Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilən “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq konfransın açılış mərasimi keçirilib.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Daha sonra Azərbaycan və BDU haqqında videoçarxlar nümayiş etdirilib.

 

Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə olunmuş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

 

On doqquz ölkədən (Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), respublikamızın bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir.