Bu şəxslər peyvənd olunmayacaq – COVID-19 əleyhinə vaksin hazırlamış azərbaycanlı alimlə MÜSAHİBƏ
08.09.2020 11:22

Artıq insanlar üzərində sınaqlar aparmaq üçün Türkiyə Səhiyyə Nazirliyinə müraciət olunub. Ümid edirik ki, Türkiyə belə bir mühüm peyvəndin sınağı üçün öz səylərini göstərəcək və tez bir zamanda razılıq veriləcək.


Koronavirusa qarşı bizim hazırladığımız vaksinlər bir sıra xüsusiyyətlərinə görə digər vaksinlərdən fərqlənir. Belə ki, yeni texnologiyalarla sintez olunmuş zülal əsaslı vaksinlərin hazırlanması üçün COVID-19-un protein genləri bitki hüceyrələrinə transfer olunur və nəticədə bu hüceyrələrdə bitki əsaslı antigenlər sintez olunur. Zülal əsaslı vaksinlər bitki yarpaqlarında sintez olunduğu üçün digər vaksinlərlə müqayisədə təhlükəsizdir.

 

Bu barədə Türkiyədə tütün bitkisi ailəsinə aid olan “Nicotiana Benthamiana” üzərində yeni nəsil peyvəndləmə işləri aparan azərbaycanlı alim, Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Aztibb.az-a müsahibəsində məlumat verib.

 

Tərlan müəllim, hazırda Türkiyədəki fəaliyyətinizi əsasən hansı istiqamətlərdə davam etdirirsiniz?

 

Akdeniz Universitetində rəhbərlik etdiyim laboratoriyada əsaslı texnologiya ilə rekombinant zülalların alınması və tətbiqi, vaksinlərin, terapevtik zülalların, xərçəngə və müxtəlif infeksion xəstəliklərə qarşı anticisimlərin, təbii qida əlavələrinin, insan enzimləri və sənaye enzimlərinin sintezi işləri uğurla davam etdirilir. Bu yaxınlarda rəhbərlik etdiyim laboratoriyada Qarayaraya (Sibir xorası) qarşı vaksin hazırlanıb. Hazırda bu vaksin preklinik mərhələdədir. Növbəti mərhələdə insanlar üzərində sınaqların aparılması nəzərdə tutulur. Bu tədqiqatlar TÜBİTAK-ın (Türkiyə Elm-Texnoloji Araşdırmalar Qurumu) layihəsi əsasında həyata keçirilib.

 

Bununla yanaşı, malyariya xəstəliyinə qarşı aktivliyi artıq təsdiq olunmuş antigen də hazırlanıb. Bu antigen malyariyaya qarşı potensial vaksin namizədi hesab oluna bilər. Hazırda quduzluq vaksini üzərində də tədqiqatlar aparılır. Həmçinin labaratoriyada sənaye enzimləri də rekombinant zülallar vasitəsilə sintez edilir və yeni texnologiyanın köməyi ilə qlükozasız toksinlər əldə edilir.

 

Bundan başqa, “Bioenerji” layihəsi çərçivəsində genetik və metabolik mühəndislik yolu ilə yaşıl yosundan enerji alınması istiqamətində tədqiqatlar aparılır.

 

Bu gün bir çox ölkələrdə koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı xəbərlərə rast gəlirik. Sizcə bu peyvəndlərin uğurlu olacağı nə dərəcədə realdır? Rusiyanın hazırladığı vaksin gözlənilən nəticəni verəcəkmi?

 

Hazırda dünyanın bir sıra ölkələrində bu vaksinin alınması istiqamətində genişmiqyaslı tədqiqatlar aparılır. Artıq bir neçə vaksin insanlar üzərində sınaqdan keçirilmə mərhələsindədir. Bəzi vaksinlərin artıq üçüncü mərhələni keçdiyi haqqında məlumatlar da verilir. Rusiyanın hazırladığı “Sputnik V” vaksini virusun zəiflədilmiş formasından hazırlanıb ki, bu kimi vaksinlərin də çox sayda çatışmayan cəhətləri mövcuddur. Bu vaksin sayəsində az miqdarda koronovirus insan bədəninə yeridilir. İmmun sistemi zəif olan insanlarda bu virusların yenidən aktivləşmə ehtimalı ola bilər. Vakisinin nə dərəcədə effektiv olduğunun vaxt keçdikcə şahidi olacağıq.  

 

Sizin hazırlamaqda olduğunuz peyvəndin əsas və fərqli xüsusiyyətləri nədir? Peyvəndin insanlar üzərində kliniki sınaqları nə vaxt baş tutacaq?

 

Bizim hazırladığımız vaksinlər bir sıra xüsusiyyətlərinə görə digər vaksinlərdən fərqlənir. Belə ki, yeni texnologiyalarla sintez olunmuş zülal əsaslı vaksinlərin hazırlanması üçün COVID-19-un protein genləri bitki hüceyrələrinə transfer olunur və nəticədə bu hüceyrələrdə bitki əsaslı antigenlər sintez olunur. Daha sonra bu antigenlər bitki yarpaqlarından çıxarılır və analizlər aparılır. Bu zaman zülalların düzgün qatlanması bu zülalların vaksin kimi aktiv olması üçün olduqca vacib məsələlərdəndir. Bu kimi vaksinlər bir sıra üstün cəhətlərə malikdir. Zülal əsaslı vaksinlər bitki yarpaqlarında sintez olunduğu üçün təhlükəsizdir.

 

Məlumdur ki, COVID-19 RNT tipli virus olduğu üçün çoxlu sayda mutasiyaları mövcuddur. Bu səbəbdən, hazırlanmış vaksinlər müəyyən vaxt keçdikcə bu mutasiyalara qarşı dayanıqsız olur. Lakin zülal əsaslı vaksinlər bu mutasiyalara qarşı olduqca dayanıqlıdır.

 

Bildiyiniz kimi, hazırladığımız zülal əsaslı vaksinlər artıq heyvanlar üzərində sınaqlardan uğurla keçib. Siçanlar üzərində aparılan tədqiqatlar zamanı bu vaksinlərin gəmiricilərdə yüksək miqdarda funksional aktiv anticisimlərin yaranmasına səbəb olduğu aşkarlanıb. Bununla yanaşı, rəhbərlik etdiyim laboratoriyada COVID-19-a yoluxub sağalmış insanlardan götürülən qan nümunələri analiz edilib. Sintez etdiyimiz antigenlərlə bu insanların qanındakı anticisimlərin qarşılıqlı təsirinin tədqiqi zamanı müəyyən olunub ki, antigenlər bu anticisimləri çox yüksək həssaslıqla tanıyırlar. Artıq insanlar üzərində sınaqlar aparmaq üçün Türkiyə Səhiyyə Nazirliyinə müraciət olunub. Ümid edirik ki, Türkiyə belə bir mühüm peyvəndin sınağı üçün öz səylərini göstərəcək və tez bir zamanda razılıq veriləcək.

 

Müəllifi olduğunuz peyvənd hansı yaş qrupları üçün nəzərdə tutulur?

 

Vaksin bütün yaş qrupları üçün nəzərdə tutulsa da, uşaqlar üçün daha aşağı dozalarda istifadə oluna bilər. Bu barədə daha dəqiq məlumatı klinik sınaqlardan sonra vermək olar.

 

Koronavirusun mutasiyaya uğraması vaksinin effektivliyinə təsir edə bilərmi?

 

COVID-19 RNT tipli virus olduğundan mutasiyalara uğraması mümkündür. Virusun zəiflədilməsi nəticəsində hazırlanmış vaksinlər isə bu mutasiyalara qarşı effektiv olmaya bilər. Qeyd etdiyim kimi, bizim hazırladığımız vaksin zülal əsaslı olduğundan bu kimi mutasiyalara qarşı davamlıdır. 

 

Bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd mövzusu birmənalı qarşılanmır. Xüsusilə gənc valideynlər övladlarını peyvənd etdirməkdə tərəddüd edirlər. Lakin koronavirus mövzusu bu məsələni bir daha aktuallaşdırdı. Sizcə, COVID-19 əleyhinə peyvənd məcburi xarakter daşımalıdırmı?

 

Ümumiyyətlə, vaksinasiya vacib məsələlərdəndir. Çünki vaksinlər milyonlarla insanın həyatını xilas edə bilər. Bu baxımdan peyvəndləmə məcburi xarakter daşımalıdır. Vaksinasiya olunmuş insanlar həmin xəstəliyə tutulmur və ya yoluxduqları zaman onu yüngül formada keçirirlər. Burada əsas məsələ təhlükəsiz vaksinin hazırlanması və onun  əlavə təsirlərə səbəb olmamasıdır.

 

Koronavirus yeni yayılmağa başladığı vaxtlarda belə bir fikir ortalığa çıxdı ki, Azərbaycanda  BSJ peyvəndi tətbiq edildiyinə görə ölkədə ağır xəstələr və ölüm halları daha az oldu. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

 

BSJ peyvəndi vərəmə qarşı effektiv təsirə malik profilaktik vaksindir. Düşünürəm ki, bu peyvəndin koronavirusa qarşı birbaşa təsirindən söhbət gedə bilməz. Bu peyvənd insanların immun sisteminə müsbət təsir göstərdiyindən koronavirusa yoluxmuş insanlar bu vaksin sayəsində xəstəliyi nisbətən yüngül keçirə bilərlər. 

 

Və son olaraq, koronavirusa yoluxub sağalmış şəxslərə peyvənd vurulmasına ehtiyac varmı?

 

Qeyd etdiyim kimi, Akdeniz Universitetində COVID-19-a yoluxub sağalmış insanlardan götürülən qan nümunələrinin analizini apardığımız zaman 10 pasiyentdən yalnız 3-də yüksək anticisim səviyyəsinə rast gəlindi. Yəni, bu xəstəlikdən sağalmış insanların plazmasında yüksək anticisim səviyyəsinə rast gəlinərsə, bu zaman peyvənd olunmağa ehtiyac yoxdur. Lakin anticisimlərin qanda səviyyəsi az olarsa, vaksinasiya tələb olunur. Lakin vaksin belə insanlara müsbət təsir göstərməyə də bilər.