əlamətləri ilə bağlı suallarımızı cavablandırıb. 

 

 Aztibb.az müsahibəni təqdim edir:
 

- Səbinə xanım, uşaqlarda şəkər xəstəliyi nədən yaranır?

 

- Uşaqlıq və yeniyetməlik dövründə daha çox şəkərli diabet tip 1 rast gəlinir. Bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasıllı və ya idiopatik destruksiyası durur. Uşaq yaşlarında tip 2 şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə əlbəttə ki, tip 1 şəkərli diabetə nisbətən az olur. Şəkərli diabet tip 2 əsasən insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.


Xəstəliyin hər iki tipinin yaranmasında irsi meyliliyin böyük rolu var. Tip 1 şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. Tip 2 şəkərli diabetə meylliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. Şəkərli diabet tip 1 üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu müxtəlif viruslar ola bilər. Şəkərli diabet tip 2 üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s.

 

- Uşaqlarda şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

 

- Xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq. Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər.

 

- Diabeti olan uşaqlar necə qidalanmalıdırlar?

 

- Şəkərli diabetdən əziyyət çəkən uşaqlara tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər.

 

- Şəkərli diabetdən əziyyət çəkən uşaq idmanla məşğul ola bilərmi?


- Şəkərli diabetdən əziyyət çəkən uşaqlar demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər. Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmaq və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkərlər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət tip 2 şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.


Tip 1 və tip 2 şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmaq icazə verilir. Tip 1 şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri da var.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib