"Burun əməliyyatlarını ən son texnologiya ilə 45 dəqiqə ərzində icra edirik" - Vaqif Qələndər
10.02.2022 10:47

"Əsl həkim normal görünüşlü sifəti anormal hala salmamalıdır".

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər tərəfindən "Plastik və rekonstruktiv cərrahiyyədə estetik, bərpa əməliyyatlarından sonra kliniki nəticələrin psixososial nəticələri" mövzusunda seminar keçirilib.

 

Aztibb.az xəbər verir ki, seminarı giriş nitqi ilə klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov açaraq, sözü Rezidentura şöbəsinin müdiri, professor Məlahət Sultanovaya verib. Məlahət xanım rezidentlərin nəzərinə çatdırıb ki, ənənəvi seminarda növbəti məruzəçi fəaliyyət göstərdiyi sahə üzrə dünyada tanınmış bir mütəxəssisdir və onun çıxış üçün seçdiyi mövzu günümüzdə çox aktualdır.

 

Plastik cərrahiyyənin insanların həyatında oynadığı roldan bəhs edən professor bildirib ki, bəzən plastik cərrahiyyə deyəndə yalnız kosmetik tərəfi düşünürlər. Halbuki, ixtisasın adı plastik və rekonstruktiv cərrahiyyədir və bura dırnaqdan tutmuş, saça qədər 6500 əməliyyat növü daxildir.

 

İndiyədək apardığı əməliyyatlardan danışan, qazandığı nailiyyətləri və əldə olunan təcrübəni rezidentlərlə bölüşən V.Qələndər qeyd edib ki, sırf estetik cərrahiyyə plastik cərrahiyyənin 25 faizini təşkil edir. Bura qulağın, burunun, sifətin, bədənin müxtəlif hissələrinin korreksiyası daxildir. Bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki, kompleks yaradır. Bu da onun gündəlik həyatına mənfi təsir göstərir. Belə insanlar əməliyyatdan sonra özlərini rahat hiss edirlər.

 

Həkim dünyada ən ağır replantasiya əməliyyatını Azərbaycandan ilk dəfə məhz özünün etdiyini söyləyib: “1990-cı ildə Türkiyədə çalışdığım vaxt qolunu dəzgah qoparmış 28 yaşlı bir xəstəni mənim çalışdığım xəstəxanaya gətirdilər. Onu məşhur xəstəxanaların heç biri qəbul etməmişdi. Çox keçmədən xəstə əməliyyata alındı və bu proses 12 saat çəkdi. Qopmuş qolu yerinə tikdik. O zaman bu hadisə mətbuatda böyük əks-səda doğurmuşdu”. Həkimin sözlərinə görə, onun ikinci belə əməliyyatı Quba rayonunda qəza nəticəsində yaralanmış şəxsin qolunun yerinə bərpası olub.

 

Estetik əməliyyatlar içərisində birinci yerdə dayanan burun əməliyyatının rinoplastika olduğunu söyləyən professor bu məqsədlə ən çox xanımların müraciət etdiyini deyib. Belə əməliyyatlar üçün ən ideal yaş 17-18-dən 50-60-a qədərdir: “Ancaq 87 yaşda kişini də əməliyyat etmişəm. Onun burun çəpəri çox əyri idi və əməliyyat olunmasa, nəfəsalması çətinləşər, ürəkdə ciddi problemlər yarana bilərdi”.

 

V.Qələndər bildirib ki, bəzən burunda travma idman və yaxud doğuşla bağlı, eləcə də anadangəlmə ola bilər. Bu zaman əgər həm nəfəsalmada, həm də görünüşdə problem varsa, hər ikisi eyni vaxtda aradan qaldırılır. Hazırda həkim özü burun əməliyyatını ən son texnologiya ilə aparır və proses 45 dəqiqə çəkir. Onun sözlərinə görə, gözəllik xatirinə vaxtından tez əməliyyat etməyə ehtiyac yoxdur.

 

Həkim indiyədək çoxlu sayda əməliyyatlar icra etdiyini, onların müxtəlifliyinə görə seçilsə də, çətinliyinə görə eyni olduğunu vurğulayıb. Bunların əsasən süd vəzilərinin böyüdülməsi, kiçildilməsi - mamoplastika, üz gəncləşdirmə, ayaqların düzəldilməsi, dodaqların həcmləndirilməsi, artıq piylərin götürülməsi və sairdən ibarət olduğunu deyib.

 

Üzünü rezidentlərə tutan professor qeyd edib ki, bu sahədə çalışan əsl həkim normal görünüşlü sifəti anormal hala salmamalıdır. Hətta xəstə istəsə belə. Çünki pasiyent sonra psixoloji depressiyaya düşə bilər.

 

Sonda Vaqif Qələndər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev