Azərbaycanlı həkimlərin Türkiyədə təlim kursu başa çatıb
10.06.2022 20:46

İcbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən 11 günlük təlim kursu başa çatıb.

 

Aztibb.az xəbər verir ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.

 

2022-ci ilin 30 may - 10 iyun tarixlərində keçirilən təlimə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti və 15 dövlət tibb müəssisəsinin direktor və müavinləri qatılıblar.

 

Təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb elmləri fakültəsinin dekanı Emine Özmete, TİKA-nın sədr müavini Rahman Nurdun və Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak ediblər. Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov isə tədbirə onlayn qaydada qoşulublar.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Necdet Ünüvar xəstəxanaların səhiyyə sisteminin vacib iştirakçısı olaraq əhalinin sağlamlığının qorunmasında əhəmiyyətindən danışıb. Rektor struktur xüsusiyyətlərinə görə tibb müəssisələrinin idarə edilməsinin çətin və mürəkkəb olduğunu bildirib: “Səhiyyə ilə bağlı məlumatlılığın və ictimai gözləntilərin yüksəlməsi səhiyyə xidmətlərinə tələbatı artıraraq, qabaqcıl texnologiyaların tibdə tətbiqinə və xərclərin idarə edilməsinə zərurət yaradıb. Son illər Azərbaycanın icbari tibbi sığorta sistemində mühüm islahatlar aparılıb. Xəstəxanaların idarəçiliyinin gücləndirilməsi məqsədilə universitetimiz tərəfindən hazırlanan 70 saatlıq təlim proqramına səhiyyə siyasəti və islahatları, səhiyyədə iqtisadi qiymətləndirmə, xəstəxanalarda keyfiyyət və akkreditasiya, tibbi sığorta və xəstəxana əlaqələri, xəstəxanalarda xərclərin təhlili, insan resurslarının idarə edilməsi kimi 16 fərqli mövzu, həmçinin Bilkent Şəhər və İbni Sina xəstəxanalarının fəaliyyətləri ilə tanışlıq daxildir. Ümid edirəm ki, proqram iki qurum arasında birgə tədqiqat və təhsil fəaliyyəti üçün zəmin yaradacaq”.

 

Rahman Nurdun isə Türkiyənin bir çox sahələrdə qazandığı uğurlu təcrübələri müxtəlif layihə və proqramlar çərçivəsində dost ölkələrlə paylaşdığını bildirib: “60 ölkədə 62 nümayəndəsi olan və 150-dən çox ölkədə fəaliyyət göstərən bir qurum olaraq bir çox sahələrdə texniki infrastrukturun və institusional bacarıqların artırılmasına və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermək üçün fəaliyyətimizi davam etdiririk”.

 

Zaur Əliyev icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində idarəetmənin təkmilləşdirilməsi baxımından təlimin vacibliyini vurğulayıb: “Təlim proqramının keçirilməsində bizə dəstək olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə və Ankara Universitetinə dərin təşəkkürümü bildirirəm. Təlim iştirakçıları tibb müəssisələrinin effektiv idarə olunmasına dair nəzəri və praktik biliklərə yiyələnmiş olacaqlar. Əminəm ki, xəstəxana rəhbərləri təlimdən əldə etdikləri bilikləri öz fəaliyyətlərində uğurla tətbiq edəcək və daha səmərəli idarəetmə üsullarından istifadə etməklə rəhbərlik etdikləri tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəklər”.

 

Daha sonra çıxış edən Vüqar Qurbanov ölkəmizdə tibbin inkişafı istiqamətində ixtisaslı kadrların təcrübə mübadiləsinə cəlb olunmasının əsas hədəflərdən biri olduğunu bildirib: “Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və ölkə səhiyyəsində tətbiq olunması olduqca vacib məsələlərdəndir. Əminəm ki, təlimlərin nəticələrindən çox qısa zamanda faydalanacağıq. Bütün bunlar vətəndaşların keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün görülən işlərin tərkib hissəsidir”.

 

Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri, Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun Ümumi Tibbi Sığorta Baş İdarəsi, Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu, həmçinin səhiyyə sahəsində İKT sistemi üzrə ixtisaslaşmış MEDDATA şirkətinin rəhbər və əməkdaşları tərəfindən tədris edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib