Ziyillərdən xilas olmaq üçün gözəllik salonlarına üz tutmaq doğrudurmu? - Həkimdən İZAH
19.05.2022 17:02

“Qurbağaya toxunma - əlinə ziyil çıxar” – bu, uşaqlıqdan çoxumuzun eşitdiyi ifadədir. Qurbağaların bununla heç bir əlaqəsi olmasa da, ziyillər tez-tez rast gəldiyimiz haldır.

 

“Xüsusilə yaz aylarında hər kəs gözəl görünmək istəyir və gözəllik salonlarına gedənlərin sayı artır. Lakin banal ziyillərlə bağlı həkimə müraciət etməyə tələsmirlər. Bir çox hallarda qeyri-mütəxəssislərə üz tuturlar. Əslində, ziyillərin olması sağlamlıq haqqında düşünmək üçün ciddi bir səbəbdir. Virusa, bir qayda olaraq, immun sistemi zəif olanlar, eləcə də tez-tez stres keçirən və yaxud həddindən artıq yorulan insanlar yoluxur”. Aztibb.az xəbər verir ki, bu fikirləri ATU-nun  Dermatovenerologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İradə Məmmədxanova deyib.

 

Onun sözlərinə görə, ziyillərin əmələ gəlməsinə yalnız qazanılmış virus deyil, həm də ikinci dərəcəli amillər səbəb olur:

 

“Bunlara immunitetin zəifləməsi, stres, allergik reaksiyalar və s. daxildir. Ziyillər əsasən uşaqlarda və yeniyetmə gənclərdə müşahidə olunur. Onlar tək və ya çoxsaylı, oval və ya dairəvi, ətrafdakı toxumadan daha açıq və ya daha tünd rəngdə ola bilir. Böyüklər daha çox digər xoşxassəli şişlərdən - papillomadan – xırda, ət rəngli kürəciklərdən, yaşlı insanlar isə qocalıq ziyillərindən əziyyət çəkirlər. Kiçik yaşlı uşaqlar və yeniyetmələr bu xəstəliyə məişət və şəxsi gigiyena əşyaları, geyim və alt paltarları vasitəsilə yoluxurlar. İnfeksiyaya yoluxma ictimai yerlərdə, nəqliyyatda, oyun meydançalarında baş verir. Virus dəriyə düşərək mikroçatlar, yaralar vasitəsilə orqanizmə nüfuz edir. Xəstəlik uzun müddət özünü göstərməyə bilər”.

 

Sözünə davam edən həkim ziyilin üç növü - sadə, yastı və itiuclu - olduğunu və hər birinin də xüsusi müalicə tələb etdiyini deyib: “Sadə və ya gənclik ziyilləri üzdə, əllərin üstündə əmələ gəlir və demək olar ki, zərərsiz görünür. Dəri səthindən bir qədər qabarmış sarımtıl-ağ papulalardır, azacıq qabıqlanma verir. Bunlar müalicə edilmədikdə, “ana” ziyilin ətrafında çoxlu ağ ləkələr əmələ gəlir və tədricən qəhvəyi lövhəciklərə çevrilə bilir. Yeniyetmə qızlar tez-tez xoşagəlməz ləkələri özləri aradan qaldırmağa çalışırlar və nəticədə ziyil bütün üzə yayıla bilir.

 

Yastı ziyillər fərqlidir - tez keratinləşən, bozumtul-sarı rəngli bərk düyünlərdir. Onlar əllərin və ayaqların ən həssas sahələrinı - əllərin üstünü, barmaqların arasını, dırnaqların ətrafını və altını zədələyir.

 

Nəhayət, ayaqaltı ziyillər - fiziki narahatlığa səbəb olan, hətta kiçik uşaqlarda da rast gəlinə bilən ən xoşagəlməz növdür. Belə yenitörəmələr ayaqlarda, sürtünmənin artdığı yerlərdə lokalizasiya edir. Onlar adətən çox gec aşkar edilir”.

 

Həkim ziyillərlə mübarizə üçün müxtəlif üsullardan istifadə edildiyini nəzərə çatdırıb:

 

“Dərman preparatları ilə aparılan müalicə yaxşı effekt verir - keratinləşmiş səth yumşalır və ziyillər məhv olur. Turşu tərkibli “Ferezol”, salisil turşusu kimi preparatlar tətbiq edilir. Ayaqaltı ziyillər zamanı xüsusi plastr – “Solkoderm” məsləhət görülür. Çox vaxt iki üsul - krioterapiya və elektrokoaqulyasiyadan istifadə edilir. Krioterapiya zamanı ziyillər maye azotla müalicə olunur (temperatur -187°C-yə çatır). Belə “əksinə yanma” nəticəsində qabar əmələ gəlir, tez qabıqlanır, ziyil yox olur. Elektrokoaqulyasiya daha çox gənclik ziyillərinin müalicəsində faydalıdır. Ziyillərə yüksək tezlikli elektrik cərəyanı ilə təsir edilir”.

 

Mütəxəssis tibb mərkəzlərində fotokimyaterapiya və lazer üsulu ilə ziyillərdən qurtulmağın yollarını da xatırladıb:

 

“Ziyillərdən xilas olmaq üçün xalq təbabətindən də istifadə edirlər. Lakin xalq təbabətinin köməyi ilə ziyillərdən tamamilə xilas olmaq həmişə mümkün olmur. Bu vəziyyətdə ən doğru qərar vaxtında həkimə müraciət etməkdir. Ziyillərin aradan qaldırılması üçün hansı üsuldan istifadə olunacağını yalnız həkim-dermatoloq müəyyən edə bilər. Məsləhət zamanı həkim-dermatoloq xəstəyə hər bir üsulun göstərişləri və əks göstərişləri barədə məlumat verir”.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qusarda qanvermə aksiyası:
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 AQTA-da konfrans: “Təhlükəsiz qidanın memarlığı”
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub