Bu gün professor Kamran Musayevin doğum günüdür  
30.10.2022 10:26

Bu gün tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayevin doğum günüdür.

 

Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə göndərilib. 1996-cı ildə tibb təhsilini uğurla başa vurub. Elə həmin il İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ürək-damar cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayıb.

 

O, 1996-2002-ci illərdə adıçəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk–damar cәrrahı olaraq çalışıb.

 

2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq ürək-damar cərrahiyyəsi mütəxəssisi kimi Azərbaycana qayıdan Kamran Musayev Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın Stasionar şöbəsinin müdiri vəzifəsində işə başlayıb.

 

2006-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxananın icraçı direktorunun tibb işləri üzrə müavini işləyib, 2009-cu ildən isə baş həkimidir. Eyni zamanda, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.

 

O, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə 13 minə yaxın ürək-damar cərrahi əməliyyatı həyata keçirib. Bunların 60-65%-i aorta-koronar şuntlama əməliyyatı olub.

 

2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz onun tərəfindən həyata keçirilib. Həmçinin 2017-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə olaraq Kamran Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub.

 

Kamran Musayev Azərbaycan Tibb Universitetinin professorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının üzvüdür.

 

O, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

 

Aztibb.az səhiyyə portalı adından professor Kamran Musayevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib