Qazlı içkilərin insan sağlamlığına zərərləri və faydaları  - ARAŞDIRMA
12.08.2022 16:01

Dünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Belə içkilərə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddət saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə edilən qazlı içkilər sağlamlığa necə təsir göstərir?

 

Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamenti, Biomühəndislik araşdırmaları şöbəsinin əməkdaşı Abdul Etibaroğlunun hazırladığı elmi məqalədə bu barədə bəhs olunur.

 

Qazlı-şəkərli içkilərin zərərləri

 

Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqədardir. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı ilə müşayiət edilir. Bəzi araşdırmalar isə bu tip içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt ondan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən və içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki və ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.

 

Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, həmin içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə də əlaqəsi mövcuddur. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edən şəxslərin 2-ci növ diabetdən əziyyətçəkmə ehtimalları 26 faiz daha çoxdur. Lakin həmin içkilərin gündəlik istehlakını su, çay və ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10 faiz azaldır.

 

Qazlı içkilərin qan-damar və sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edən insanlara nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20 faiz daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu və fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Bu kimi içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir. Belə ki, orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqədar problemlərə səbəb olur.

 

Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına və ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülüb. Həmin içkilər çox vaxt yüksək şəkər və turşuluq tərkibinə malik olurlar. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görə bilərik. Belə ki, qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral və liflərə rast gəlinmir. Bəzi diyetik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Həmin maddələr piylənmə və diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ də mübahisə mövzusudur. Çünki bu şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə gətirib çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheymer və autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam və saxarinin potensial kanserogenik təsirləri araşdırılmışdır. Araşdırma zamanı bu kimyəvi birləşmələrin qəbulu həm erkək, həm də dişi siçanlarda beyin şişi və sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada və ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.

 

Qazlı içkilərin faydaları

 

Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı da ola bilər. Belə içkilər, diyetik sodalar diabet və çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir.

 

Qazlı içkilərin faydalarını üç qrupa bölmək olar:

 

1. Karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir;

2. İzotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması (qeyd: iİzotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir);

3. Az kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində