Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsi üçün VACİB QAYDALAR
10.06.2022 09:34

Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsi üçün bir çox qaydalara riayət olunmalıdır. Əksər mikroorqanizmlər xəstəlik törətməsə də, təhlükəli mikroorqanizmlər torpaqda, suda və bütün canlılarda geniş yayılıb. Həmin mikroorqanizmlər əl, dəsmal, qab-qacaq, xüsusən kəsici taxtalarda daşınır, ən kiçik təmasda belə onlar qidaya keçə və yoluxucu xəstəliklərə səbəb ola bilərlər. Ona görə də ilk növbədə qida ilə işləməzdən əvvəl və yemək hazırlayarkən əlləri tez-tez yumaq lazımdır. Yemək hazırlamaq üçün istifadə olunan bütün səthlər və avadanlıqlar yuyulmalı, dezinfeksiya edilməlidir. Mətbəx sahələri və yeməklər həşəratlardan, zərərvericilərdən və digər heyvanlardan qorunmalıdır.

 

Bu barədə Aztibb.az-a Qida Təhlükəsizliyi İnstitutundan məlumat verilib. 

 

Məlumatda qeyd olunub ki, çiy qida ilə hazır qidanın ayrı saxlanılması da zəruri şərtdir. Çiy qidalar, xüsusən ət, quş əti, dəniz məhsulları və onların şirələrində qidanın hazırlanması və ya saxlanması zamanı başqa qidalara keçə bilən təhlükəli mikroorqanizmlər ola bilər. Çiy qidaları bişmiş qidalardan ayrı saxlamaq mikroorqanizmlərin yayılmasının, çapraz çirklənmənin qarşısını alır. Çiy qida ilə bişmiş qida arasında təmasın qarşısını almaq üçün qidalar qapaqlı qablarda saxlanmalıdır. Çiy qida üçün istifadə olunan qablar yuyulmalı, hazır yeməklər üçün təmiz qablardan istifadə edilməlidir.

 

Çiy, az bişmiş və ya təmiz yuyulmamış qida məhsulları “Salmonella”, “Clostridium perfringens”, “Campylobacter”, “Staphylococcus aureus”, “E. Coli” və “Listeria monocytogenes” kimi çoxlu sayda bakteriya ehtiva edə bilir. Bu halda onların istehlakı sağlamlığa zərər verə bilər.

 

Mikrodalğalı sobalarda qidaların isidilməsi də xüsusi diqqət tələb edən prosesdir. Belə ki, mikrodalğalı sobalarda istilik qeyri-bərabər ola bilir və təhlükəli bakteriyaların yaşaya biləcəyi bişməmiş hissələr qala bilir. Eləcə də bəzi plastik qablar qızdırıldıqda zəhərli kimyəvi maddələr buraxır və mikrodalğalı sobalarda istifadə edilməməlidir.

 

Digər zəruri şərt qida məhsullarının təhlükəsiz temperaturda saxlanılmasıdır. Soyuq mühit bakteriyaların böyüməsini ləngidir. Bununla belə, soyuducu və ya dondurucuda saxlanıldıqda da bakteriyalar çox vaxt inkişaf edə bilər. Artıq qalan yeməklər düzgün şəkildə soyudulmalı və saxlanılmalıdır. Qalan yeməklər soyuducuda 3 gündən çox saxlanılmamalı və bir dəfədən artıq qızdırılmamalıdır. Bişmiş yeməkləri otaq temperaturunda 2 saatdan çox saxlamaq məsləhət deyil.

 

Mətbəxdə qida təhlükəsizliyinin təmin edilməsində təmiz su və təmiz ərzaqdan istifadə edilməsi başlıca şərtlərdəndir. Eyni zamanda təhlükəsizlik üçün pasterizə edilmiş süd kimi emal edilmiş qidalar seçilməli, meyvə və tərəvəzlər, xüsusən çiy yeyilirsə, yaxşıca yuyulmalıdır. Qidalar yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev