Tədricən daha çox insanın COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük - ÜST rəsmisi
20.09.2020 09:08

Yeni növ koronavirus (COVID-19) infeksiyası çox sayda insana təsir edir. Hindistan, ABŞ, Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Argentinada artan qrafik üzrə dəyişən yoluxma halları müşahidə olunur. Pandemiyanın yükünü əsasən Amerika qitəsi çəkir. Yeni yoluxma hallarının yarısı bu qitədədir. Avropada da yoluxmanın artdığını görmək olar. Xüsusilə Qərbi Avropada - Fransa, İspaniya, Böyük Britaniyada və Aralıq dənizinin şərqində vəziyyət belədir. Mahiyyət etibarilə yoluxma hələ də geniş yayılmaqda davam edir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris deyib.

O, bildirib ki, virusa yoluxma halları yanvardan başlayaraq artmaqda davam edir. Yoluxmanın pik həddə çatdığını deyə biləcək mərhələdə deyilik. Çünki yoluxma hər gün daha da artır. Bəzi ölkələrdə isə yoluxmanın qarşısı alınıb. Nümunə üçün Asiyanın şərqini deyə bilərəm. Həmin ölkələrdə yoluxma hallarının qarşısını almaqda uğur əldə olunub.

Marqaret Harris qeyd edib ki, qış fəsli Avropada soyuq keçdiyindən insanlar bir yerdə daha çox toplaşırlar. Belə olan halda yoluxmanın qarşısını almaq çətin olacaq. Bunun üçün qapalı yerlərdən, yaxın ünsiyyətdən və toplaşmadan qaçmaq lazımdır. Əgər bir yerdə toplaşmaqdan qaça bilmirsinizsə, maskadan istifadə edin, əllərinizi yuyun.

COVID 19-dan sağalma prosesinin insandan-insana fərqləndiyini bildirən M.Harris deyib: "Tədricən daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar pilləkənləri qalxarkən təngnəfəs olmalarından, o cümlədən başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxa bilməməkdən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə də müəyyən xəsarət qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətindir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərindən gələni etmələrini tövsiyə edirik".

"Hazırlanma mərhələsində olan 170-dən çox vaksin mövcuddur. 30-dan çox vaksin daha təkmil, 5-6 vaksin isə üçüncü, yəni yekun mərhələdədir. Bütün vaksinlər bəzən müəyyən qrup insanlar üçün uyğun olur. Bunu müəyyən etmək üçün genişmiqyaslı sınaqlar aparmalıyıq. Bu, müəyyən zaman alır. Peyvəndin hansı dərəcədə effektiv olduğunu və hansı qrup insanlara təsir etdiyini anlamaq üçün dərin elmi araşdırma aparmaq lazımdır. Vaksinasiyanın 2021-ci ilin ortalarından daha erkən olacağını gözləmirik. İlin sonunadək üçüncü mərhələdə olan peyvəndlərin sınağının yekunlaşmayacağı təqdirdə hər hansı bir nəticə əldə oluna bilinməyəcək. Sınaqlar bitdikdən sonra hansı vaksinin daha uyğun olduğunu müəyyən edəcəyik", - deyə ÜST-nin mətbuat katibi qeyd edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib