Kardiak MRT-nin üstünlükləri hansılardır? - Həkim AÇIQLADI
20.06.2022 10:15
2Ürək çatışmazlığı olan bir xəstədə exokardioqrafiya aparıldıqda, sadəcə ürək çatışmazlığının olmasını və dərəcəsini aşkar edir. Ancaq kardiak MRT çəkildikdə ürək çatışmazlığının səbəbi haqqında çox vacib məlumatlar əldə edilir".
 
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Radioloji müayinələr” rubrikasında “Kardiak MRT-nin üstünlükləri hansılardır” sualını cavablandırarkən belə deyib.
 
Həkimin sözlərinə görə, digər ürək görüntüləmə üsulları olan exokardioqrafiya və ürək tomoqrafiyasından fərqli olaraq, bu üsulu xüsusi edən ən əhəmiyyətli xüsusiyyəti toxuma səviyyəsində ətraflı məlumat verməsidir. Ürək əzələsinin toxumasını bu şəkildə qiymətləndirə biləcək başqa bir diaqnostik üsul yoxdur. Məsələn, ürək çatışmazlığı olan bir xəstədə exokardioqrafiya aparıldıqda, sadəcə ürək çatışmazlığının olmasını və dərəcəsini aşkar edir. Ancaq kardiak MRT çəkildikdə ürək çatışmazlığının səbəbi haqqında çox vacib məlumatlar əldə edilir. Ürək çatışmazlığına; koronar arteriya xəstəliyininmi, anadangəlmə genetik bir ürək çatışmazlığınınmı və ya ürəkdəki infeksiyaya bağlı iltihabi prosesin səbəb olduğu sualına ən yaxşı cavab verə bilən ürəyin görüntüləmə üsuludur. Bu yolla xəstələrin diaqnoz və müalicə prosesi sürətləndirilir və xəstəliyin gedişinə böyük töhfə verilir.
 
Bütün bunları təmin edərkən, bu texnikanın çox əhəmiyyətli bir xüsusiyyəti xəstələrin radiasiyaya məruz qalmamasıdır. Xəstələrin diaqnozu və müalicəsi ilə yanaşı, müalicə prosesi başladıqdan sonra xəstələrin təqibi də vacibdir. Məsələn, bir xəstə bypass əməliyyatından əvvəl kardiak MRT ilə qiymətləndirildikdə, əməliyyatdan sonra sağala biləcək toxuma miqdarı proqnozlaşdırıla bilər. Kardiak MRT, həmçinin təqibdə dəqiq ölçümlər etməklə və toxumanın əsaslı qiymətləndirmə aparılması üçün təqibdə istifadə edilə bilər.
 
Kimyaterapiya alan xəstələrdə bəzi dərmanlar ürək toxumasına toksik təsir göstərə bilər. Xüsusilə exokardioqrafik görüntü keyfiyyəti yaxşı olmayan xəstə qruplarında MRT ilə ürək funksiyaları ətraflı şəkildə izlənilə bilər. Bundan əlavə, radiasiya olmadığı üçün xərçəng xəstələri üçün də böyük əhəmiyyət kəsb edir.
 
Ürək əzələsi iltihabının (miokardit) müalicəsindən sonra və ya infarktdan sonra qalıcı zədə olub-olmaması da ürək MRT ilə araşdırıla bilər. Bəzi revmatoloji xəstəliklərə bağlı ürək əzələsi də zədələnə bilər. Ürəkdə tutulma varsa, ürək çatışmazlığının bu xəstəliklərə bağlı olduğu düşünülürsə, müalicə tamamilə dəyişdirilə bilər. Bu səbəbdən, revmatoloji xəstəliklərdə ürəkdə tutulmanın olub-olmaması baxımından kardiak MRT olduqca yol göstəricidir.
 
Kardiak MRT-nin görüntü keyfiyyəti exokardioqrafiyadan qat-qat üstündür. Ürəyin həcmi, yığılma gücü və onun bütün anatomiyası haqqında ətraflı təhlil aparıla bilər. Xüsusilə, sağ mədəciyin fərqli, çətin, qıf şəkilli anatomiyası var və exokardioqrafiya ilə sağ mədəciyin detallı qiymətləndirilməsi çətin olsa da, kardiak MRT ilə həm həcmi, həm də funksiyası asanlıqla qiymətləndirilə bilər. Kardiak MRT- aritmogen sağ mədəciyin displaziyası (ARVD) adlanan və həyat üçün təhlükə yaradan ritm pozğunluqlarına səbəb ola bilən ürək xəstəliklərinə dair təlimatlardakı diaqnostik kriteriyalarından biridir.
 
Hipertrofik kardiomiopatiya kimi ürək əzələsinin qalınlaşması ilə gedən və genetik mənşəli bəzi xəstəliklərdə, ürək əzələsindəki birləşdirici toxuma dəyişikliyi mümkün ritm pozğunluqları haqqında qabaqcıl məlumat verdiyi üçün bu xəstələrə mütləq kardiak MRT edilməlidir. Bundan əlavə, bu xəstəlik “autosomal dominant” dediyimiz genetik keçid xüsusiyyətinə malik olduğundan, ailə üzvləri exokardioqrafiya ilə qiymətləndirildikdə, arada qalan hallar varsa və ya erkən mərhələdə xəstəlik şübhəsi varsa, ətraflı qiymətləndirmə üçün ailə üzvlərinə kardiak MRT ilə nəzarət edilməsi düşünülə bilər.
 
Ürəkdaxili kütlənin qiymətləndirilməsində, kütlənin növü və yayılması haqqında ətraflı məlumat verir. Anadangəlmə ürək xəstəliklərində həm anatomiya, həcm və hemodinamika baxımından qabaqcıl məlumatlar verdiyi üçün olduqca tez-tez istifadə olunur. Xəstələrin cərrahiyyə növü ilə bağlı qərarında və rutin təqiblərində, yenə radiasiyadan azad olması, hemodinamik qiymətləndirməyə imkan verməsi və detallı görüntülərin alınması baxımından üstünlük verilən diaqnostik üsuldur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev