“COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda seminar keçirilib
22.04.2022 11:16

22 aprel 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə həkimlər üçün seminar keçirilib.

 

“COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda keçirilən seminarda pediatr, neonatoloq və infeksionist ixtisası üzrə çalışan 50-dən çox həkim iştirak edib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov Azərbaycanda COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən tədbirlər və pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması istiqamətində görülən işlərdən danışıb. O, koronavirusla mübarizədə həkimlərin və tibb işçilərinin yüksək fədakarlıq göstərərək çalışdıqlarını bildirib. A.İsmayılov əlavə edib ki, tibb işçilərini bir araya gətirən belə tədbirlər həm də tibb sahəsində müxtəlif yeniliklər haqqında fikir mübadiləsinin aparılmasına və həkimlərin öz təcrübələrini bir-biri ilə bölüşməsinə imkan yaradır.

 

Sonra KOICA Azərbaycan nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, pandemiya dövründə infeksiyanın qarşısının alınması prosesi sahəsində ixtisaslaşmış ölkələrin öz təcrübələrini digər ölkələrlə bölüşməsi koronavirusla mübarizədə olduqca əhəmiyyət kəsb edir. O, pandemiya dövründə KOICA tərəfindən koronavirusla mübarizəyə dair həkimlər və orta-tibb işçiləri üçün mütəmadi olaraq onlayn seminarların təşkil olunduğunu diqqətə çatdırıb.

 

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov və Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış ediblər.

 

Seminarda 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi, Klinik Tibbi Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və digər tibb müəssisələrinin həkimləri iştirak ediblər.

 

Tədbirdə “COVID-19 infeksiyasının dölə teratogen təsiri”, “COVID-19-un hamilələrdə kliniki gedişatı”, “COVID-19 keçirən hamilələrdə feto-plasentar dəyişkənliklər”, “Hamiləlikdə COVID-19 infeksiyası ilə əlaqəli suallar və cavablar”, “Yenidoğulmuşlarda MİS-N sindromu”, “Pandemiyada hamilələrə yanaşmamız”, “Hamiləlikdə COVID-19 ilə bağlı trombotik ağırlaşmalar”, “COVID-19 infeksiyasının hamiləlik ve dölə təsiri”, “COVID-19 keçirmiş analardan doğulan yenidoğulmuşların qidalanması” mövzularında təqdimatlar dinlənilib.  

 

Qeyd edək ki,  seminar cari ilin 4 aprel tarixində Agentlik və KOICA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində keçirilib.  Anlaşma Memorandumu Azərbaycanda COVID-19 pandemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi istiqamətlərini əhatə edir. İstiqamətlərdən biri də COVID-19 pandemiyası dövründə hamilələr və yenidoğulmuşlar üzrə maarifləndirmə kampaniyasının təşkilidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb