Həkim: "Sarılığın müalicəsində əsas olan fototerapiya körpə üçün ziyansızdır"
28.03.2022 10:08

Yenidoğulmuşlarda bəzi laborator və kliniki əlamətlər olduqda, pataloji sarılıq ehtimalıyla bağlı gərəkli yanaşma planı tərtib edilərək, geniş müayinələr aparılmalıdır.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi Neonatologiya komissiyanın üzvü, ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı yenidoğulmuşlarda tez-tez rast gəlinən sarılıq simptomu barədə ən vacib məqamları oxucularla bölüşüb.

 

Onun sözlərinə görə, vaxtında doğulmuşların təqribən yarısında, vaxtından erkən doğulmuşların isə 70-80 faizində sarılıq görülə bilər. Bu əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri bilgiləndirməlidir.

 

Bəs bu qədər sıx rast gəldiyimiz simptomun daxilində qan dəyərləri nələrdir və necə izlənməlidir? Həkim deyir ki, bu da çox diqqətli şəkildə göz önündə tutulmalıdır:

 

“Sarılığın intensivliyinin və miqdarının qiymətləndirilməsi gözlə görünən dəri səthinin sarı rəng almasına deyil, qandan götürülmüş nümunədə bilirubin adlanan dəyərin miqdarına əsaslanmalıdır. Yenidoğulmuşların fizioloji xüsusiyyətləri onlarda sarılıqların fərqli şəkildə seyr edilməsinə səbəb ola bilər. Sağlam yenidoğulmuş yetkin insana nisbətən daha cox sayda eritrosit dediyimiz qırmızı qan hüceyrələrinə sahibdir ki, günbəgün həmin eritrositlərin sayının azalması və ya parçalanması baş verir. Bunun nəticəsində sarılığın göstəricisi olan sərbəstləşmiş bilirubin qanda artacaq. Məsələn, yetkin insanda eritrositin ömrü 120 gün, vaxtında doğulmuş yenidoğulanda 50-90 gün, vaxtından erkən doğulmuşda isə 40-60 gündür”.

 

Lakin yenidoğulmuşda bilirubinin bağırsaqda yenidən toksik bilirubinə cevrilməsi ücün zəmin yaradan xüsusi enzimlərin miqdarı yüksəkdir. Beləliklə, bilirubin bağırsaqdan xaric olmaq imkanı tapmadan, xüsusi maddələr tərəfindən yenidən toksik formaya keçərək qaraciyər və qanda dövr edir. Bu səbəbdən sarılığın həm qan təhlilləri, həm də dəridə artımını müşahidə edə bilərik. Bu, fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi alanlarda, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha uzun və dəyişkən ola bilər.

 

A.Rüstəmxanlı qeyd edir ki, ana və uşaq arasında olan qan qrupu, rezus uyğunsuzluğu yenidoğulmuşda qan parçalanmasına, yəni bilirubin artımına səbəb ola bildiyi kimi, bətndaxili infeksiyalar zəminində yaranmış qan parçalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola biləcək hər hansı mexaniki proseslər, inkişaf qüsurları, irsi və metobolik, endokrin xəstəliklər də yenidoğulmuşda sarılıq meydana çıxara bilər. Yenidoğulmuşlarda bəzi laborator və kliniki əlamətlər olduqda, pataloji sarılıq ehtimalıyla bağlı gərəkli yanaşma planı tərtib edilərək, geniş müayinələr aparılmalıdır.

 

Ailələrin diqqət etməsi gərəkən məsələ körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların - sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. olmaqla yanaşı, həkimin təyin etdiyi vaxtda müayinəyə aparılmasıdır.

 

Həkim bildirir ki, sarılığın müalicəsində əsas olan fototerapiyanın körpə üçün ziyansızlığı hər bir ailəyə izah edilməlidir. Eyni zamanda, gecikmiş müalicənin ağır fəsadlar törədə biləcəyi barədə ailələr maarifləndirilməlidir:

 

“Belə bir misal çəkmək istərdim. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı var, eyni zamanda nəcis rəngsizdir (axolikdir). Bu hal diqqətdən yayınarsa, geri dönüşü mümkün olmayan vəziyyət yarana bilər. Bu xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaq”.

 

A.Rüstəmxanlı ana südü sarılığı haqda da fikirlərini bildirib:

 

“Bu, ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı ortaya çıxan sarılıqdır. Hər 3 yenidoğulmuşun 1-də ana südü sarılığı görülə bilər. Adətən öz-özünə keçib gedir, lakin erkən fərqinə varmaq və həkim izləməsi çox önəmlidir. Sarılığın səbəbi isə yenə də bilirubindir. Uzanmış sarılıqlı körpələrin müalicəsiylə yanaşı, onların lazım gəldikdə davamlı monitorinqi də vacib məsələdir. Müalicə gecikməməklə yanaşı, lazımsız və erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər. Sarılıqların müalicəsində venadaxili maye köçürülməsi, qlükoza içirilməsi tamamilə əsassızdır. Əgər körpənin çəki itkisi normadan çoxdursa və qidalanması yetərli deyilsə, bu zaman venadaxili infuziya başlana bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub