Bir xəstəyə 3-cü dəfə böyrək, digər bir xəstəyə 2-ci dəfə qaraciyər köçürülüb – Mircəlal Kazımi ilə MÜSAHİBƏ
24.08.2022 17:05

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, cərrah-transplantoloq Mircəlal Kazımi  suallarımızı cavablandırıb.

 

Xatırladaq ki, Mircəlal Kazımi 2008-ci ilin 12 dekabr tarixində Azərbaycan Respublikasında, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra edib. 2010-cu ildən isə böyrək transplantasiyası əməliyyatını həyata keçirib. Həmçinin M.Kazıminin rəhbərliyi ilə bu istiqamətdə azərbaycanlı həkimlərdən ibarət komanda yaradılıb. O, 2008-ci ildən bugünədək ölkəmizdə orqan transplantasiyası sahəsində ciddi ilklərə imza atıb, bu sahədə çoxsaylı yeniliklər edib.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

Mircəlal doktor, artıq Azərbaycanda yüzlərlə insana sizin tərəfinizdən qaraciyər və böyrək transplantasiyası əməliyyatı icra olunub və əldə etdiyiniz nəticələr dünyanın qabaqcıl transplantasiya mərkəzləri ilə müqayisə olunacaq səviyyədədir. Lakin son zamanlar təəssüflər olsun ki, bəzi saytlarda Azərbaycanda orqan transplantasiya əməliyyatının icra olunmadığı, bunun üçün səhiyyə sistemində və kadr potensialında problemlərin olduğu ilə bağlı yazılar dərc olunur. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

 

- 2008-ci ildən Azərbaycan Respublikasında, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatı bizim tərəfimizdən icra olunub və bu tarixdən etibarən artıq öləmizdə də orqan transplantasiya əməliyyatlarına başlanılıb. Bu əməliyyatlara başlanıldıqdan sonra milli komanda formalaşdı və dövlətimizin dəstəyi ilə xəstəxanaların maddi-texniki bazaları yeniləndi. Digər tərəfdən dövlətimiz tərəfindən kadrların xarici ölkələrdə təhsil almalarına dəstək verildi, həkim, tibb bacısı, kiçik tibb personalı xaricdə təlimlərdə iştirak edərək ölkəmizə qayıdıb bu işlərdə yaxından iştirak etdilər. Bugünədək bizim tərəfimizdən 1000-ə yaxın insan üzərində qaraciyər və böyrək transplantasiyaları əməliyyatları həyata keçirilib.

 

Qeyd etdiyiniz yazılara gəldikdə isə, həmin məqalələr barədə məlumatım yoxdur.  Düşünürəm ki, bu barədə mətbuatda çıxış edən şəxs Azərbaycan səhiyyəsindən, dövlətimizin səhiyyəyə, o cümlədən bu sahədə istər insan kapitalı, istər maddi-texniki bazanın gücləndirilməsinə ayırdığı maliyyə vəsaitindən, investisiyalardan xəbərsizdir.

 

Faktiki olaraq, orqan transplantasiyası əməliyyatı icra etdiyimiz xəstələrimiz arasında ictimaiyyət arasında da tanınanları var və onlar əməliyyatdan sonra normal həyatlarına qayıdıb, sağlamlıqlarına qovuşublar.

 

Nəzərinizə çatdırım ki, ölkə Prezidentinin fərmanına əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yenilənmiş qanun qüvvəyə minib və biz artıq meyit orqanlarından orqan transplantasiyası əməliyyatlarına başlamağı planlayırıq.

 

- Bəs son zamanlar icra etdiyiniz ən unikal əməliyyatlardan hansını deyə bilərsiz?

 

- Orqan transplantasiyası əməliyyatları özlüyündə unikal əməliyyatlardan hesab olunur. Bunlar ağır və ciddi əməliyyatlardır, hər zaman fəsadlaşma riski mövcuddur. Xəstələrə orqan köçürülməzsə onlar 100 % hallarda dünyasını dəyişər, orqan köçürüldükdə isə xəstələrin 70-90 %  qədəri normal həyatlarına davam edirlər. Statistikaya nəzər salsaq görərik ki, orqan gözləyən xəstələrin dünyasını dəyişmə nisbəti əməliyyat olunan xəstələrə nisbətən qat-qat yüksəkdir.

Son dövrlərdə yadda qalan ən maraqlı  və səhiyyəmizdə unikal, nadir  və ilk dəfə icra olunan əməliyyatlar barədə məlumat versəm, bir xəstəmizə 3-cü dəfə böyrək transplantasiyası, digər xəstəmizə isə 2-ci dəfə qaraciyər transplantasiyası icra etmişik. Bu isə, orqan transplantasiyası əməliyyatının unikallığını, eyni zamanda, Azərbaycan səhiyyəsinin bu əməliyyatları uğurla dəstəkləyə biləcəyini göstərir.

 

- Mircəlal doktor, təkrar orqan transplantasiyasının sıxlığı nə qədər olur və ikinci dəfə bu əməliyyatların icra olunmasına səbəb nə idi?

 

- Təbii ki, növbəti dəfə orqan transplantasiyası əməliyyatına ehtiyac o dərəcədə yüksək deyil, amma bunun göstərişləri var. Məsələn, böyrək transplantasiyası icra etdiyimiz xəstəmizə 2010-cu ildə xarici dövlətdə ilk dəfə anasının donorluğu ilə  böyrək köçürülmüşdü, uzun müddət onun vəziyyəti normal idi, lakin 7 il sonra köçürülmüş böyrək öz funksiyasını dayandırmışdı.  2-ci dəfə isə 2017-ci ildə biz həyat yoldaşının donorluğu ilə böyrək transplantasiyası əməliyyatını icra etdik. Təəssüf ki,  ikinci əməliyyatından bir müddət sonra xəstə COVID-19-a yoluxdu , həyati təhlükə ilə üzləşdi və bu zaman ikinci köçürülmüş   böyrək də  sıradan çıxdı. 3-cü dəfə isə  baldızının donorluğu ilə  xəstəmizə biz böyrək transplantasiyası etdik və hazırda xəstəmizin vəziyyəti qənaətbəxşdir.

 

İkinci dəfə qaraciyər transplantasiyası əməliyyatı icra etdiyimiz xəstəmizə isə 2015-ci ildə qaraciyər transplantasiyası etmişdik  və o, normal şəkildə həyatına davam edirdi. Lakin işi ilə əlaqədar olaraq uzunmüddətli səyahətlərdə olması səbəbindən xəstə əməliyyatdan sonrakı dövrdə qəbul etməli olduğu orqan qoruyucu dərmanları qəbul etməmişdi və xəstədə rəddetmə mexanizmi nəticəsində köçürülən qaraciyər sıradan çıxmışdı. Həmin xəstəyə isə  2-ci dəfə qaraciyər transplantasiyası əməliyyatı icra etdik və o da həyatını normal şəkildə davam edir.

 

Bu, tək mənim əldə etdiyim uğur deyil, Azərbaycan səhiyyəsinin nailiyyəti, böyük bir komandanın işidir. Bizim komandamız peşəkar həkimlərdən ibarətdir və orqan transplantasiyası kimi əməliyyatları icra etməyə davam edirik. Düşünürəm ki, bundan sonra da işlərimiz daha uğurlu şəkildə davam edəcək. Meyit orqanlarından da istifadə edərək transplantasiya əməliyyatlarını icra edərək ehtiyacı olan xəstələrimizin sağlamlıqlarına qovuşmalarını təmin edəcəyik. Hesab edirəm ki, gələcəkdə orqan transplantasiyası sahəsində böyük işlər bizi gözləyir.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Şahdamara stend taxıla bilərmi?
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb