“Heç bir qadın uşaqlıqdankənar hamiləlikdən sığortalanmayıb” - Həkim-ginekoloq
31.03.2022 11:33

“İnterstisial boru hamiləliyi uşaqlıqdan kənar (ektopik) hamiləliyin çox nadir rast gəlinən formalarından biridir. Bütün ektopik hamiləliklərin 4-6 faizini təşkil edir. Çoxillik laparoskopik cərrahiyyə təcrübəmdə 10-a yaxın belə patologiyaya rast gəlmişəm”. Aztibb.az xəbər verir ki, bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-ginekoloqu, cərrah-endoskopist Fərhad Sultanov söyləyib.

 

Həkim bildirib ki, interstisial boru hamiləliyində döl yumurtası uşaqlıq borusu və uşaqlıq boşluğu arasında yerləşir. Bu patologiyada döl yumurtası yatağı boru hamiləliyin digər formalarından fərqli olaraq uşaqlığın divarları ilə əhatə olunur ki, bu da onu daha çox möhkəmləndirir və qidalanmasını artırır: “Bu səbəbdən interstisial hamiləliyin pozulması kəskin qan azlığı, posthemorragik və peritoneal şokla nəticələnə bilir. Bu patologiyanın əməliyyatdan öncə diaqnostikası çox vaxt mümkün olmur. Ona görə də bu boru hamiləliyi ektopik hamiləliyin digər formalarından daha təhlükəlidir. Burada təcili cərrahi müdaxilə tələb edilir. Əməliyyatın məqsədi uşaqlıq borusu ilə birlikdə döl yumurtasının yatağının pazvarı götürülməsi və uşaqlıq divarının ikiqat tikişlə bərpa olunmasıdır”.

 

F.Sultanov bu problemin müxtəlif səbəblərdən (hormonal, boru peritoneal, infeksiya, anatomik və s.) ortaya çıxdığını deyib və qeyd edib ki, heç bir qadın uşaqlıqdankənar hamiləlikdən sığortalanmayıb: “Bəzən interstisial hamiləliyin laparoskopik üsulla aradan qaldırılması əks göstəriş kimi təqdim edilir. Bu fikirlərə xaricdə də rast gəlmək mümkündür. Bu yaxınlarda iştirak etdiyim, Fransanın Klermon-Ferran şəhərinin Beynəlxalq Cərrahi Endoskopik Mərkəzində keçirilən treninqdə professor Jan Lue Pouly öz çıxışında laparoskopik üsulla bu əməliyyatın icrasının əks göstəriş olduğunu bildirdi. Professorun sözlərinin əksinə, mən bu əməliyyatı məhz laparoskopik yolla icra etdiyimi dedim. Bu da treninq iştirakçılarının marağına səbəb oldu. Əməliyyatın icrası haqqında iştirakçılara geniş məlumat verdim. Bildirdim ki, qanaxmanın həddən artıq çox olması səbəbindən əməliyyatın əsas məqsədi döl və döl yatağının götürülməsi və uşaqlıq divarının tez bir zamanda bərpa olunmasıdır. Endoskopik ginekologiya sahəsində dünya üzrə tanınmış cərrah professor Revaz Boçorişvili mənim irəli sürdüyüm fikri dəstəkləyərək, əməliyyatın cərrahın cəld laparoskopik tikiş qoyma texnikası və bacarığından asılı olduğunu bildirdi. Nəticədə bu əməliyyat “əks göstəriş” deyil, “nisbi əks göstəriş” olaraq qiymətləndirildi”.

 

Mütəxəssis bu problemlə rastlaşan qadınların gələcəkdə ana ola bilməsinin mümkünlüyü barədə də danışıb: “Bunun üçün ikinci uşaqlıq borusu var. Lakin ikinci boruda da problem olduqda, belə qadınlar süni mayalanma üsulu ilə ana ola bilərlər. Onu da bildirim ki, kiçik invaziv orqansaxlayıcı əməliyyatlardan olan laparoskopik əməliyyat uşaqlıqdankənar boru hamiləliyinin digər formalarında uşaqlıq borusunun saxlanılmasını mümkün edir. Əməliyyat zamanı ya boru sağılaraq (milking), ya da çərtilərək (tubotomiya) döl yumurtası xaric edilir. Bu da laparoskopik üsulun üstünlüklərindən biridir”.

 

Məlumat üçün qeyd edək ki, Fərhad Sultanov Azərbaycanda ginekologiyada endocərrahi əməliyyatları həyata keçirməyə başlayan ilk həkimlərdən biridir. Bu sahədə böyük təcrübəyə malik bir mütəxəssis kimi o, bütün əməliyyatları uğurla icra edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub