Müharibənin ilk hərbçi şəhid xanımı, hərbi tibb qulluqçusu Arəstə Baxışova
04.05.2022 15:43

Bu gün Vətən müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışovanın doğum günüdür.

 

Aztibb.az xəbər verir ki, Arəstə Baxışova mayın 4-də Xaçmazda anadan olmuşdu. O, 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil almış, 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini "ingilis dili" ixtisası üzrə bitirmişdi.

 

Pedaqoji kolleci bitirməsinə baxmayaraq, hərbiyə olan marağı və həvəsi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə sövq etmişdi. Arəstə Baxışova tibbi kurs keçərək Beyləqandakı hərbi hissədə tibb bacısı kimi fəaliyyətə başlamışdı.

 

İki uşaq anası olan Arəstə Baxışova Vətən müharibəsinin başlandığı ilk günlərdən könüllü olaraq cəbhəyə yola düşmüşdür. O, ailəsinə döyüşlərin ən qızğın yerlərində olduğunu bildirməmişdir. 

 

“Dedi ki, Vətən uğrunda şəhid olacağamsa, bu mənim alın yazım, mənim qürurumdur, mənim başımın ucalığıdır. Ana, əgər mənə bir şey olsa, uşaqlarım sənə əmanətdir”.

 

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə yaralı əsgərimizə döyüş meydanındaca tibbi yardım göstərmiş, onların həyatını xilas etmişdi.

 

O, 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət etmişdi. Ölümündən 1 ay əvvəl mətbuatdakı çıxışında demişdi: “Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur və hərbçi olmaq niyyətindədir. Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər”.

 

Arəstə Baxışova oktyabrın 23-də Qubadlıda gedən döyüşlər zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaranda aldığı güllə yarasından qəhrəmancasına şəhid olmuşdur. Neçə-neçə yaralımıza məlhəm olan, onların həyata qayıtmasına yardım edən Arəstəyə tale məlhəm olmadı, Vətən, torpaq yolunda canını fəda edib ölümsüzlüyə qovuşdu!

 

Ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı, 2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunmuş “Florence Nightingale” medalı ilə təltif edilmişdir.

 

Əsl hərbçi, əsl şəfqət bacısı, tibb qulluqçusu, qəhrəman şəhidimizin büstü isə gənc heykəltəraş Müstəqil Babayev tərəfindən hazırlanıb.

 

Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədiyaşar ölməz qəhrəmanlarıdır...

 

Allah şəhidlərimizə rəhmət eləsin!

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib