"Xəstəlik dərinləşməmiş bu yoldan ayrılıb sağlam həyata qayıtmaq ən doğru yoldur"
31.01.2022 11:46

“Ağ ölüm” adlandırılan narkomaniya insan həyatını tədricən məhv edir. Mərkəzi sinir sisteminə təsir göstərən vasitələr tez bir zamanda psixi və fiziki asılılıq yaradır. Əvvəlcə yaddaş və təfəkkürü pozur, daha sonra orqanizmin zədələnməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına aparıb çıxarır. Daxili orqanlara təsir edərək qaraciyərin və böyrəyin öz funksiyasını itirməsinə, şəkərli diabet, hepatit, QİÇS kimi təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

 

Həkim-narkoloq Zamin Əliyevin sözlərinə görə, son dövrlər digər narkotik vasitələrlə birgə patı, şüşə, kristal deyilən psioaktiv maddələrin qəbulu artıb. Həmin maddələrin bir neçə dəfə qəbulundan sonra orqanizmdə psixi və fiziki asılılıq yaranır, hətta qısa müddət psixostimulyator qəbul edən xəstələrdə psixıatrik pozuntular yaranır. İki narkotiki birgə qəbul edən xəstələrdə şəxsiyyət pozuntuları yaranır.

 

Narkotiklərə alışmış orqanizmin ağrılardan azad olmaq arzusu o dərəcədə güclü olur ki, bu zaman narkotik əldə etmək xatirinə yalana, oğurluğa, hətta cinayətə də əl ata bilər. Əfsuslar olsun ki, bu gün narkotika aludəçilərinin əksəriyyətini gənc nəslin nümayəndələri təşkil edir: “Xəstəxanaya müraciət edən narkotika istifadəçilərində psixi və fiziki asılılıq özünü göstərir. Narkotik vasitələrin orqanizmdə təsir müddəti bitəndən sonra şiddətli ağrılar, yuxusuzluq, iştahasızlıq, üşütmə, tərləmə, həzm sistemində olan narahatlıqlar, qəbizlik, ishal halları meydana çıxır. Bir müddətdən sonra həmin ağrılar əzab-əziyyətə çevrilir. Zaman keçdikcə narkotik vsitənin əldə edilməsi maddi vəsaitin tükənməsinə səbəb olur və aludəçilik xəstənin həyatında dəhşətə çevrilir”.

 

“Ağ ölüm”ün vurduğu ziyan getdikcə dərinləşir, orqanizmdə baş verən dözülməz ağrılar, psixotrop maddə əldə etməyin çətinlikləri və bütün bunların əzabları xəstəni bezdirir. Bütün bu məhrumiyyətlərdən usanaraq cana doyan xəstələrin arasında müalicə olunaraq normal həyata qayıtmaq istəyənlər olur.

 

Həkim-narkoloq bildirib ki, müalicə könüllü və məcburi qaydada aparıla bilər: “Müalicə kursu başlanılandan sonra fiziki asılılıq əlamətləri iki-üç həftənin içində aradan qaldırılır. Xəstə artıq narkotik vasitə qəbul etmək məcburiyyətindən uzaqlaşır. Lakin bu, heç də müalicənin bitməyi və xəstənin sağalmağı demək deyil. Sonradan psixoloji asılılıq mərhələsi başlayır və həmin mərhələ uzun müddət nəzarət altında olmalıdır. Ən azı il yarım müddət keçəndən sonra xəstənin normal həyata qayıda biləcəyi haqqında müsbət fikirlər demək olar”.

 

Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması üçün məsuliyyət vətəndaş cəmiyyətinin, ictimai qurum və təşkilatların, kütləvi-informasiya vasitələrinin də üzərinə düşür. Aldanaraq bu zərərli yola düşənlərə izah edilməlidir ki, narkomaniya problemdən çıxış yolu deyil, əksinə, bu hərəkətləri ilə öz sağlamlıqlarına çox ciddi ziyan vurur, gələcək karyera, təhsil və şəxsi həyatlarını çox böyük zərbə altına qoyur, aşırı doza qəbul etmək nəticəsində ölüm təhlükəsi ilə üz-üzə qalırlar. Ona görə də iş-işdən keçməmiş, xəstəlik dərinləşməmiş bu yoldan ayrılıb sağlam və normal həyata qayıtmaq ən doğru yoldur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev