ATU-da Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlar keçirilib
09.03.2022 09:41

Martın 5-6-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlar keçirilib.

 

Aztibb.az xəbər veri ki, Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin tələbələri idmanın futzal, badminton, stolüstü tennis və şahmat növləri üzrə yarışıblar.


Yarışlardan öncə şəhidlərimizin xatirəsi anılıb və ATU-nun şəhid olmuş məzunlarının şərəfinə hazırlanmış stendin önünə güllər düzülüb.


Açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov baş idarənin adından bu mötəbər yarışa ev sahibliyi edən ATU rəhbərliyinə təşəkkürünü bildirib. İdarə rəisi Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsinin təsadüfi olmadığını, 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyevin tanınmış idmançılarla görüşü zamanı ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlinin qoyulduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, hər il Bədən Tərbiyəsi və İdman Gününün qeyd edildiyini xatırladaraq, bu münasibətlə keçirilən yarışın bütün iştirakçılarına uğurlar arzulayıb.


Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATU-nun Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov və ATU-nun “Təbib” idman klubunun sədri, əməkdar məşqçı, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov tələbə-idmançılara uğurlar diləyiblər.


Nəsimi rayon Gənclər və İdman İdarəsinin və ATU-nun  “Təbib” idman klubunun təşkilatçılığı ilə baş tutan yarışlarda ATU, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Universitetinin yığma komandaları öz güclərini sınayıblar.


ATU hər idman növündə iki komanda ilə təmsil olunub. İki gün davam edən yarışların əsas hədəfi Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələri, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri arasında müxtəlif idman növlərinin populyarlaşmasına, təbliğinə və inkişafına, idmançı tələbələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermək olub. Tələbələri idman bölmələrində məşğələlərə cəlb etməklə bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, onların idman ustalıqlarını, fiziki hazırlıqlarını və çevikliyini artırmaq, Vətənin müdafiəsinə hazırlıqlı gənclər yetişdirmək də yarışların başlıca hədəflərindən olub.

 

Qeyd edək ki, bu kimi yarışlar zamanı həvəskar idmançı tələbələr arasında idman yarışlarının qalibini, həmçinin ayrı-ayrı idman növləri üzrə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak üçün tələbələrdən ibarət yığma komandaların tərkibini müəyyənləşdirmək imkanı yaranır.


İki günlük yarışlarda futzal üzrə ATU I, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti II, Azərbaycan Dövlət İqtisad Universiteti isə III yerə layiq görülüb. Badminton üzrə ATU I və II yerləri, Bakı Slavyan Universiteti III yeri tutub.


Stolüstü tennis yarışlarına ATU-nun 3-cü ehtiyat komandası da qatılıb və idmanın bu növü üzrə hər 3 yerin qalibi universitetin tələbələri olub. Şahmat üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası  I, Azərbaycan Tibb Universitetinin komandaları isə II və III yerə çıxıb.

 

Ən yaxşı əzmkar idmançı kuboku futzal üzrə Azərbaycan Dövlət İqtisad Universitetindən Fərid Sadıxova, badminton üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetindən Nailə Balayevaya, stolüstü tennis üzrə ATU-dan Ali Sotoudehə və şahmat üzrə Bakı Musiqi Akademiyasından Elvin Əliyevə verilib.

 

Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları ilə təltif olunublar.

 

Qeyd edək ki, yarışlara ATU-nun müxtəlif kurs tələbələrindən könüllülər də cəlb olunub, təşkilati işlərə dəstək və tibb personalı qrupu yaradılıb.

 

Sonda 18 nəfər könüllü tələbəyə təşəkkürnamələr təqdim edilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır